“Ölkəmizin nəqliyat-logistika imkanları cəlbedicidir” - POLİTOLOQ DANIŞDI
“Məlumdur ki, Azərbaycan MDB-nin üzvü olmasına baxmayaraq Avrasiya İqtisadi Birliyinə qoşulmur. Bunun da səbəbləri var. Birincisi ona görə ki, Avrasiya İttifaqı vahid iqtisadi məkandır və bu quruma üzvlük özündə gömrük rejimi, rüsumlar, vergilər və s. məsələlərdə vahid qaydalar və normaları ehtiva edir. Azərbaycan isə haqlı olaraq bu sahədə müstəsna səlahiyyətlərini və hüquqlarını hansısa bir quruma dövr etmək istəmir. İkinci bir tərəfdən ölkəmiz onsuz da Ermənistanı çıxmaq şərtilə Avrasiya İttifaqına daxil olan ölkələrlə müəyyən güzəştli iqtisadi münasibətləri, ticarət münasibətlərini formalaşdıra bilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Prezidentin toplantıdakı çıxışında səsləndirdiyi rəqəmlər də bunu bariz şəkildə sübut edir: “Məlumdur ki, təkcə keçən il ərzində Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi isə daha 38 faiz artıb. 2022-ci il üçün Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub.
Bununla yanaşı ölkəmizin nəqliyat-logistika imkanları da Avrasiya İqtisadi Birliyi ölkələri üçün kifayət qədər cəlbedicidir. Məlumdur ki, ölkəmiz həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Mövcud nəqliyyat-logistika infrastrukturumuz isə bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Bundan başqa Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına da malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı mövcuddur və bu liman yaxın vaxtlarda modernləşdirilərək yükdaşımaların həcmini 25 milyon tona çatdırmağa imkan verəcək. Azərbaycanın həyata keçridiyi, strateji əhəmiyyət daşıyan loqistik layihələr isə imkanlarımızı daha da artırır. Məlumdur ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Bununla yanaşı Azərbaycan həm də “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır.
Prezident İlham Əliyev Avrasiya İqtisadi Birliyinin son toplantısındakı çıxışında həm nəqliyyat-logistika imkanlarımız həm də iqtisadi gücümüzlə bağlı real faktları ortaya qoydu. Odur ki, Prezidentin Avrasiya Ali Şurasının son toplantısında iştirakı ölkəmizin iqtisadi imkanlarını və eləcə də nəqliyyat-logistika imkanlarını nümayiş etdirmək baxımından əhəmiyyətli oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə