Ərdoğanın qələbəsi: Türkiyə-Azərbaycan münasibətlərində yeni dövr reallığı

Ərdoğanın qələbəsi: Türkiyə-Azərbaycan münasibətlərində yeni dövr reallığı

Türkiyə öz yanında birmənalı olaraq Azərbaycanı görür və iki qardaş ölkə qarşısıalınmaz tərəqqi, inkişaf xətti ilə öz uğurlu siyasətlərini birgə yürüdəcəklər

Mayın 28-də dünya Türkiyədə daha bir demokratik seçkilərin şahidi oldu. Rəcəb Tayyıb Ərdoğan seçkilərdə əsas rəqibi Kamal Kılıçdaroğluya qalib gələrək növbəti dəfə Türkiyənin prezidenti seçildi. Dünyanın bir sıra ölkələri bu qələbənin demokratik seçki olduğunu təsdiq etdi. Lakin Rəcəb Tayyıb Ərdoğanın qələbəsi ilk olaraq Azərbaycanda böyük sevinclə qarşılandı və bunun da əlbəttə ki, mühüm bir səbəbləri var. Ən əsası isə budur ki, Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycanla dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük önəm verib. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın apardıqları düzgün, qətiyyətli və çevik siyasətləri nəticəsində Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri tarixdə olmadığı qədər möhkəmlənib və dünyada nümunəsi olmayan modelə çevrilib.

İlk təbrik Azərbaycandan!

O da əbəs deyil ki, Rəcəb Tayyib Ərdoğanı növbəti dəfə prezident seçilməsi münasibətilə ilk təbrik edən də məhz Prezident İlham Əliyev oldu. Maraqlıdır ki, bu amil Türkiyə mətbuatının da diqqətindən yayınmadı və bütün Türkiyə mətbuatı Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı ilk təbrik etməsini geniş işıqlandırdı. Rəcəb Tayyib Ərdoğan seçkilərdə qələbəsindən sonra xalq qarşısında çıxışı zamanı da bu məsələyə xüsusi önəm verdi və Prezident İlham Əliyevin ilk təbrik etməsini bütün Türkiyənin diqqətinə çatdırdı. Söz yox ki, bu proseslər Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun nə qədər sarsılmaz olduğunu göstərməklə yanaşı, bundan sonra daha da möhkəmlənəcəyini ehtiva edir.

Dünya siyasətində birgə addımlarla

Türkiyə ilə Azərbaycan arasında tarixi dostluq və qardaşlıq, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrin möhkəmləndirilməsi üçün daim Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən çoxşaxəli tədbirlər həyata keçirilib.

44 günlük Vətən müharibəsi və Azərbaycanın tarixi Zəfəri Türkiyə və Azərbaycan arasında münasibətləri tamamilə yeni müstəviyə çıxardı. İki ölkə arasında imzalanan Şuşa bəyannaməsi qardaş ölkələr arasında yeni dövrün başlanğıcını qoydu. Bu bəyannamə bütün sahələrdə münasibətlərin yeni zirvəyə çıxması üçün geniş imkanlar açır.

Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbəsi iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində yeni bir dövrün başlanğıcıdır. Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə bağlı xalqa müraciətində “Azərbaycan qazandı, Qarabağ qazandı” söyləməsi də qardaşlıq münasibətlərinin bundan sonra daha da möhkəmlənəcəyindən xəbər verir.

Beləliklə, regionumuz və dünya yeni mərhələlər astanasındadır. Artıq dünyanın güc mərkəzinə və söz sahibinə çevrilən Türkiyə öz yanında birmənalı olaraq Azərbaycanı görür və iki qardaş ölkə qarşısıalınmaz tərəqqi, inkişaf xətti ilə öz uğurlu siyasətlərini birgə yürüdəcəklər.

Türkiyə öz yanında birmənalı olaraq Azərbaycanı görür və iki qardaş ölkə qarşısıalınmaz tərəqqi, inkişaf xətti ilə öz uğurlu siyasətlərini birgə yürüdəcəklər.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə