Əsirlərimizə qarşı zorakılıq edənləri düşündürməli SUALLAR - TƏHLİL

Əsirlərimizə qarşı zorakılıq edənləri düşündürməli SUALLAR - TƏHLİL

Azərbaycanlı əsirlərlə bağlı məsələ, onların incidilməsi, işgəncələrə məruz qoyulması əslində, Ermənistan tərəfini ciddi narahat etməli idi, çünki bu, heç də hansısa normalara sığışmır və rəzalətdən başqa bir şey deyil. Dünya ictimaiyyəti isə bunun əksini müşahidə etməkdədir və hələ də əsirlərimizin geri qaytarılmaması erməni cəmiyyətinin məsələnin mahiyyətini dərk etmədiyindən, anlamadığından xəbər verir. Eyni zamanda əsirlərə qarşı vəhşilik, zorakılıq ənənəsi ermənilərin kimliyini bir daha ortaya qoydu və dünya ictimaiyyəti onların xislətinin dəyişmədiyinin bir daha şahidi oldu.

Sosial şəbəkələrin erməni seqmentində yayılan foto və video görüntülərdə azərbaycanlı əsirlərə qarşı vəhşicəsinə davranıldığı öz əksini tapır. Bu görüntülərin ermənilər tərəfindən böyük həvəslə paylaşıldığı təsdiq edir ki, yanlışlıq etdiklərinin fərqində belə deyillər. Görünür, işğalçı ölkə hakimiyyəti belə bu məsələnin mahiyyətini anlamaqda çətinlik çəkir. Yaxud, Paşinyan komandası bunu anlasa da belə bu istiqamətdə doğru, düzgün iş apara bilməyib, ya da aparmaq marağında deyil. Amma hər bir halda buna ciddi ehtiyac olduğu göz önündədir və qətiyyən təkzib edilə bilməz.

Maraqlıdır, əl-qolu bağlı halda olan azərbaycanlı əsirlərə qarşı vəhşicəsinə davranan, onları təpikləyən erməni gənclər bununla özlərini qəhrəmanmı hesab edirlər? Tək olan, özü də azmış və yorğun, halsız vəziyyətdə olan birinə qarşı güc tətbiq etmək, onu təkləyib əzişdirmək hünər sayılırmı ermənilər arasında? Bir neçə azərbaycanlı ilə döyüş meydanında rastlaşanda, əlbəyaxa olmaq məcburiyyətində qalanda onlar özlərini belə dırnaqarsı “igid” kimi təsəvvür belə edə bilərlərmi? Bilməzlər. Bunu 44 günlük döyüşlər artıq təsdiq etdi və bütün dünya ictimaiyyəti gördü ki, erməni əsgərləri, özü də silahlıları azərbaycanlı döyüşçüləri gördükləri zaman silahlarını belə döyüş meydanında qoyub qaçdılar. Onlar arasında fərarilərin sayının 11 mindən də yuxarı olduğu Ermənistanda rəsmi şəkildə təsdiq olundu. İndi nə yaman “hünərli” olublar yorğun azərbaycanlı əsgəri öz ərazilərində azmış şəkilədə tək gördükləri zaman?

Bir neçə gün əvvəl də Ermənistanda keçirilən beynəlxalq idman yarışında bir erməninin Azərbaycan bayrağını qəflətən əldən qapıb yandırması özü də təsdiq etdi ki, bu toplumun xislətində igidlik yox, namərdlik var. Azərbaycanın işğaldan azad etdiyi torpaqlarında məğrur-məğrur dalğalanan bayraqlarına yaxın düşməyə cəsarəti çatmayan birinin ölkəsində bir qapalı zalda bayrağı əldən alıb yandırması onun dırnaqarası “hünərvərliyini” göstərir. Bu faktların hər biri ümumilikdə ermənilər üçün çox utancvericidir, xəcalətvericidir və bundan xəcalət çəkmək əvəzinə bu videoları sosial şəbələrdə yerləşdirmək, paylaşmaq axmaqlığın son həddidir. Çünki yalnız axmaqlar, ağılsızlar bunu edə bilərdi və dərkli insanlar bu vəziyyətdə yarana biləcək suallardan ən azından utanar və çəkinərdilər.

Əsirə qarşı vəhşicəsinə davranan toplumun “başbilənlərinin” işgəncələrə qarşı çıxmasında belə anormal yanaşmalar var və bu hallar yalnız ikrah hissi doğurur. Ən böyük ikrah hissi erməni ziyalılarının, guya ən ağıllılarının məsələyə özlərinə məxsus şəkildə yanaşmalarıdır və onların buna qarşı çıxmalarının səbəbləri daha iyrənc olduqlarını ortaya qoyur. Onlar əsirlərə qarşı belə vəhşicəsinə davranmağın ona görə əleyhinədirlər ki, Azərbaycan tərəfində əsirlərin olmasını düşünürlər və hesab edirlər ki, azərbaycanlılar da əvəzində onların əsirləri ilə adekvat olaraq, eyni şəkildə davrana bilərlər. Əvvəla, Azərbaycanın necə bir humanist ölkə olduğu, beynəlxalq hüququn norma və prinsplərinə necə riayət etdiyi göz önündədir və əgər ermənilər onlardan olan əsirlərə qarşı işgəncə barədə belə bir şayə yaysalar da dünya ictimaiyyəti buna inanmaz. Bunu erməni əsilli bir qoca qadını saxlayıb, müalicə də edib ölkəsində qaytardığımız zaman da gördülər, hərbi əsirlərə münasibətdə də müşahidə etdilər, hətta müharibə bitdikdən sonra yaxalanan təxribatçılar, terrorçularla münasibətlərdə də bunun şahidi oldular. Şahidi oldular ki, Azərbaycan əsirlərlə vəhşicəsinə davranmır, əksinə, onlara qarşı həssas yanaşır və lazım gəldiyi, hüququn icazə verdiyi təqdirdə ölkəsinə də geri qaytarır. Bütün bunlar məsələnin bir tərəfidir və bunu ermənilər təkzib edirlərsə, bu onların növbəti riyakarlıqlarıdır və buna inanan kimsənin tapılacağı belə şübhə doğurur. Məsələ burasındadır ki, Azərbaycandakı erməni əsilli əsirlərə görə onların ələ keçirdikləri əsirimizə vəhşicəsinə davranmanın əleyhinə olan erməni ziyalıları, başbilənləri bununla təsdiq edirlər ki, əgər bizdə onların əsirləri olmasaydı, deməli vəhşiliyə, qaniçənliyə bəraət qazandırmış, haqq vermiş olacaqdılar. Bu hələ ermənilərin ən “ağıllılarının” yanaşmasıdırsa, sadəcə bu toplum bir ikrah hissindən başqa bir şeyə layiq görünə bilməz.

Niyə ermənilər özlərinə bir sıra suallar verməkdən boyun qaçırırlar? Axı, onsuz da bu suallar hər kəsin beynində dolaşır və buna cavab verməsələr də cavabı bəllidir. Əsir düşən əsgərimizi döyən erməni gəncləri bilirlərmi ki, azərbaycanlı bir zabit Tiqran adlı erməni əsirə ilkin tibbi yardım göstərib, sonra onu hospitala aparıb, hətta onu ziyarət də edib. Bu insanlıq, bu humanizm qarşısında utanmaq kimi bir niyyətləri varmı onların? Düşünürlərmi ki, dünya bu iki ölkənin, bu iki xalqın davranışlarındakı kəskin fərqi çox yaxşı görür, hərçənd bunu ermənipərəstlər görməməzliyə vura bilərlər, bu şərt deyil. Şərt odur ki, Xocalıda törətdikləri soyqırımın, etnik təmizləmə siyasətinin, işğalçılıq əməllərinin fonunda azərbaycanlı qocalara, körpələrə, hamilə qadınlara qarşı vəhşilik etmələrinin, hətta meyitlər üzərində təhqiramiz əməllərinin, əsirlikdə saxladıqlarına qarşı bütün qeyri-insani işgəncələr vermələrinin qarşılığında onların əsirlərinə qarşı Azərbaycanda belə vəhşiliklər törədilmədi. Sözsüz ki, onların əməllərinin qisası alında, amma döyüş meydanında, hərb meydanında bunu gördülər, dinc əhaliyə, əsirlərə qarşı yox. Ölkəmizin, xalqımızın humanistliyi bütün dünya ictimaiyyəti tərəfindən dəfələrlə müşahidə edildi, hər kəs əmin oldu ki, erməni xalqı vəhşiliyi ilə öyünür, humanizmi, insanpərvərliyi ilə deyil. Həm də namərdcəsinə təkləməklə özünü “qəhrəman” kimi görməyə alışıb bu toplum və yenə də bu fonda suallar ortaya çıxır, hansı ki, cavabını ermənilər özləri axtarıb tapmalıdırlar. Heç olmasa, suallar onları düşündürməli, düşünməyə vadar etməlidir axı.

Görəsən, əl-qolu bağlı azərbaycanlı əsgərə, əllərinə düşən əsirə qarşı işgəncə verən, vəhşilik edən erməni gənclər bunu nə ilə əsaslandırırlar? Bunu niyə etdiklərini düşünürlər? Bu davranışları ilə vətənə xidmət etdiklərini düşünürlər, yoxsa 44 gün ərzində döyüş meydanında Azərbaycan Ordusundan hərb dərsi alan, eləcə də qaçıb canlarını fərariliklə qurtaran həmvətənlərinin heyfini çıxdıqlarını zənn edirdilər? Axı mülki əhalinin yaşadığı ərazilər, qeyri-hərb meydanı heyif çıxmaq yeri deyil. Bunun adı namərdlikdir, rəzillikdir. Əgər belə intiqam hissi ilə alovlanırlarsa, niyə qaçıb orda-burda gizlənmək əvəzinə, gedib Ermənistan silahlı qüvvələrində əsgəri xidmət etmirlər? Axı, vətənpərliyini göstərmək istəyənlərin vətəni hərbi baxımdan, şəxsi heyət azlığından da əziyyət çəkir və azərbaycanlı əsgərlə qarşılaşmaq istəyən həm xidmət etmək, həm də intiqam hissi ilə belə etməli idi. Bunu Azərbaycan əsgəri sübut etdi və göstərdi ki, 30 ilə yaxın işğal faktı ilə, soydaşlarımızın qətliamı ilə barışmayıb və döyüş meydanında bunun əvəzini çıxaraq, intiqamını da aldı. Bu intiqamı almaq üçün Azərbaycan əsgəri meşələrdə azmış erməni əsilli əsgəri axtarmadı, Ali Baş Komandanın əmrini düyar-duymaz könüllü şəkildə hərbi xidmətə, döyüş bölgəsinə yollandı, canı, qanı ilə vətənə sədaqətini, şəhid soydaşlarına ehtiramını sübut etdi, qisasını da aldı. Bunu dərk etmək, anlamaq əvəzinə, erməni gənclər çətin və görmə məhdudiyyətli hava şəraitində yolu müəyyən edə bilməyən, nəticədə də azıb ərazilərinə keçən əsgərə qarşı vəhşicəsinə davranmağı daha asan hesab etdilər. Bəlkə də onlar elə həmin o 11 minlik fərarilər arasında olanlardırlar ki, belə namərdlikdən başqa əllərindən bir şey gəlmədi.

Suallar çoxdur, amma görək bu suallara cavab vermək üçün onların sözü belə varmı? Yaxud, sözü, cavabı olmayanların əsir düşən əsgərlərimizə qarşı işgəncələrinə müşahidəçi mövqedən yanaşanlar, hələ də susanlar Azərbaycanı işğalçı ölkə olan Ermənistanla danışıqlarda konstruktivliyə hansı üzlə dəvət edirlər? Həm onlar, həm də əsirə qarşı vəhşilik edənlər bilirlərmi ki, rusların müvəqqəti nəzarəti altında olan ərazilərimizdə Ermənistanın silahlı qüvvələrinin silah daşıyan nümayəndələrinə qarşı eyni münasibət göstərmək hüququnu onların davranışlarının nəticəsi olaraq Azərbaycan əldə etmiş olur və bu hüququndan istifadə etsə, onda halları necə olar? Bilirlərmi ki, prosesə başlamaq baxımından Azərbaycan üçün bunlar tutarlı əsaslardır və belə yanlış yanaşmalar Birgə Bəyanatın dördüncü bəndinə əsasən təcili tədbirlərə zəmin yaradır və bu onlara baha başa gəlməyəcəkmi? Gələcək. Ona görə də belə məntiqi suallar barəsində əməlli-başlı, özü də vaxtında düşünsələr yaxşı olar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə