"Azərbaycan müstəmləkəçilikdən azad olmağın yolunu göstərdi" - DEPUTAT DANIŞDI
"1918-ci il mayın 28-də millətimiz bütün müsəlman şərqində ilk dəfə olaraq Cümhuriyyət formasında dövlət müstəqilliyini bərpa etdi. Bu tarixə qədərki müxtəlif dövrlərdə bizim müstəqil dövlətlərimiz olub, lakin 1918-ci ildə birinci olaraq Azərbaycan xalqı respublika məfkurəsini, idarə üsulunu qurdu. Bununla Azərbaycan xalqı müsəlman şərqi ölkələrinə müstəmləkəçilikdən azad olmağın yolunu göstərdi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.
Onun sözlərinə görə, cümhuriyyət hökuməti bir sıra ilklərə imza atdı: "Bu dövrün ən böyük hadisələri 1918-ci ilin sentyabrında Bakı şəhərinin yadellilərdən azad edilməsi və 1920-ci ilin yanvarında Azərbaycanın dövlət müstəqilliyinin Parisdə Antata Ali Şurası tərəfindən tanınması oldu. Cümhuriyyət dövründə bütövlükdə ərazimiz təxminən 114 min kvadrat kilometr, onun isə təxminən 97 min kvadrat kilometri mübahisəsiz ərazi idi.
Əgər cümhuriyyət qurulmasaydı Azərbaycan Sovet Sosialist Respublikası da olmaycaqdı. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa edildikdə Azərbaycan SSR-nin coğrafi-siyasi sərhədləri daxilində bəyan olundu. Cümhuriyyətin bayrağı ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırıldı, rəsmi şəkildə qərar qəbul edildi. Bununla da Naxçıvan müasir, müstəqil Azərbaycan dövlətinin təməllərinin rəsmi şəkildə atıldığı yer oldu.
Cümhuriyyət irsinin öyrənilməsində mühüm addım Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı sənəddən sonra oldu. Cümhuriyyət tarixi ilə bağlı sənədlər nəşr edildi. Cümhuriyyətimizin 100 illiyi ilə bağlı cənab Prezident İlham Əliyevin imzaladığı sərəncam cümhuriyyət irsinə verilən yüksək qiymət idi. Bu gün cümhuriyyətimizin qəbul etdiyi üçrəngli dövlət bayrağımız işğaldan azad edilmiş ərazilərdə dalğalanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB