"Paşinyan istənilən an verdiyi sözdən boyun qaçıra bilər" - POLİTOLOQ ŞƏRH ETDİ
"May ayının 14-də Brüssel formatı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşdə çox ciddi nəticələr əldə olundu. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, dövlət suverenliyini tanıması haqqında bəyanatını xüsusi qeyd etmək lazımdır. Ermənistan baş naziri keçirilən bir neçə görüşdə də bir daha bu fikirlərini təkrar edib. Bu bəyanat Azərbaycanın irəli sürdüyü mühüm şərtlərdən birinin yerinə yetirilməsi kimi qəbul edilməlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev bildirib.
Onun sözlərinə görə, yaranmış şərait, həm də bundan sonrakı görüşlərdə Azərbaycanın ərazi bütövlüyü məsələsinin mövzu predmeti olmayacağını deməyə əsas verir: "Lakin səsləndirilmiş fikirlər yalnız bəyanatlar səviyyəsində özünü göstərir. Hələ ki, Ermənistan ifadə etdiyi bu fikirləri sənədli razılaşmalara daşımaq fikrində deyil. Biz Ermənistanın baş nazirini, erməni xalqını, onların xislətini çox yaxşı tanıyırıq. Paşinyan istənilən an verdiyi sözdən, üstünə götürdüyü öhdəlikdən boyun qaçıra bilər. Buna görə də mümkün qədər daha ehtiyatlı olmalı və növbəti görüşlərdə səsləndirilən fikirlərin kağız üzərinə daşınmasına nail olmalıyıq.
Çox təəssüf ki, qarşı tərəfdən bölgədə münasibətlərin normallaşmasına xidmət edəcək bəyanatlarına əks mövqelər də ortaya qoyulur. Xüsusilə də keçmiş prezidentlər, keçmiş Qarabağ klanı tərəfindən Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamasına imkan verilməməsi ilə bağlı sərsəm fikirlər səsləndirilir. Hesab edirəm ki, Ermənistandakı bəzi qüvvələr prosesləri uzatmaqla Ermənistana daha çox imkan yaratmağa çalışırlar.
Paşinyanın səsləndirdiyi bəyanata baxmayaraq, ölkəmizə qarşı təxribatların davam etməsi gözlənilən haldır. Lakin atdıqları heç bir addımla Azərbaycanı öz sülh fikrindən daşındıra bilməyəcək, buna nail olmayacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB