Prezident Rəcəb Tayyib Ərdoğanın qələbəsini şərtləndirən amillər danılmazdır

Prezident Rəcəb Tayyib Ərdoğanın qələbəsini şərtləndirən amillər danılmazdır

Mayın 14-də qardaş Türkiyə xalqı növbəti dəfə prezident və parlament seçkilərinə gedir. Əvvəlcə tez -tez eşitdiyimiz, son günlər az qala siyasi şüara çevrilən “Bu, Türkiyədə ən gərgin seçkilər olacaq!” ifadəsinə cavab axtaraq. Bu, doğrudurmu və yaxud niyə belədir? Bu ifadə doğrudur və seçkilərin gərginliyini şərtləndirən ən mühüm səbəb Türkiyənin son illər qlobal məkandakı hərbi-siyasi proseslərə təsir imkanlarının güclənməsindən və genişlənməsindən qaynaqlanır. Hazırda Türkiyənin beynəlxalq proseslərə təsir imkanları bu və ya digər tərəfdə böyük günlərin hər birinin maraq dairəsindədir. Zaman-zaman bölgədə maraqlarını təmin etmək üçün mübarizə aparan böyük tərəflər indi Türkiyəni yenidən zəiflədib öz imperialist maraqlarını diktə etməyə çalışırlar. Digər tərəfdən artıq ikinci dəfədir ki, qardaş Türkiyə öz prezidentini ümumxalq səsverməsi ilə seçəcəkdir. Bura prezident və parlament seçkilərinin eyni gündə keçirildiyini də əlavə etsək istər ölkə daxilində, istərsə də xaricdə bu səsvermədəki toqquşan maraqların nə qədər güclü olduğunu göz önünə ala bilirik.

TÜRKİYƏDƏKİ REAL VƏZİYYƏT

İndi isə səsvermə ərəfəsindəki real vəziyyətə nəzərə yetirək. Başlayaq Məmləkət Partiyasının sədri Muharrəm İncə seçkilərə üç gün qalmış prezidentliyə namizədliyini geri götürməsindən. “Mən bunu ölkəm üçün edirəm. “Saraydan pul aldı, geri çəkilə bilməz” deyənlərə səslənirəm: Mən bu qurama süjetlərdən, saxta montajlardan qorxmuram'', - deyə vurğulayan Muharrəm İncə əslində bu açıqlaması ilə seçkilərə pərdə arxasından təsir etmək istəyən qara qüvvələr barədə geniş ictimaiyyətə mesajlar verib. Yenə həmin ssenari, yenə həmin koordinatlar: FETÖ dəst-xətti! Eks-namizəd İncənin bu qərarı seçki prosesinə əhəmiyyətli təsir göstərdi. Səbəb? Çünki o, Prezident Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə eyni elektoratı bölüşürdü. Xatırladaq ki, Muharrəm İncə bundan əvvəlki seçkilərdə ana müxalifət sayılan CHP-nin vahid namizədi kimi təxminən 15 milyon bülleten alaraq, seçicilərin cəmi 30 faizinin etimadını qazanmışdı. Ərdoğan isə səslərin təxminən 53 faizinə sahib olaraq , az qala iki dəfə səs çoxluğu ilə özünün şəriksiz liderliyini qoruya bildi. Həmin səsvermədə partiya sədri Kamal Kılıçdaroğlu başda olmaqla Cümhuriyyət Xalq Partiyası Muharrəm İncəyə heç bir dəstək göstərmədiyi geniş ictimaiyyətə yaxşı məlumdur. İncə tərəfdarları olmuş həmin təbəqə Kamal Kılıçdaroğlu CHP-sindən çox acıqlı və narazıdır. Məhz bu səbəbdən böyük ehtimalla seçkilərdən geri çəkilməyə məcbur edilən Muharrəm İncənin tərəfdarlarının bu seçkilərdə gözlənilən səsləri boykotçular da daxil olmaqla ən azı dörd yerə bölünəcək ki, burada da Prezident Rəcəb Tayyib Ərdoğana geniş pay düşəcək. Ən azı ona görə ki, namizəd İncə öz seçicilərinə açıq çağırış etmək iqtidarında deyil. Əgər o, CHP-nin xeyri üçün belə çağırış etsə partiyası tamamilə dağılacaq.

MÜASİR TÜRKİYƏDƏ ƏDALƏT VƏ İNKİŞAF PARTİYASININ YERİ VƏ ROLU

...Araşdırmalar göstərir ki, Türkiyə seçicisinin əsas hissəsi bütün həlledici məqamlarda real vəziyyəti düzgün qiymətləndirərək güclü liderə səs verib. İndiki dövrün reallığı isə bundan ibarətdir: Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) siyasi hakimiyyəti dövründə qardaş ölkə böyük inkişaf mərhələsini adlayaraq növbəti hədəflərə doğru yeni yüzilə qədəm qoyub. Yeni infrastrukturların yaradılması; hərbi-sənaye kompleksinin inkişafı ilə ölkənin milli təhlükəsizliyinə birbaşa təsir göstərən xaricdən asılılığın aradan qaldılması; beynəlxalq enerji təhlükəsizliyi istiqamətində nəhəng layihələr həyata keçirilməsi; terrorizm, tranzit narkoticarət və insan alverinə qarşı aparılan mübarizələr; zəlzələ, meşə yanğınları, sel və daşqınlar başda olmaqla təbii fəlakətlərə aid sosial problemlərin sistemli qaydada həlli; Rusiya-Ukrayna müharibəsinin dünya üçün yaratdığı qida böhranı risklərinin məhz rəsmi Ankaranın gücü ilə aradan qaldırılması və s. məsələlər müasir dövrün Türkiyəsinin yaratdığı reallıqlardır. Bütün bunlarda hakim Ədalət və İnkişaf Partiyasının özünəməxsus dəst-xətti vardır.

Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatının yaranması da daxil olmaqla, Azərbaycan ilə birlikdə türk dövlətlərinin birliyi istiqamətində əhəmiyyətli nailiyyətlər qazanılıb. Keçmiş SSRİ-nin süqutundan sonra otuz ilin beynəlxalq problemlərindən olan Ermənistanın işğalçılıq siyasətinə qarşı Azərbaycanın göstərdiyi qətiyyət məhz Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyənin göstərdiyi dəstək sayəsində böyük Zəfərlə başa çatıb. Elə buradaca CHP-nin başçısı Kamal Kılıçdaroğlunun istər 44 günlük Vətən müharibəsindəki qətiyyətsizlyi, Azərbaycanın haqq işinə qarşı CHP funksyanerlərinin ikibaşlı, bəzi hallarda düşməncəsinə verdikləri açıqlamalar, istərsə də CHP liderinin seçki kampaniyasındakı qardaşlığımıza zərbə olan qərəzli mövqeyi və təqdim etdiyi əsasız “layihələr” bütün Azərbaycansevərləri qəzəbləndirib. Türkiyə seçicisi bu qəzəbin və nifrətin yaratdığı gərginliyi bu həftənin bazar günü sandıq başında göstərəcək.

AZƏRBAYCAN AMİLİNİN TÜRKİYƏDƏKİ SƏSVERMƏYƏ TƏSİRİ

Təcavüzkar Ermənistanın Azərbaycana qarşı yürütdüyü otuz illik işğalçılıq siyasəti Türkiyə əhalisinin böyük əksəriyyəti tərəfindən Türkiyənin öz problemi kimi qəbul edilib. Məhz bu amil nəticəsində Türkiyə ilə Ermənistan arasındakı gömrük-keçid məntəqəsi bağlanıb və bağlı olmaqda davam edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Liderliyi ilə qəhrəman Ordumuz işğalçı qüvvələrə qarşı Vətən müharibəsinə başlayanda CHP rəhbərlərindən (Cümhuriyyət Xalq Partiyasının sıravi üzvlər hər zaman Azərbaycan sevdasında olublar) başqa bütün Türkiyə Azərbaycanın yanında oldu. İndi bütün Türkiyənin gözləri önündə baş verən real proseslər var: Təcavüzkar Ermənistan Azərbaycan və Türkiyəyə qarşı əsasız ərazi iddialarından və düşmənçiliyindən geri çəkilmək niyyətində deyil. Aprelin 25-də (2023) Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin təntənəli şəkildə açılması bundan əvvəlki ifadənin tam formada təsdiqidir. Cümhuriyyət Xalq Partiyası namizədinin Ermənistan “sevdası”, eləcə də Azərbaycana və türk birliyinə qarşı sərgilədiyi qərəz isə bütün seçicilərin gözləri qarşısında baş verir. Azərbaycan-Türkiyə müttəfiqliyi xalqlarımızın, ölkələrimizin və dövlətlərimizin birgə inkişafının davamı yeni ortaq strateji layihələrə əsaslanır.

...Azərbaycan və Türkiyənin liderliyi ilə Qafqaz və Anadolu coğrafiyalarında həyata keçirilən vahid beynəlxalq iqtisadi layihələr qardaş ölkədə həyatın bütün sahələrinə, eləcə də əhalinin sosial rifahına mühüm təsir göstərir. Türkiyə özünün cümhuriyyət tarixində ilk dəfədir ki, maliyyət böhranı risklərinə qətiyyətlə davam gətirir. Türkiyəyə qarşı enerji təhdidləri yox dərəcəsindədir. Bütün bunlara Azərbaycan-Türkiyə müttəfiqliyinin ortaya çıxardığı dinamik inkişafın böyük təsiri var. CHP lideri isə açıq deyir ki, “mən bu müttəfiqlikdə yoxam!”.

Beləliklə, mayın 14-də Türkiyədə xalqı yenidən sandıq başında bir araya gələcək. Əhali böyük müdrikliklə yeni dövlət başçısını və növbəti çağırış parlamentin tərkibini təsdiqləməklə bir daha özünün yüksək seçib-seçilmək mədəniyyətini bütün dünyaya nümayiş etdirəcək. Prezidentlik yarışında üç siyasətçi qalıb: Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və ATA İttifaqının namizədi Sinan Oğan. Keçirilən rəy sorğularına görə, hazırda Prezident Rəcəb Tayyib Ərdoğan böyük üstünlüklə rəqiblərini üstələyir. Prezident seçkilərinin ikinci turuna ehtiyac yaransa isə Prezident Rəcəb Tayyib Ərdoğan ATA İttifaqının namizədi Sinan Oğanın tərəfdarlarının da səsini almaqla böyük fərq çoxluğu ilə yenidən Türkiyənin dövlət başçısı olmaq imkanı qazanacaq.

Sabir Şahtaxtı

Yazıçı-publisist, siyasi elmlər üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə