"Azərbaycan Qarabağ məsələsini kimləsə müzakirə etmək niyyətində deyil" - HƏRBİ-EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Qarabağ məsələsini kimləsə müzakirə etmək niyyətində deyil" - HƏRBİ-EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Salyan və Neftçalaya səfəri zamanı səsləndirdiyi mesajlar bir daha onu göstərir ki, Azərbaycan tərəfi Qarabağ məsələsini kimsə ilə müzakirə etmək niyyətində deyil və Qarabağda yaşayan vətəndaşlarımızın, o cümlədən orada qeyri-qanuni olaraq yerləşən erməni silahlılarının iki yolu var. Bunlardan birincisi silahı yerə qoyub Azərbaycana təslim olmaq, ikincisi isə ərazini dərhal tərk etməkdir. Kim Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağda qalmaq istəyirsə, o bizim vətəndaşımızdır və onlar Azərbaycan vətəndaşları üçün nəzərdə tutulan bütün hüquq və imtiyazlardan istifadə edə bilərlər. Kimlər ki, Azərbaycan vətəndaşlığını qəbul etmirsə, nə qədər o əraziləri tez tərk etsələr, bir o qədər onlar üçün yaxşı olar". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, cənab Prezident növbəti dəfə Azərbaycanın Qarabağda mövcud olan erməni silahlıların fəaliyyətlərinə səbr və təmkin nümayiş etdirməyəcəyini bir daha dilə gətirdi: "Bu ondan xəbər verir ki, yaxın perspektivdə Azərbaycan ordusu yeni ərazilərdə yerləşəcək. Daha doğrusu, Azərbaycan ordusunun bölmələri Rusiya kontingentinin müvəqqəti nəzarətində olan yeni ərazilərdə öz bayrağını qaldıracaq.

Böyük Ermənistan ideyasının daşıyıcılarından olan Serj Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan və digərlərinin Qarabağdan qovulması onu göstərir ki, digər silahlıların da həmin ərazilərdən qovulması heç bir problem təşkil etmir. İkinci Qarabağ müharibəsi zamanı da həmin adı çəkilən şəxslər dəstələri ilə birlikdə Azərbaycan ordusuna qarşı vuruşmaq üçün Qarabağda idilər. Lakin, onların fəaliyyətləri heç bir nəticə vermədi. Nəticədə 11 minlik erməni fərari ordusu bu gün dünya ictimaiyyətinə məlum bir faktdır.

Ermənistandan bir nəfər də olsun Azərbaycanın razılığı olmadan Qarabağ ərazilərinə nə girə, nə də çıxa bilmir. Ruben Vardanyanın fəaliyyətlərinin də nə ilə nəticələndiyi hamıya məlumdur".

Ədalət Verdiyev sözlərinə belə davam edib: "Cənab İlham Əliyev ordumuzun qəhrəmanlığı nəticəsində əldə etdiyimiz hərbi nəaliyyətləri hazırda siyasi və diplomatik yolla rəqiblər üzərindən tətbiq edir. Həmçinin, bu tətbiqi kifayət qədər də uğurla həyata keçirir. Paralel olaraq da Azərbaycan ordusu düşmən tərəfinə heç də böyük itkilər vermək niyyətində olmadığını, amma əraziləri də azad etmək hədəflərindən geri çəkilmədiyini göstərir.

Hesab edirəm ki, yaxın perspektivdə Azərbaycanın Ermənistan və onun havadarlarına qarşı hərbi, siyasi və diplomatik təzyiqləri davam edəcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə