Paşinyanın düşdüyü RÜSVAYÇI DURUM – TƏHLİL

Paşinyanın düşdüyü RÜSVAYÇI DURUM – TƏHLİL

Ərazilərin qarşılıqlı şəkildə tanınması həqiqətən də nailiyyətdir, amma Ermənistan üçün yox, Azərbaycan üçün. Erməni cəmiyyəti belə hesab edir ki, Paşinyan rejimi onları uçuruma sürükləməyə hələ bundan sonra da davam edəcək. İndi ermənilər elə qənaətə gəliblər ki, baş nazirləri Azərbaycan Prezidentinə hər dəfə uduzmağı ənənə halına salıb və artıq işğaldan azad edilən torpaqlardan, ərazilərdən, Qarabağdan Nikol Paşinyan imtina da edib, həmin ərazilərin bizim xalqımıza məxsus olmasını qəbul etməklə də, eyni zamanda guya öz xalqından da imtina edib. Bu fikirlər Ermənistan cəmiyyətində formalaşıbsa, deməli, erməni baş nazirin hansı halda, hansı rüsvayçı durumda olduğu bəllidir.

Əslində, Nikol imtina edib yox, imtina etmək məcburiyyətində qalıb və məcburiyyət qarşısında qalmasına da səbəb qüdrətli Azərbaycandır, ölkəmizin ən qısa zamanda əldə etdiyi qələbələrdir və bu qələbələri şərtləndirən ölkə rəhbəri, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, ordumuzun rəşadəti, xalqımızın həmrəyliyidir. Artıq Paşinyanın çıxılmaz vəziyyətdə olduğunu erməni cəmiyyəti başa düşür, amma onu başa düşməkdə çətinlik çəkir ki, erməni baş naziri daha heç nə edə bilmək, torpaq iddiasında, zəbt xülyalarında olanlar üçün hansısa bir “tövhə” vermək iqtidarında deyil. Heç arxalandıqları Fransa prezidenti Emmanuel Makronun belə hadisələri aciz şəkildə müşahidə etməkdən başqa imkanı yoxdur. Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin özü də vasitəçilikdən başqa hansısa imkanlara malik deyil ki, ermənilər bundan yararlana bilsinlər. Əksinə, Almatı bəyannaməsi əsasında münasibətlərin normallaşdırılmasına razılaşmaqdan, Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına razı olmaqdan başqa çarələri qalmayıb və bu, ölkəmizin növbəti uğuru, qələbəsidir.

“Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanın 86 600 kv.km ərazisini Ermənistan tanıdı, eləcə də Azərbaycan da Ermənistanın 29.800 kv.km ərazisini tanıdı və irəliyə doğru addım atdıq”, deyə erməni baş nazir razılığa gəlindiyini ifadə etmək istəyib. Ermənistana məxsus mətbuat səhifələrində qeyd olunur ki, Nikol görünür, həqiqətən də özünü hansısa tarixi nailiyyətdə iştirak etmiş hesab edir. Hətta erməni cəmiyyəti bunu nailiyyət yox, özü üçün rüsvayçılıq hesab edir, çünki bu cəmiyyətə bu vaxta qədərki bütün hakimiyyətləri, elə Nikol Vovayeviçin özü də başqa şeylər vəd etmişdi və indi bu vədlərinin, xəyallarının puç olması onlar üçün ağrılı hesab olunur.

Bəli, bu dəfəki görüş zamanı erməni baş nazirinin etirafları, torpaqlarımızı, Azərbaycanın 86 600 kv.km ərazisini Ermənistan tərəfinin tanıdığını söyləməsi tarixi nailiyyətdir, amma Ermənistanın yox, məhz Azərbaycanın nailiyyətidir. Bu, həqiqətən də Azərbaycan üçün tarixi nailiyyətdir və bizim növbəti diplomatik uğurumuzdur. “Qarabağ Ermənistandır və nöqtə”, deyə sayıqlayan erməni baş nazirini bunu deməyə məcbur edən ölkəmizin, dövlətimizin, xalqımızın əldə etdiyi qələbələr, Azərbaycanın qüdrətidir. İndi ermənilər özləri öz baş nazirlərini bu mənada da ələ salırlar. Onları aldadaraq hakimiyyəti ələ keçirən küçə nümayişçisinin sonra da belə sayıqlamalarla daxili audutoriyanı ələ almaq istəyinin ardınca rüsvayçı məğlubiyyəti, indi də torpaqlarımızı, Azərbaycanın 86 600 kv.km ərazisini Ermənistan tərəfinin tanıdığını söyləməsi həqiqətən də onun lağ hədəfi olması üçün yetərlidir.

Erməniləri ən çox qıcıqlandıran Şarl Mişelin, həmin o tanınan ərazilərin 86 600 kv.km deyil, təxminən 89 600 kv.km olduğunu söyləməsi və buna da erməni baş nazirin səsini belə çıxara bilməməsidir. Əslində, Avropa İttifaqı çox yaxşı bilir ərazilərin nə qədər və kimə məxsus olduğunu, amma indi etiraf edilməsi məhz Azərbaycanın uğurunun, qələbəsinin təzahürdür. Bunu Nikol Paşinyan çox yaxşı başa düşür. Başa düşür ki, beynəlxalq ictimaiyyət Azərbaycanın uğurları ilə barışmaq, ölkəmizin həqiqətlərini, yaratdığı reallıqları qəbul etmək məcburiyyətindədir və buna qarşı gəlmək belə mənasızdır. Hər halda hər dəfə baş tutan görüşdə ölkəmizin diplomatik qələbələrinə Vovayeviçin şahid olması yetərlidir ki, onun səsi belə çıxmasın, amma bunu erməni cəmiyyətində başa düşməyənlər, yaxud başa düşmək istəməyənlər var. Onlar dərk etməkdə çətinlik çəkirlər ki, Nikol Paşinyan artıq heç nə edə bilmir, çünki haqq və hüquqlar məhz Azərbaycana məxsusdur. Elə buna görə də ermənilərin lağ hədəfinə çevrilməsi ilə onun elə yerindəcə razılaşması başadüşüləndir.

Bəli, həqiqətən də rüsvayçı duruma layıq olan erməni baş nazir lağ hədəfinə çevrilib və erməni cəmiyyəti tərəfindən hədəfə alınıb. Küçə nümayişlərindən istifadə edərək hakimiyyət kürsüsünü ələ keçirən manipulyatorun sərsəm bəyanatlarla çıxış etməsinin, erməni xalqına ağlına gələn vdlər verməsinin ardınca başını aşağı salıb müti şəkildə durması erməni cəmiyyətini özündən çıxarıb. Məsələ burasındadır ki, onun belə rüsvayçı duruma düşməsinin də səbəbləri aydındır və bu səbəbləri ermənilər özləri hamıdan yaxşı bilirlər. Yaxşı bilirlər ki, Paşinyan onların, hətta onlardan əvvəlkilərin çox absurd və həyasızcasına irəli sürdükləri iddiaları müdafiə edə bilmir. Amma onu da yaxşı bilirlər ki, indi hakimiyyət kürsüsündə oturub ölkələrini təmsil edən, bir vaxtlar isə küçələrdə beli çantalı xalqına ağlına belə sığışmayan vədlər verən biri indi hər dəfə məğlubiyyətlə ölkəsinə qayıdır. Məhz bu baxımdan indi ermənilərin onu lağa qoyması onsuz da gözlənilən idi.

“Rusiya bizə kömək etmədi”, deyən erməni baş nazir, bu şəkilə şikayətlənməklə, məhz erməni xalqının ona vurduğu xəyanətkar damğasını alnından silmək niyyəti ilə günahkar axtarsındadır. Məqsədi də ilk növbədə rüsvayçı durumdan özünü və hakimiyyətini xilas etməkdir. Amma bu o demək deyil ki, belə bir niyyəti baş tuta biləndir, əsla yox, çünki əvvəla, Ermənistanı müdafiə etmək kimi Rusiyanın bir öhdəliyi yoxdur və bu, Nikolu rüsvayçı durumdan xilas edən deyil. Digər tərəfdən də erməni xalqına “qızıl dağlar” vəd edən, daxili auditoriyanı ələ almaq üçün başından böyük bəyanatlarla sərsəm, absurd çıxışlar edən Nikol Paşinyan idi və indi erməni xalqının ondan hesab sorduğu, onu lağa qoyduğu zaman Rusiyanı günahkar kimi göstərmək istəməsi də onun özünü gülünc vəziyyətə salır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da Ermənistan hökumətinin bəyanatlarının arqumentsiz və yalan olduğunu təsdiqləməsi özü də Paşinyanın başına bir bəla oldu və bu, onun acınacaqlı rüsvayçı duruma düşməsi üçün daha bir şərait deməkdir. Çünki Nikol indi Rusiyadan əli üzülən və çarəsiz durumda qalan bir ölkə rəhbəri olaraq qəbul olunur erməni cəmiyyətində. Bir sözlə, aciz ölkə rəhbəri kimi lağa qoyulur və rüsvayçı durumdan çıxmaq üçün erməni baş nazirinin zərrə qədər şansı yoxdur.

KTMT-nin özünün də Ermənistana kömək etməməsinə, həmin ölkənin apardığı siyasəti, özü də işğalçılıq siyasətini dəstəkləməməsinə görə erməni cəmiyyəti yenə də Paşinyanı günahkar sayır və həmin təşkilatın müşahidəçi missiyasının Ermənistan ərazisində yerləşdirilməsinə dair sənəd hazırlanmasına, xarici işlər nazirləri səviyyəsində tam razılaşdırılmasına baxmayaraq, yekunda bu məsələ təxirə salınmasının da günahı Vovayeviçin adına çıxılır. Bəli, KTMT-nin müşahidəçi missiyasının əvəzində də Avropa İttifaqı missiyası elə İrəvanın, Paşinyanın və onun hakimiyyət komandasının dəvəti ilə Ermənistanda peyda oldu, amma Nikol həmin o dəvət etdiyi missiyanın da fəaliyyətini tənqid etdi. İndi erməni cəmiyyəti sual edə bilər ki, niyə fəaliyyətini bəyənməyəcəyi missiyanı ölkəyə dəvət edirdi? Sözsüz ki, həmin missiya ermənilərin absurd iddialarını, xülyalarını gercəkləşdirə bilməzdi, amma hər bir halda bunu erməni baş nazir istəmişdi və indi onun belə ağız büzməsi onun özünü gülünc vəziyyətə, rüsvayçı hala qoyur. Bir sözlə, haylar indi Paşinyanın yaxasından tutub onun rüsvayçılığını üzünə demək üçün əldə-ayaqdan gedirlər. Ən azından Ermənistana məxsus mətbuat səhifələrində erməni baş nazirə ünvanlanan fikirləri bunu təsdiq edir. Təsdiq edir ki, Paşinyanın rüsvayçılığını bütövlükdə erməni cəmiyyəti etiraf edir.

Həqiqətən də Ermənistanın baş naziri öz uğursuzluqlarını ört-basdır etməyə çalışır, amma buna nə qədər nail olduğu erməni cəmiyyətinin mövqeyindən bəllidir. Bəllidir ki, heç nəyə nail olmayıb və ermənilər indi Paşinyanı lağa qoyub ələ salırlar. Ermənistan hakimiyyətinin, şəxsən Nikol Paşinyanın özündən başqa hamını günahkar çıxarması həmin cəmiyyətin özündə də ikiüzlülük kimi qiymətləndirilir. Ümumiyyətlə, Ermənistana elə Avropa İttifaqının verdiyi ultimatum da göstərdi ki, Paşinyan da, onun hakimiyyət komandası da Avropanın özünün də hədəfindədir və bu da onun lağ hədəfi olması üçün daha bir şərt, daha bir amil oldu. Əgər Avropa İttifaqının İqtisadiyyat üzrə komissarı Paolo Gentiloni Aİ-nin Gömrük İttifaqında islahatlara dair təkliflərini təqdim edərkən, Aİ-dən Ermənistana və bu ölkədən də Rusiyaya ticarət axınının şübhəli şəkildə artdığını bəyan edibsə, deməli, avropalıların da artıq mövqeyi bəllidir və Paşinyan çox acız durumdadır. Qəflətən Ermənistana qarşı sərt iqtisadi sanksiyalar tətbiq edilə biləcəyini belə ermənilər göz önünə alıblar. Belə olan halda küçə nümayişlərindən istidadə edərək hakimiyyəti qamarlayan biri niyə də lağa qoyulmasın?

“Bu gün haqqında danışdığımız dəhlizin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir və biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda hazırlıqların tezliklə başa çatmasını səbirsizliklə gözləyirik”, deyə Putinin bəyan etməsi Ermənistan üçün, Avropa İttifaqında heç kim Azərbaycanı qınamayacaq, mesajıdır. Deməli, Paşinyanın da, onun komandasının da, bütövlükdə Ermənistanın da hansı durumda olduğu barədə fikirlər bəllidir və erməni cəmiyyəti özü bu fikirləri paylaşırsa, burada Nikolun lağa qoyulmaması mümkün deyil. İndi erməni cəmiyyətinin kapitulyator adlandırdığı erməni baş nazir bir küçə nümayişçisi idi və hiyləgərliklə hakimiyyət kürsüsünü ələ keçirdiyi ən çox ermənilərin özlərinə əyandır. Artıq idarəetmə qabiliyyətinin, səriştəsinin, siyasi uzaqgörənliyinin olmaması səbəbindən məğlubiyyətlərini biri-birinin ardınca düzən Nikol Paşinyan öz ölkəsinin vətəndaşlarının lağ hədəfinə çevrilməklə rüsvayçı duruma düşduyunu hamıdan yaxşı özü bilir. Bilir ki, sonuncu dəfə Brüssel görüşlərində onun acizliyini, diplomatik məğlubiyyətini, uğursuzluğunu müşahidə edən hayların onun ünvanına demədikləri qalmayıb. Buna rusvayçılıqdan başqa nə ad vermək olar?

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə