Sülhün quyruğundakı İrəvan – RAKURS

Sülhün quyruğundakı İrəvan – RAKURS

Platformalar, vasitəçilər, görüş yerləri dəyişir, amma…

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında yaxın günlərdə Brüsseldə görüş keçiriləcəyi haqda məlumatlar var. Bu barədə “Faynənşl Tayms” qəzeti də yazıb. Danışıqların Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılacağı deyilir. Tərəflər arasında Brüsseldə görüşün keçirilməsinə səbəb həm Brüssellin, həm də Bakının verdiyi pozitiv bəyanatlardır və belə bir görüşün qısa zamanda baş tutacağını göstərir.

Bundan əvvəl Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə baş tutan Azərbaycan-Ermənistan görüşləri uğurlu və müsbət nəticələr ilə yadda qalıb. Prinsip etibarilə Prezident İlham Əliyevin də Brüssel formatı ilə bağlı yanaşması müsbətdir. Yəni rəsmi Bakının format ilə bağlı heç bir problemi yoxdur. Lakin bu da bir həqiqətdir ki, Brüssel formatını məntiqi sonluqla başa çatmasını istəməyən Avropa İttifaqının daxilindəki məkrli qüvvələr var. Bu ölkələrin başında Fransa gəlir. Məhz Parisin bu formata müdaxilə etməsi və təşəbbüsü ələ almaq cəhdləri Azərbaycanın narazılığına səbəb olduğu üçün prosesin davamı bir müddət ertələnib. Qeyd edək ki, Brüssel görüşlərində konstruktiv qərarlar verilmişdi, amma Ermənistan bir çox hallarda bu prosesdən yayınmağı bacarıb. Görüşlərdə verilən qərarları ya icra etmək istəmir, ya da uzadır. Nəticədə verilən qərarlar kağız üzərində qalır. Bu hadisə bird aha təkrarlanmasın deyə, növbəti görüşdə alınacaq qərarların mütləq icrası Aİ tərəfindən təftiş edilməlidir.

Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında daha bir görüşün isə iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda baş tutacağı deyilir. Bu barədə məlumatı yenə “Faynənşl Tayms” üç mənbəsinə istinadən yayıb. Qəzetin iddiasına görə, Avropa Siyasi Birliyi sammiti çərçivəsində keçiriləcək görüşdə Azərbaycan, Ermənistan liderləri ilə yanaşı Avropa İttfaqı Şurasının rəhbəri Şarl Mişelin də iştirakı nəzərdə tutulub. Görüşə ayrı-ayrılıqda Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Makronun da qoşulacağı barədə məlumatlar dolaşır.

Qəzet danışıqlar zamanı Azərbaycanın Laçında qurduğu sərhəd-keçid məntəqəsi, eləcə də sərhədlərin demarkasiyası, əsirlərin mübadiləsi və digər mövzuların müzakirə ediləcəyini bildirib. Ermənistan Parlamentinin spikeri Alen Simonyan Türkiyəyə səfərində İrəvanın Azərbaycanla sülhə hazır olduğunu, amma bunun Türkiyənin iştirakı olmadan mümkün olmayacağını söyləyib. O, həmçinin Azərbaycanla Türkiyə arasında gediş-gəlişin Ermənistan ərazisindən həyata keçirilməsində problem olmadığını bildirib.

Qeyd edək ki, Ermənistan rəsmiləri postmüharibə dönəmində dəfələrlə Azərbaycanla münasibətlərin normallaşma prosesinin həyata keçirilməsilə əlaqədar müxtəlif açıqlamalar səsləndirir və özlərini sülhəmeyilli, “mələk” qismində təqdim edirlər. Təəssüf ki, Ermənistan əksər hallarda verdiyi vədləri yerinə yetirmir. Əvəzində müxtəlif təxribatlar törədərək sülhə gedən yolda maneələr yaradırlar. Simoyanın Türkiyə səfəri zamanı verdiyi açıqlamalar da təzadları ilə seçilir. Amma Ermənistanın danışıqlar prosesindəki ritotikasında nisbətən yumuşalma görürük. Avropa İttifaqının mülkü müşahidə missiyasının Azərbaycan və Ermənistan sərhədlərinə gəlməsindən sonra onların hərəkətlərində zora meyllilik hiss olunurdu. Bir müddət keçəndən sonra isə dəyişiklik baş verdi, ermənilər əvvvəlki hallarına qayıtdılar.

Ermənistanın son zamanlarda atdığı addımlarda ümidsizlik hiss olunur, siyasi kluarlarda gedən söhbətlərdə, siyasətçilərinin açıqlamalarında Azərbaycana yaltaqlıq notları hiss olunmaqdadır. Əsasən İrəvan anlayıb ki, Azərbaycan regionda söz sahibidir, istənilən bir qüvvəni prosesə cəlb etsələr uduzan tərəf özləri olacaq. Dünyanın iri dövlətlərinə gəldikdə isə, onlar Ermənistana görə Azərbaycanla münasibətlərini gərginləşdirmək istəmirlər, əksinə, Bakını regionda əsas tərəfdaş olaraq qəbul edirlər. İran da son zamanlar Ermənistanı əvvəlkitək dəstəkləyə bilmir. Yəni Ermənistanın son zamanlar həyata keçirmək istədiyi heç bir plan özünü doğrultmur. Təklənir və Azərbaycanla münasibətlərini normallaşdırmaqdan başqa çıxış yolunun qalmadığı açıq şəkildə görür.

Azərbaycanın strateji müttəfiqi Türkiyənin də regionda, ümumiyyətlə qlobal məkanda söz sahibi olması Ermənistanı daha çətin vəziyyətə salır. Bu baxımdan Simonyanın açıqlamalarında həqiqət olduğu ortadadır.
“Artıq Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, amma bu Qərbin xoşuna gəlmir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, Türkiyə istehsalı olan PUA-ların Qarabağdakı fəaliyyətinin pisləməsi də bununla bağlıdır: “Halbuki bizim texnikalarımızın Ukraynada gördüyü işləri tərifləyirdilər”.
Türkiyənin XİN başçısı deyib ki, Türkiyə hər bir məsələdə əvvəlcə öz mənfəətlərini nəzərə alır: “Qərbin dedikləri ilə oturub-durmuruq. Rusiya ilə əlaqəni kəsməyin, bu dövlətə sanksiya tətbiq etməyin bizə faydası yoxdur, əksinə ziyanı var”.

Erməni politoloq Artur Xaçikyan Ermənistan hökumətinin xarici siyasətində qərbyönlü doktrinanı saxladığını deyib. O bildirib ki, əgər Ermənistan Qərbdən hansısa üstünlük alsaydı, bu mövqeni müzakirə etmək olardı. Lakin hökumətin başçısı deyir ki, Qərb bizə zəmanət vermir. Rusiya ilə münasibətlərimizin dağılmasından sonra biz fəlakətə və tam məhvə yaxınlaşmışıq. Xaçikyan Ermənsitanda olan avropalı müşahidəçilərin ölkəyə heç nə qazandırmadığını deyib: “Onlar hər şeyi məhv ediblər. Həm Rusiya ilə, həm Qərblə, həm Türkiyə ilə münasibətləri yox etdilər. Ermənistandan Türkiyəyə humanitar yardım, dostluq haqqında sözlər hakimiyyətdə ekstaz yaratsa da, onlar bunu da uğursuzluğa düçar etdilər”.

Bu arada ABŞ Dövlət Departamenti Türkiyənin Ermənistan aviaşirkətləri üçün hava məkanını bağlayan hərəkətlərindən narahat olduğunu bildirib. Bu, Vaşinqtonun ümumilikdə uğurlu hesab etdiyi ABŞ-da Ermənistan-Azərbaycan danışıqları fonunda baş verib. Ankara öz hərəkətlərini 1915-ci il erməni soyqırımında günahkar olan Türkiyə rəsmilərinin məhv edildiyi “Nemesis” əməliyyatı iştirakçılarına abidə açan “İrəvanın təxribatına” cavab adlandırır. Ermənistan hakimiyyətinin baş verənlərə reaksiyası kifayət qədər uğursuz olub. Baş nazir Nikol Paşinyan Türkiyənin hava məkanını bağlamasını başqasının deyil, Ermənistanın özü üçün problem adlandırıb.

Ermənistan Parlamentində hökumət saatında keçirilən iclasında deputatların sualını cavablandıran Nikol Paşinyan deyib: Əgər Türkiyə ilə yollar bağlıdırsa, bu, Ermənistanın özünün problemidir, bağlayanların yox. O qeyd edib ki, Ermənistan artıq oxşar vəziyyətlə üzləşib - vaxtilə İrəvanda Qaregin Nejdenin abidəsinin ucaldılması ilə bağlı problemlər yaranıb. Paşinyanın sözlərinə görə, Nemesis əməliyyatının şərəfinə memorialın açılması ideyası iki il əvvəl müzakirə olunub. Əgər bugünkü problemləri gözləyən hakimiyyət abidəni açmaqdan imtina etsəydi, milli ideyalara xəyanətdə ittihamlar alardı. Paşinyan vurğulayıb ki, Ermənistan demək olar ki, həmişə iqtisadi maraqlardan çox emosiyaları rəhbər tutur. “Ermənilər emosional xalqdır. Dövlət xalqı olmağın vaxtı çatıb”, - deyən baş nazir qeyd edib ki, bu, Ermənistanın dövlətçiliyinin asılı olduğu çox çətin, lakin zəruri prosesdir.

Bu zəruri rasionalizm Nikol Paşinyanın növbəti səs-küylü bəyanatını formalaşdırdı. Onun sözlərinə görə, Ermənistan açıq şəkildə bildirməlidir ki, onun qonşu ölkələrə qarşı heç bir ərazi iddiası yoxdur və olmayacaq. “Bu, bizə öz dövlətçiliyimizə sahib olmaq şansı verəcək yeganə prinsipdir. Əks halda, hər dörd tərəfdən dövlətimizi məhv etməyə yönəlmiş hərəkətlər alacağıq”, - Paşinyan bildirib.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı da buna uyğun səslənib. Şuşa şəhərində olarkən bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bununla da Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır: “Ermənistanın özünün bu barədə Qərbdəki bəzi dostlarından daha açıq danışması vacibdir”.

Bu gün Qarabağda bütövlükdə baş verənlər deyilənləri təsdiqləyir. Ermənistanın baş naziri deputatlardan birinin Qarabağın ermənilər tərəfindən tərk edilmiş bəzi kəndlərində azərbaycanlılar tərəfindən məskunlaşdırıldığı barədə məlumatı ilə razılaşıb. Baş nazir qeyd edib ki, əslində, 2020-ci ildə üç ölkənin - Azərbaycan, Ermənistan və Rusiyanın dövlət başçıları tərəfindən imzalanmış və qaçqınların öz evlərinə qayıtmaq hüquqları ilə bağlı üçtərəfli bəyanatın bəndlərindən biri məhz bu yolla yerinə yetirilir.

Nikol Paşinyan təsdiqləyib ki, ABŞ-da mayın 5-də Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında başa çatan danışıqlarda “çox konkret sənəd” müzakirə olunub. O, təfərrüatları açıqlamasa da, parlamentin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubenyanın danışıqlara qoşulduğunu təsdiqləyib.

Türkiyənin bağladığı hava məkanı mövzusuna qayıdan Nikol Paşinyan bu hekayənin necə bitə biləcəyi sualına cavab verməyib. O, bütövlükdə ölkənin təhlükəsizliyindən danışaraq bəyan edib ki, Ermənistanın təhlükəsizliyini kimin təmin etmək iqtidarında olması məsələsini gündəmə gətirmək mümkün deyil. Baş nazirin sözlərindən belə çıxır ki, bu, Ermənistanın özünün vəzifəsidir: “Sülhə nail olmaq mümkündür. Bunun üçün bizim siyasi iradəmiz var. Məsələ ondan ibarətdir ki, biz nə dərəcədə dünyanın Ermənistan və onun xalqı üçün məqbul sayılan parametrlərini formalaşdıra biləcəyik”.

Bu arada Ermənistanın Mülki Aviasiya Komitəsi hələ də Türkiyədən hava məkanının bağlanması ilə bağlı rəsmi bildiriş almayıb. Bu qurumun rəhbərinin köməkçisi Lilit Ağabekyanın sözlərinə görə, Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar ləğv edilib, lakin Türkiyəyə birbaşa uçuşlar qadağan edilməyib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu vəziyyəti çox sadə izah edib: “Bu, İrəvanda türk vətəndaşlarının qatillərinə abidənin açılışına cavabdır”.

Qarşıda növbəti görüşlər, Ermənistan-Azərbaycan danışıqlarının növbəti raundlarının keçiriləcəyi gözlənilir. Brüsseldə, sonra Moldovada, daha sonar Moskvada və s. və ilaxır. Nəticədə, görüşlərin sayı artır, sülh isə heç üvüqdə də görünmür. Amma çıxış yolu var və bunu Azərbaycan Prezidenti Şuşada çıxışı zamanı açıq və konkret şəkildə bildirdi. Ermənistan Azərbaycanla heç bir vasitəçi olmadan problem həll edə bilər. İkitərəfli farmatın alternative yoxdur, vasitəçilər çoxaldıqca maraqlar da, fikirlər də, məsləhət-nəsihətlərin də sayı artır. Ermənistan özündə cəsarət tapmalı və birbaşa danışıqlarda Azərbaycanın təklif etdiyi prinsiplər əsasında sülh müqaviləsini imzalamalıdır. Əks təqdirdə Ermənistana lazım olmayan sülh bizə də lazım deyil.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə