Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqların növbəti raundu keçirilib. Danışıqların mövzusu Ermənistan-Azərbaycan dövlətlərarası münasibətləri və sülh müqaviləsidir. Yaranmış ənənəyə görə, Əliyevlə Paşinyanın Brüsseldə konkret nədən danışdıqları bu günlərin birində məlum olacaq. Şənbə günü axşam Şarl Mişel Nikol Paşinyanla, bazar günü səhər isə İlham Əliyevlə görüşüb. Bu ayrı-ayrı görüşlər zamanı, rəsmi açıqlamaya görə, Avropa Şurasının rəhbəri qonaqlarla regional vəziyyəti, o cümlədən Ermənistanın Basarkeçər bölgəsində sərhəddə vəziyyətin gərginləşməsini, həmçinin Qarabağ ətrafındakı vəziyyətlə bağlı məsələləri müzakirə edib.
İyunun 1-də İlham Əliyev və Paşinyanın Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində yenidən görüşəcəyi artıq məlumdur. Qərb mətbuatı xəbər verir ki, Moldova paytaxtında keçiriləcək danışıqlarda Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron da iştirak edəcək. Amma Azərbaycan tərəfi fərqli format düşünür.
Nə Bakıda, nə də İrəvanda Brüssel görüşündən xüsusi müsbət gözləntilər yox idi. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, danışıqlarda Ermənistanın mövqeyi sülh müqaviləsi bağlamaq üçün yetərli deyil, real hazırlıq və istək nümayiş etdirmir. Azərbaycan ictimaiyyətində belə bir fikir hökm sürür ki, Ermənistan danışıqları imitasiya edərək, əslində revanşist planlar qurur və müharibə hazırlıqlıqlarını davam etdirir və fürsət gözləyir. Bu barədə Cənubi Qafqaz politologiya klubunun rəhbəri İlqar Vəlizadə sosial şəbəkələrdə yazıb. Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov isə daha sərt danışıb. Onun fikrincə, Ermənistan 44 günlük müharibənin dərslərini həmişə xatırlamalıdır.
Brüsseldə keçirilmiş növbəti görüşdə Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Bu barədə Azərbaycan XİN-dən bildirilib. Qeyd edilib ki, xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir.
"Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edirik". Bu fikirlər də Azərbaycan Xarici İşlər Nazirliyinə məxsusdur. Əlavə edilib ki, ilk növbədə müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir. Görüş zamanı, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb.
Erməni politoloq Areq Koçinyan Azərbaycanın maksimalizmini danışıqlar prosesində əsas maneə adlandırır. “Bakı müharibədəki qələbədən məst olub və hər şeyi bir anda əldə etmək istəyir. Belə bir xətt həll olunmamış məsələlərin – Qarabağın statusunun və oradakı ermənilərin təhlükəsizliyinin və hüquqlarının təminatlarının müzakirəsinə xələl gətirir”, - Koçinyan bildirib.
Onun həmkarı Tiqran Qriqoryan hesab edir ki, Ermənistanla Azərbaycan arasında ciddi fikir ayrılıqlarına görə qarşıdan gələn bütün danışıqlar çətin ki, konkret nəticə versin və yaxşı olardı ki, bütün bu yüksək səviyyəli görüşlər hansısa yolla tərəflərin mövqelərini yaxınlaşdırsın. Əsas problem Qarabağ və “2021-ci ilin mayından Ermənistan ərazisində olan Azərbaycan qoşunları”dır. “Ermənistan dövlət sərhədlərinin SSRİ-nin son illərinin xəritələrinə görə tanınmasını tələb edir. Azərbaycan öz şərtləri ilə delimitasiyada israrlıdır. Ola bilsin ki, vasitəçilər Bakının mövqeyini yumşalda bilsinlər. Amma düşünürəm ki, bu, mümkün deyil”, - Qriqoryan bildirib.
Brüssel danışıqları ərəfəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” telekanalına müsahibəsində bildirib ki, Moskva iki il əvvəl Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanmış üçtərəfli sazişlərə sadiqdir. “Biz ondan çıxış edirik ki, onlar həll üçün mübahisəsiz əsasdır. Razılaşmaya nail olmaq üçün əldə edilmiş razılaşmaların həyata keçirilməsi yolu ilə getməliyik”, - Peskov bildirib. O, Rusiya ilə Ermənistan arasında münasibətlərin parlaq gələcəyinin olduğunu vurğulayıb: “Onlar dərin, tarixi kökləri olan tərəfdaşlıq, xüsusi əlaqələr kimi inkişaf etməkdə davam edir”.
Xatırladaq ki, artıq mayın 19-da Moskvada Ermənistanın xarici işlər nazirləri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər nazirləri Ceyhun Bayramov arasında danışıqlar aparılacaq. Bakı ilə İrəvan arasında əsas ziddiyyətlər Qarabağa və sovet dövründə Ermənistandakı Azərbaycan anklavları olan səkkiz kəndə aiddir. Bakı rəsmi İrəvandan Qarabağın Azərbaycanın bir hissəsi kimi qeyd-şərtsiz tanınmasını tələb edir. Azərbaycan həm də Qarabağla bağlı bütün məsələləri təkbaşına həll etmək istəyir.
İrəvan da öz növbəsində israr edir ki, Bakı ilə “Xankəndi” arasında dialoq beynəlxalq qurumların nəzarəti altında aparılsın. Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir.
Görüş həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb.
Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğu bəyan edilib. Azərbaycan bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə edilməsinə dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğu bir daha təsdiq edir.
"Mən, həmçinin liderləri oktyabrda Qranadada təşkil ediləcək 3-cü Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində daha bir görüşə dəvət etmək niyyətindəyəm", - Mişel deyib. Azərbaycan və Ermənistan tərəfləri isə görüşlərə razılıq verilib-verilməməsi barədə məlumat yaymayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Brüssel görüşündən öncə yaydığı məlumatda bildirilib ki, Kişinyovda Avropa Siyasi Birliyinin növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. "Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib", - XİN-in məlumatında bildirilib.
Brüsseldə keçirilən üçtərəfli görüşün Azərbaycanın tam diplomatik qələbəsi ilə başa çatdığını deyə bilərik. Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bildirmişdi ki, Brüssel formatından imtina edir. Amma onun bu cəhdi uğursuzluqla nəticələndi və qalib tərəfin diktəsi ilə öz mövqeyindən geri çəkilərək Brüsselə getməyə məcbur oldu. Həmçinin Ermənistan keçiriləcək növbəti görüşdə Fransanın da iştirakını israrla tələb edirdi. Son görüş təsdiq etdi ki, Azərbaycan pozucu mövqe tutan, sülhə gedən yolu əngəlləməyə çalışan Fransanı masa arxasına buraxmadı, rəsmi Paris prosesi elə öz ölkəsindən izləməli oldu və niyyəti gözündə qaldı. Təbii ki, Fransanın məqsədi bəllidir, dəfələrlə sərgilədiyi yanaşmaları ilə münasibətləri gərginləşdirməyə çalışır. Elə hesab edir ki, dünyada güc sahibidir, Cənubi Qafqazda gedən proseslərə təsir imkanlarına malikdir. Amma unudur ki, Azərbaycan regionun lideridir, qalib ölkədir və aparılan danışıqlarda əsas söz sahibidir.
Paşinyan Brüsseldə keçirilən görüşdə birmənalı olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı. Bakı isə Qarabağın qarşılığında heç bir öhdəlik götürmədi. Bunu erməni siyasətçi Avetik Çələbyan deyib: “Bu, Paşinyanın dövlət xadimi kimi total məğlubiyyətidir. Bunun isə təkcə Qarabağ yox, eləcə də Ermənistanın sərhəd bölgələri üçün nəticəsi olacaq. Bu, təkcə Qarabağın məhv edilməsinə yox, həmçinin Ermənistanın Azərbaycanla Türkiyə tərəfindən udulmasına gətirib çıxaracaq”. Çələbyan Paşinyanın Brüsseldəki bəyanatından dərhal imtina etməli olduğunu söyləyib.
Qarabağdakı separatçılardan biri David Babayan tərəfdarlarının fikirlərini ümumiləşdirərək Avropa Şurasının rəhbəri Şarl Mişelin bəyanatını biabırçılıq adlandırıb və Mişeli Çemberlenlə eyniləşdirib: “Bunlar geosiyasi korrupsioner insanlardır. Mişel bizi konsentrasiya düşərgəsinə aparmaq istəyir? Mişel manevr otağını kəskin şəkildə azaldıb. İndi Ermənistandan və erməni xalqından cavab almalıyıq. Avropa 2020-ci ildə baş verənləri qanuniləşdirdi, Laçın yolundan keçid məntəqəsinin quraşdırılmasına haqq qazandırdı. Bununla da o, 2020-ci ildə baş verənlərdə əli olduğunu göstərdi. Bu avropalı müşahidəçilər haradadır?”.
Bəli, Ermənistan və ermənilər heç nədən razı deyillər. Düşünürlər ki, 30 ildə etdiklərini, Azərbaycan torpaqlarını işğal altında saxladıqlarını dünya birliyi, xüsusən də azərbaycanlılar unudub və meydanı onların əsassız iddialarına haqq qazandıranlara buraxacaqlar. Zaman dəyişib, dünyanın boşluqları artıq dolub, istənilən bir hərəkət bumeranq effekti verir. Bu gün başqa ölkənin işğalına göz yumsan sabah sənin torpaqlarını işğal edəcəklər. Dünya birliyinin ən çox qorxduğu presedent effektidir.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB