"Prezidentin "Teknofest"də iştirakı tarixi əhəmiyyətli hadisədir" - DEPUTAT DANIŞDI
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyədə "Teknofest" festivalında iştirakı bir neçə baxımdan əhəmiyyətlidir. Bunlardan birincisi Türkiyənin son dövrdə, xüsusilə Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə olduğu illərdə texniki baxımdan inkişafıdır. Bu gün Türkiyə bütün dünyaya texniki vasitələr ixrac edən bir ölkədir. Biz Azərbaycanda Vətən müharibəsinin gedişatı zamanı Türkiyə texnikası ilə əldə edilən uğurlar sayəsində də bunun yaxından şahidi olduq". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.
Onun sözlərinə görə, sözügedən festivalda iştirakımız Türkiyəyə bir dəstəkdir: "Digər bir tərəfdən artıq Türkiyə Atom enerjisindən istifadə edən ölkəyə çevrilib. Bu günlərdə qurulan stansiya bütövlükdə Türkiyədə elektrik enerjisinin 10 faizini təşkil edəcək ki, bu özü də olduqca böyük nailiyyətdir. Eləcə də Qara dənizdə qaz ehtiyatlarının tapılması və ondan istifadə də eyni qəbildən olan uğurlar sırasındadır. Bütün bu nailiyyətlər qardaş ölkə olaraq bizi də çox sevindirir. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyədə olması və bu nailiyyətlərlə əlaqədar öz münasibətini bildirməsi iki ölkə arasındakı bağın nə qədər güclü olduğunu göstərən amildir.
Qarşıdakı müddət ərzində Türkiyədə prezident və parlament seçkiləri baş tutacaq. Prezident İlham Əliyevin bu ərəfədə Türkiyəyə etdiyi səfər həm də hər zaman qardaş Türkiyənin yanında olduğumuzu vurğulayan addım oldu. Bütövlükdə dövlət başçısının "Teknofest"də iştirak etməsi tarixi əhəmiyyətli hadisədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB