“Prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müasir dövrümüzün ən müdrik, uzaqgörən dövlət rəhbərləri kimi bəşəriyyətin diqqət mərkəzindədir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, dövlət rəhbərlərinin birliyi, həmrəyliyi digər dövlətlərə bir nümunə olmaqla bərabər, həm də ölkələrin inkişafı, əməkdaşlığın möhkəmlənməsi üçün bir stimuldur.
“Türkiyə və Azərbaycan rəhbərlərini ilk növbədə bəşəri dəyərlərə sadiqlik, sülh, demokratiya, bərabərlik, insan azadlığı, dövlətlərin suverenliyinə və müstəqilliyinə hörmət, xeyirxahlıq amalları və təmənnasız, bir-birlərinin maraqlarına xələl gətirməyən maraqlar, dövlətlərin gələcəyini birləşdirir. Türkiyənin dövlət rəhbərinin, türk xalqının daimi olaraq Azərbaycanın haqq çağırışlarına cavab verməsi, 44 günlük müharibə dövründə hər an xalqımızın yanında olması, Şuşa Bəyannaməsi kimi bir sənədin imzalanması, eləcə də təbii fəlakət günlərində başda Prezidentimiz və hörmətli Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycanın türk xalqına dəstək verməsi, yardım etməsi, bu günlərdə zəlzələ zonasında min evin tikilməsinə qərar verilməsi Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev qardaşlığının, xalqların birliyinin və ayrılmazlığının bir nümunəsidir.
İki qardaş dövlət rəhbərlərinin dostluğu və əməkdaşlığı dünyanı müharibə və dağıntılardan, miqrant problemlərindən, ərzaq və enerji böhranlarından qurtarmağa xidmət edir və dövlət rəhbərlərinin bütün səyləri xalqlarımızın və dünya ölkələrinin gələcəyinə hesablanmışdır. Bu günlərdə İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalındakı çıxışlarında da hər iki dövlətin rəhbəri bir daha qardaşlığın və dostluğun sarsılmaz, əbədi olduğunu dilə gətirməklə dünyaya özlərinin sülh, əminamanlıq mesajlarını verdilər. Bugünkü nailiyyətləri qiymətləndirməklə bərabər, gələcək planlarından söz açdılar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi, “Bir millət, iki dövlət, bir yumruq!” ifadəsi Türk dünyasına yeni bir mesaj, birlik çağrısı idi və sürəkli alqışlarla qarşılanması təbii idi. Var olsun belə dostluq və qardaşlıq. Hər birimiz yaxşı bilir və inanırıq ki, Türkiyə-Azərbaycan birliyi əbədidir”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB