Turizmin inkişafına bütün dünyada xüsusi diqqət yetirilir və bu heç də əbəs yerə, yaxud da təsadüfi deyil. Dünyanın bir çox inkişaf etmiş, qabaqcıl ölkələrində bu sahənin inkişaf etdiyini müşahidə edirik, çünki turizmin inkişafı ölkə büdcəsinə kifayət qədər vəsaitin daxil olması, məşğulluq səviyyəsinin artması, sosial rifahın daha da yaxşılaşması deməkdir. Bu baxımdan ölkəmizdə də turizm sahəsinə dövlətimizin diqqəti, qayğısı yüksək səviyyədədir və nəzərə alsaq ki, Azərbaycan coğrafi baxımdan məhz turizm üçün əlverişli mövqeyə malikdir, deməli, bu sahənin daha sürətlə inkişaf edəcəyinə ümid etməyə hər birimizin haqqı var.
Statistik göstəricilər təsdiq edir ki, ötən il Azərbaycanda turizmin bərpasında və inkişafında əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunub. Beləki, il ərzində ölkəmizi ziyarət edən qonaqların sayı 1 milyon 602 min nəfəri keçib və bu da əvvəlki dövrlə müqaisədə iki dəfə artım deməkdir. Deməli, ildən-ilə ölkəmizə gələn turistlərin sayı artmaqdadır və bu müsbət dinamika qarşıya qoyulan hədəflərə çatacağımızdan xəbər verir. Bir halda ki, ildən-ilə bu göstərici iki dəfə artır və ötən il əvvəlki dövrlə müqaisədə iki dəfə çox, yəni ölkəmizə gələn turistlərin sayı 1,6 milyon nəfərdən artıq olub, deməli, 2026-cı ilə qədər ölkəmizi ziyarət edəcək turistlərin sayının 4 milyon nəfərə çatdırmaq barədə qarşıya qoyulan hədəfimizə çatacağımıza zərrə qədər şübhə qalmır.
Faktiki olaraq pandemiyaya qədər ölkəmizə turist axını rekordu 3,7 milyon təşkil edib və bu o deməkdir ki, nəzərdə tutulan nəticə realdır və buna nail olmaq mümkündür. Bunun üçün ölkəmizdə bir sıra işlər görülür, planlar həyata keçirilir. Görülən işlər və planlar sayəsində nəzərdə tutulan göstərici əldə edilərsə, 2026-cı ildə ümumi turizm gəlirləri 2021-ci illə müqayisədə 4 dəfə artmış olacaq. Bu isə o deməkdir ki, ümumi turizm gəlirləri 11,2 milyard manata çata bilər və bu zaman həmin gəlirlərin 49 faizi, yaxud da manatla ifadə etmiş olsaq, 5,5 milyard manatı xarici turistlərin payına düşər.
Bir halda ki, 2022-ci ildə ölkəmizə gələn xarici turistlərin sayı 1,602 milyon nəfər təşkil edib və bu ötən dövrün göstəricisindən iki dəfə çoxdur, deməli, Azərbaycanın turizm sektorunda canlanma müşahidə olunmaqdadır. Belə bir canlanma və inkişaf da öz növbəsində sözsüz ki, ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Təbii ki, bütün bunlar nəzərə alınaraq, ölkəmizdə turizm sektorunun davamlı inkişafını təmin etmək üçün strateji, institusional və maliyyə mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur. Bu istiqamətdə də təxirəsalınmaz işlər görülür, planlar həyata keçirilir. Turizmin inkişafına mənfi təsir göstərən postpandemiya dövründən çıxmaq mərhələsində olan Azərbaycan məhz turizm sektorunda sürətli inkişaf mərhələsindədir desək yanılmarıq. Çünki məhz turizmin inkişaf etdirilməsi məqsədi ilə ölkədə əlverilşli şərait yaradılıb, hətta milli turizm komplekslərinin rəqabət qabiliyyəti də artırılıbdır.
Sözsüz ki, pandemiya digər sahələrdə olduğu kimi turizmə də öz mənfi təsirlərini göstərmiş oldu. Əlbəttə ki, məhdudiyyətlərin olması ən çox da turizm sahəsinə mənfi təsirsiz ötüşə bilməzdi və ötüşmədi də. Hələ də bu məsələ ilə bağlı çətinliklər var, çünki xüsusi karantin rejimi ilə bağlı maneələr hələ tam aradan qaldırılmayıb. Əgər respublikanın quru sərhədlərinin bağlanması yenidən iyulun 1-dək uzadılıbsa, deməli, ölkəyə turist axının sürətlənməsində maneələr var. Doğrudur, bu heç də çıxış yolunun olmaması demək deyil. Əvvəla, ölkəmizin quru sərhədlərinin bağlı olduğu şəraitdə daxili turizmin inkişafına təkan verilib və daxili turizmin təşviqi, yerli əhalinin turizm imkanlarından istifadə etməsi üçün turizm agentlikləri və özəl sektor tərəfindən müvafiq tədbirlər görülməkdədir. Bu tədbirlər isə öz bəhrəsini çoxdandır ki, verir, amma hər bir halda müvafiq istiqamətdə məhdudiyyətlərin tamamilə aradan qaldırılması turizm sektorunun daha sürətli inkişafı və bu sahədə gəlirlərin artması deməkdir. Ümid edirik ki, respublikanın quru sərhədlərinin bağlanması ilə əlaqədar məhdudiyyətlər də tezliklə aradan qaldırılar və bu zaman sözügedən sahənin inkişafında daha böyük fərqi, əhəmiyyətli dərəcədə artımı müşahidə etmiş olarıq. Nəzərə alsaq ki, məhz 2019-cu ildə ölkəmizə səyahət edən turistlərin 58,7 faizi avtomobil, qismən də dəmir yolu nəqliyyatı ilə gəlib, deməli, pandemiya məhdudiyyətləri aradan qaldırıldıqdan və qonşu ölkələrlə turist mübadiləsi bərpa edildikdən sonra gələcəkdə yalnız transsərhəd avtobus, dəmir yolu və avtomobil nəqliyyatının ölkəyə giriş potensialını iki milyon xarici vətəndaş səviyyəsində qiymətləndirmək mümkündür. Buraya respublikamızın avtomobil nəqliyyatı ilə səyahət edən vətəndaşlarını da əlavə etsək, o zaman bu rəqəmləri daha da artıq proqnozlaşdırmaq olar.
Diqqətə çatdıraq ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var. İşğaldan azad edilən ərazilərimizdə aparılan quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması yaxın gələcəkdə Qarabağın istirahət imkanlarından istifadə etmək üçün şərait deməkdir. Deməli, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında turizmin inkişafı, bu sahənin genişləşdirilməsi, yeni istiqamətlərin müəyyən edilməsi baxımından çox yüksək potensialın olduğu təkzib edilə bilməz. Xüsusən də, hal-hazırda Füzuli və Zəngilan beynəlxalq hava limanlarının fəaliyyət göstərməsi, bu ilin sonuna, ya da gələn ilin əvvəlinə qədər Laçında hava limanının gözlənilən açılışı regionda beynəlxalq turizmin inkişafına əsaslı zəmin yaradır. Bu isə məhz turizm sektoruna investisiyaların cəlb edilməsi üçün əlverişli şərait deməkdir. Məhz bu şərait nəzərə alınaraq, Azərbaycanın profil strukturları Avropa, Türkiyə, Çin, postsovet ölkələrində keçirilən ixtisaslaşmış turizm forumlarında investorların cəlb edilməsi istiqamətində işlərini olduqca gücləndiriblər. Nəzərə çatdırmaq yerinə düşərdi ki, bir çox yerli və xarici özəl şirkətlər bu sahənin inkişafında maraqlı olduqlarını da bildirirlər. Artıq işğaldan azad edilmiş ərazilərimizdə termal, dağ, qış, ovçuluq, kənd təsərrüfatı və “yaşıl” turizmə böyük maraq göz önündədir. Məhz dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində turizm sahəsində bəzi layihələrin reallaşdırıldığı da diqqətdən yayınan deyil. Məsələn, Şuşada mehmanxana kompleksinin yaradılması ilə geniş turizm infrastrukturu ərsəyə gəlib, Suqovuşanda, Hadrutda istirahət zonalarının yaradılmasına start verilib.
Türk dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşa şəhəri özü turizm üçün geniş potensiala malikdir. Cari ilin sonuna qədər müvafiq strukturun, eləcə də ilkin turizm potensialının formalaşdırılması başa çatacağı zaman bu mədəniyyət paytaxtı turizmin qəbulu üçün çox böyük tövhələr verəcək. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərimizin böyük turizm potensialının olması heç də sirr deyil, amma həmin ərazilərdə separatçılar tərəfindən minaların basdırılması bu məsələdə maneələr deməkdir. Bir halda ki, həmin ərazilər minalardan təmizlənir, deməli, bu ərazilərdə yol, enerji və kommunal infrastruktur formalaşacaq və formalaşdıqca da turizm potensialının inkişafı istiqamətində müvafiq işlərə başlanılacaq. Sözsüz ki, həmin işlərə başlanılması, eləcə də reallaşdırılması məşğulluq səviyyəsinə də öz müsbət təsirini göstərəcək. Hesablamalara görə, 2030-cu ilədək təkcə Qarabağ iqtisadi rayonunda turizm sektorunda 1,5-2 minə yaxın daimi iş yerinin yaradılması proqnozlaşdırılır ki, bu da həmin ərazilərə qayıdan əhalinin rifah halının daha da yaxşılaşdırılmasına öz müsbət təsirini göstərmiş olacaq.
Ümumiyyətlə, ölkəmizdə turizmin inkişafı üçün digər rayonlarımızın da kifayət qədər potensialı mövcuddur. Dağlıq rayonlarda istər yerli, istərsə də xarici turistlərin diqqətini cəlb edəcək kifayət qədər yerlər vardır ki, məhz turizm üçün əlverişli hesab olunur. Böyük Qafqazın ətəklərində ucsuz-bucaqsız meşələr, dağ çayları, şəlalələr, göllər və füsünkar təbiət mənzərələri hər zamankı kimi turistlərin marağına səbəb olur. Həmin ərazilərdə turizmin inkişafı üçün müvafiq işlərin görülməsi öz müsbət nəticələrini verməkdədir və hələ bundan sonra daha böyük nəticələrə də ümid etməyə dəyər. Azərbaycan istər təbiəti, istər sərvətləri, istərsə də maddi-mədəni irsi ilə turistlərin diqqətini hər zaman cəlb edib. Tarix boyu ölkəmizin ərazisinə xarici turistlərin maraq göstəridiyi hər kəsə bəllidir. Nəzərə alsaq ki, Azərbaycan öz maddi-mədəni irsi, özünəməxsus füsünkarlığı ilə dünyanın diqqət mərkəzindədir, deməli, belə bir marağın indi daha da artdığını cəsarətlə söyləyə bilərik. Bütün sadalananlar onu deməyə əsas verir ki, turizm sahəsində gözlənilən inkişaf heç də uzaqda deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB