"Hər iki ölkə bir-birinin suverenliyinə dəstək ifadə edir" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"Hər iki ölkə bir-birinin suverenliyinə dəstək ifadə edir" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"Son illər Bosniya-Herseqovina ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Bu günlərdə Prezident İlham Əliyevin bu ölkəyə səfəri, keçirdiyi yüksək səviyyəli görüşlər, əldə edilən razılaşmalar, imzalanan sənədlər və səsləndirilən bəyanatlar münasibətlərin gələcəkdə daha sürətlə dərinləşəcəyinə zəmin yaradacaq". Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

Onun sözlərinə görə, bu səfər Azərbaycanla Bosniya-Herseqovina arasında əməkdaşlığı yeni mərhələyə çıxaracaq: "Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri ölkələrimiz arasında münasibətləri bütün sahələrdə inkişaf etdirəcək. Qarşılıqlı iqtisadi, ticari əlaəqələr, investisiya qoyuluşları və digər əməkdaşlıqlar böyük perspektivlər vəd edir".

Siyasi müstəviyə gəldikdə isə siyasi şərhçi bildirib ki, ölkələrimiz arasında daha sıx əlaqələr mövcuddur: "Azərbaycan Prezidenti Bosniya və Herseqovinanı qardaş ölkə adlandırıb. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə edir. Yaxın zamanda səfirliklərin açılması nəzərdə tutulur. Azərbaycanla Bosniya və Herseqovina arasında imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldıracaq. Azərbaycanla Bosniya və Herseqovina arasında iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, enerji, investisiyalar, nəqliyyat, turizm, mədəniyyət, elm, təhsil sahələrində və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Məlumdur ki, Azərbaycan qazı Balkan regionu və Bosniya və Herseqovinanın qonşu ölkələrinə ixrac edilir. Gələcəkdə bu sahədə imkanlar daha da genişlənəcək və enerji sahəsində əməkdaşlıq dərinləşəcək".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə