"Baydenin məktubu Cənubi Qafqazda Azərbaycanın önəmini ifadə edir" - POLİTOLOQ ŞƏRH ETDİ
"ABŞ prezidenti Co Baydenin günlər öncə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunun mətni daha əvvəlki bəyanatlardan fərqlənməklə beynəlxalq sistemin əsas faktoru hesab olunan Amerikanın Cənubi Qafqaz siyasətində Azərbaycan Respublikasının önəmini də aydın şəkildə ifadə etmiş olur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, keçmiş münaqişə ilə bağlı hər hansı bir fikrin ifadə edilmədiyi və Azərbaycanın mövqeyinə zidd ifadələrdən istifadə eilmədiyi məktubun əsas məzmunu isə regionda sülh və sabitliyin, eləcə də enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ilə əməkdaşlığın önəminin vurğulanmasına əsaslanır: "Bu da özlüyündə rəsmi Vaşinqtonun uzun illərdir erməni lobbisinin təsirilə formalaşmış qərəzli yanaşmalardan uzaqlaşmağa başladığının və post-müharibə dövrünün reallıqlarına uyğun olaraq Azərbaycan Respublikasının maraqlarına zidd uğurlu Cənubi Qafqaz siyasətinin mümkünsüzlüyünü qəbul etdiyinin göstəricisidir".
Politoloq sözlərinə davam edərək bildirib ki, bu nöqteyi-nəzərdən yanaşdıqda, xüsusilə Vaşinqton formatı çərçivəsində sülh danışıqlarında daha aktiv iştirakçı olmağa cəhd edən Amerikanın regional münasibətlərdə Rusiyanın mövcudluğunu balanslaşdırmaq cəhdləri də diqqətdən kənar qalmamalıdır: "Belə olan halda Azərbaycanla münasibətlərin prioritetləşdirilməsi və qərəzsiz mövqe nümayiş etdirilməsi rəsmi Vaşinqtonun sülh danışıqlarının uğurlu şəkildə davam etdirilməsində maraqlı olduğunun da bariz nümunəsidir. Ümid edirik ki, Bayden administrasiyasının bəyanatlar vasitəsilə ifadə etdiyi xoş niyyət addımları Azərbaycanın regionda sülh və sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi siyasətin davamlı şəkildə dəstəklənməsi və Ermənistanın işğalçılıq siyasətinə münasibətdə ədalətli mövqe nümayiş etdirilməsi kimi praqmatik addımlarla da müşayiət ediləcək. Amerika Birləşmiş Ştatları yalnız bu vasitə ilə Cənubi Qafqazda sülhə nail olunması prosesinə əsaslı şəkildə töhfə verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB