Sərhəd-keçid məntəqəsinin doğurduğu REZONANS - TƏHLİL

Sərhəd-keçid məntəqəsinin doğurduğu REZONANS - TƏHLİL

Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması təkcə Ermənistanda deyil, eləcə də Rusiyada belə rezonans doğurmuş oldu. Sərhəd-keçid məntəqəsinin qurulmasından dərhal sonra Rusiya sülhməramlılarının komandanı Volkovun Lentsovla əvəzlənməsi bunu təsdiq edir. Təsdiq edir ki, Azərbaycanın atdığı hüquqi addım və cəsarətli qanuni gediş rusların da diqqətini cəlb edib və Lenstsovun dərhal bölgəyə göndərilməsi müəyyən suallar doğurmaya da bilməz. “Kreml nə düşünür, nə etmək niyyətindədir və nə planlaşdırır” sualı əlbəttə ki, mövcud vəziyyət üçün ən çox düşündürücü sualdır.

Sözsüz ki, sərhəd-keçid məntəqəsinin qurulması ruslar üçün arzuolunmaz, yaxud da, ən azından gözlənilməz oldu. Laçın yoluna nəzarət missiyasını üzərinə götürən sülhməramlı kontingenti üçün isə bu məqam ümumiyyətlə, qəbuledilən deyildi, amma reallıq göz önündədir və bu reallığın kimləri isə müəyyən addımlar atmağa vadar etdiyi dərhal özünü göstərdi. Volkovun Lentsovla əvəzlənməsi təsdiq etdi ki, sərhəd-keçid məntəqəsinin qurulması ilə bağlı Azərbaycanın atdığı cəsarətli addım rusları heç də qane etməyib və Rusiya sülhməramlılarının yeni komandanının dərhal bölgəyə göndərilməsi Moskvanın mövcud situasiyanı dəyişmək niyyətində olduğunu göstərir.

Nəzərə almaq lazımdır ki, öz ərazilərində təhlükəsizliyi təmin etmək, həmin əraziləri xarici müdaxilələrdən qorumaq Azərbaycanın suveren hüququdur və bu məqsədlə ərazisinə silah-sursat daşınmasının qarşısını almaq üçün sərhəd-keçid məntəqəsi qurmağa haqqı çatır, hansı ki, buna görə ölkəmizə hərhansı bir narazılıq belə ifadə oluna bilməz. Kimsə, yaxud hansısa qüvvə Azərbaycan əsgərini sərhəd-keçid məntəqəsindən çıxarmaq, həmin məntəqədə qaldırılan Azərbaycan bayrağını endirmək iqtidarında deyil. Ələlxüsus rusiya sülhməramlıları belə bir fikrə düşə bilməzlər, çünki məhz onların gözləri önündə separatçılar Azərbaycan ərazilərinə, erməni əsillilərin məskunlaşdığı ərazilərə silah-sursat, mina, hərbi texnika, eləcə də canlı qüvvə yığırdılar və buna elə sülhməramlı kontingent özü ən azından müşahidəçi mövqedən yanaşırdı. Hətta separatçıların onların, sülhməramlıların köməyindən, dəstəyindən də istifadə etmədən buna cəsarət belə edə bilməyəcəyini hər kəs yaxşı bilir. Bu baxımdan sülhməramlıların indi özləri üçün arzuolunmaz hesab etdikləri vəziyyətlə bağlı narazılıq belə ifadə etmək kimi bir niyyəti də ortaya çıxa bilməz. Amma etiraf etmək lazımdır ki, ruslar mövcud vəziyyətə bacardıqca müdaxilə etmək, yaxud da situasiyanı az da olsa, özlərinə lazım olan istiqamətdə dəyişmək arzusundadırlar. Bəs görəsən, onların dəyişmək istədikləri nədir və nəyə nail olmağa çalışırlar? Volkovu əvəzləməklə Moskva nə kimi dəyişiklik edəcəyinə ümid edir və hansı niyyətini gerçəkləşdirmək istəyir?

Azərbaycan əsgərinin Laçın yolunun girişinə qoyulan postda dayanmasından sonra ermənilərin sülhməramlı kontingentinə irad bildirməyə başladıqları Kremli ən azından narahat etməyə başlayıb. Başda elə erməni baş nazir Nikol Paşinyan olmaqla Ermənistan tərəfi Rusiyaya narazılıqlarını açıq şəkildə ifadə etmələri rusların bölgədə mövqeyinə, varlığına şübhə ilə yanaşmaq deməkdir. Bu isə Moskva üçün heç də adi hal deyil, çünki ruslar ermənilərin belə haldan istifadə edərək Qərbə meyl etmələrini əsaslandıracaqlarını yaxşı bilirlər. Yaxşı bilirlər ki, onsuz da Qərb yönümlü Ermənistan bu məqamdan istifadə edərək, Rusiyadan üz döndərmələrinə haqq qazandırmaq şansı əldə edirlər. Ona görə də Rusiya ciddi cəhdlə mövcud situasiyaya hansısa, ən kiçik olsa belə, dəyişiklik etməyi planlaşdırır. Onsuz da Azərbaycan əsgərinin Laçın yolunun girişinə qoyulan postda dayanmasına qarşı çıxa bilməyən ruslar xırda bir dəyişiklikdən başqa heç nəyə ümid etmirlər və edə bilməyəcəkləri ilə də barışıblar. O zaman bu xırda dəyişiklik nə ola bilər və nə nəzərdə tutulur?

Bəli, bu gün artıq Azərbaycan əsgəri Laçın yolunun girişinə qoyulan postda nəzarəti özü həyata keçirir. İndi ilk növbədə ermənilər bundan narahatdırlar, çünki artıq heç bir sülhməramlı kontingent, heç bir tərəf onların qanunsuz yük daşımalarına, ərazilərimizə silah-sursat, mina, hərbi texnika, canlı qüvvə gətirməsinə kömək edə, dəstək dura bilməyəcək. Onlar Azərbaycan əsgərinin gözündən belə yayına bilməyəcəklərini, hansısa yollardan istifadə edib çirkin niyyətlərini həyata keçirə bilməyəcəkərini bildikləri üçün yuxularını qarışdırıblar. Özlərini də çox ağır, çətin və problemli durumda hiss etdikləri üçün çıxış yolunu ruslara yalvarmaqda, onlardan hansısa kömək ummaqda görürlər. Son vaxtlar Ermənistan hakimiyyətinin, şəxsən Paşinyanın özünün ruslara bu xüsusda yalvarması, bəzən də sülhmətramlıları öz öhdəliklərini yerinə yetirməməkdə günahlandırması Rusiyada da rezonans doğurub və Volkovun təcili şəkildə əvəzlənməsi bunu isbatlayır. Bir halda ki, Azərbaycan əsgərini heç bir qüvvə sərhəd-keçid məntəqəsindən çıxara bilməz, bəs onda ruslar çıxış yolunu nədə görə bilərlər?

Çox güman ki, Kremlin çalışdığı Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsində Azərbaycan əsgəri ilə bərabər rus sülhməramlısının da dayanması barədə razılıq əldə etməkdir. Bir sözlə, ruslar Laçın yolunun girişinə qoyulan postda Azərbaycan əsgəri ilə birlikdə dayanmaq istəyirlər. Heç şübhəsiz ki, bundan artığına Moskva ümid edə bilməz. Hətta bununla hansısa mənada narazılığın qarşısının alınacağından başqa ikinci bir yol da görmürlər. Ən azından ermənilərin vurduqları tənədən yaxa qurtarmaq üçün buna çalışdıqları, yaxud çalışacaqları anlaşılandır. Elə Volkovun əvəzlənməsi özü belə bu niyyətlədir və rəsmi Moskva belə bir əvəzləmə ilə guya hansısa dəyişiklik edəcəyi barədə ən azından təəssürat yaratmağa çalışıb. Nə dərəcədə buna nail olduğu, yaxud olacağı hələ bundan sonra bilinəcək, amma ən azından nəyə cəhd etdiyi bəllidir.

Rusların Azərbaycan əsgəri ilə bərabər sərhəd-keçid məntəqəsində dayanmaq istəyi artıq bilinir. Təsadüfi deyil ki, hazırda bununla bağlı danışıqların aparıldığı barədə məlumatlar da yayılıb. Bunu da xatırlayırıq ki, Azərbaycan tərəfi sərhəd-keçid məntəqəsinin fəaliyyətində Rusiya sülhməramlıları ilə əməkdaşlıq ediləcəyini bir zaman açıqlamışdı. Sözsüz ki, söhbət əməkdaşlıqdan gedirdi və bu o demək deyil ki, sərhəd-keçid məntəqəsində Azərbaycan əsgəri ilə bərabər rusların da dayanacağı barədə proqnoz vermək olar. Xeyr, belə bir niyyətimiz yoxdur. Əməkdaşlıq dedikdə hələ nəyin nəzərdə tutulduğu bəlli deyil və əməkdaşlığın hansı formada olacağı barədə də bir fikir bildirmək olmaz. Ən azından indidən belə bir fikir söyləməyə dəyməz.

Doğrudur, ruslar sərhəd-keçid məntəqəsində Azərbaycan əsgəri ilə bərabər dayanmaq istəyini bildirə və bununla nəyə isə nail olacaqlarını düşünə bilərlər. Ən azından ermənilərin ağızlarını yummaq üçün buna cəhd edə bilərlər. Amma buna artıq ümid etməyə dəyməz. İstər sülhməramlı kontingentinin komandanının dəyişdirilməsi, istərsə də sərhəd-keçid məntəqəsində Azərbaycan əsgəri ilə bərabər dayanmaq istəyini izhar etmələri heç nəyi dəyişən deyil. İndi artıq sülhməramlıların da, digərlərinin də proseslərə təsir imkanları demək olar ki, yox dərəcəsindədir, nəzarət Azərbaycanın öz əlindədir. Xüsusən də, sülhməramlıların bölgəyə ilk gəlişi ilə müqaisədə onların təsir imkanları minimuma enib və yeri gəlmişkən, bu məsələdə günahın böyüyü onların özlərindədir. Əgər sülhməramlı kontingenti bu zamana qədər separatçıların qulağını vaxtı-vaxtında bursaydı, onların qanunsuz əməllərinə, ərazilərimizə silah-sursat, hərbi texnika, canlı qüvvə daşınmasına mane olsaydı, ən azından belə bir vəziyyətə düşməz, təsir imkanları da yox həddə enməzdi. Bunu elə özləri də hamıdan yaxşı başa düşürlər və indi çox ehtiyatlı yanaşmaları da bu səbəbdəndir.

Lentsovun Volkovu əvəz etməsi ilə ermənilər istədiklərinə nail ola bilməyəcəklər. Bunu ruslarla yanaşı, ermənilər də yaxşı bilirlər. Hayların əksəriyyəti bilirlər ki, Volkovun əvəzlənməsi sadəcə, guya gunahkarın Moskva tərəfindən cəzalandırılması kimi göstərmə bir addımdır. Kəskin etirazın olmaması, eləcə də müşahidə edilən proseslər təsdiq edir ki, Laçın yoluna post qoyulması reallığını Rusiya qəbul edib, bu, həmin ölkənin işinə yaramasa da. Hər bir halda sərhəd-keçid məntəqəsi ilə bağlı rezonans göz önündədir. Bu rezonansı Ermənistan tərəfinin də, Rusiyanın da davranışlarında hiss etmək heç də çətin deyil. Amma reallıq ondan ibarətdir ki, kimin, hansı tərəfin nə istəməsindən, nəyə nail olmağa çalışmasından, nəzarəti əldən vermək istəməməsindən, yaxud da başqa nələrdənsə asılı olmayaraq, artıq Azərbaycan proseslərə özü nəzarət edir və bundan sonra da belə olacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə