"ABŞ öz Qərb müttəfiqlərini yanlış yoldan çəkindirməlidir" - POLİTOLOQ ŞƏRH ETDİ

"ABŞ öz Qərb müttəfiqlərini yanlış yoldan çəkindirməlidir" - POLİTOLOQ ŞƏRH ETDİ

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidentinə zəng edərək iki ölkə arasında əlaqələr, eyni zamanda regiondakı proseslərə ABŞ-ın mövqeyini ifadə edib. Ümumiyyətlə, 2023-cü ilin əvvəllərindən başlayaraq ABŞ Cənubi Qafqazda proseslərin tənzimlənməsi, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması baxımından xüsusi fəallıq nümayiş etdirir. Xüsusilə də Rusiyaya qarşı aparılan qlobal mübarizədə kollektiv Qərb, ABŞ Rusiyanın təsir imkanları mövcud olan bir çox bölgələrdən, eləcə də Cənubi Qafqazdan çıxarılmasında Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsini əsas vasitə kimi görür”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, buna görə də son dövrlərdə mümkün imkanlardan istifadə edərək iki dövlət arasında sülh prosesi ilə bağlı razılaşmaların əldə olunmasına çalışır: “Blinkenin təşəbbüsü ilə belə bir danışığın baş tutması da növbəti dəfə proseslərə Azərbaycan liderinin mövqeyini öyrənmək və bu mövqe üzərindən növbəti addımların atılması məqsədi daşıyır. ABŞ çox gözəl dərk edir ki, Azərbaycan maraqlarına, mövcud reallıqların ruhuna xidmət etməyən istənilən təklif dövlətimiz tərəfindən qəbul edilə bilməz. Eyni zamanda, Ermənistan Qərb və Rusiya arasında manevrlər etməklə bölgədə özü üçün daha uyğun reallıqlar formalaşdırmaq və bu reallıqların diqtə etdiyi şərtlər daxilində Azərbaycanla danışıqlar aparmaq istəyir. ABŞ da bunu çox yaxşı bilir”.

Politoloq sözlərinə davam edərək bildirib ki, Ermənistanın bununla bölgə dövlətlərinin maraqlarına ciddi zərbələr vurduğunu bütün güclər dərk edir: “Ona görə də bugünkü gündə daha çox Ermənistana təzyiqlər edərək onun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi istiqamətində addımların atılmasına xidmət edən davranışlar tələb edilir. Hesab edirəm ki, bu fəallıq nəticəsində nəhayət ki, Ermənistan manipulyativ davranışların heç bir xeyir verməyəcəyini və yalnız praktik addımlar atmaqla öz mövcudluğunu qoruya biləcəyini dərk edəcək. Bu isə bölgəmizdə kövrək də olsa, bölgəmizdə əldə olunmuş sülhün möhkəmlənməsinə, qarşılıqlı əlaqələrin qurulmasına töhfə verəcək. Düşünürəm ki, ABŞ artıq Fransanın Ermənistanda yanlış təsəvürlərin formalaşmasına xidmət edən davranışlarına qarşı bir mövqe ortaya qoymalıdır. O, Qərb müttəfiqlərini də yanlış mövqedən çəkindirməyə çalışmalıdır. Bu halda ABŞ-ın ortaya qoyduğu iradə daha real və nəticəyönümlü ola bilər”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə