Strateji tərəfdaşlığa doğru uğurlu addımlar atılır – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Strateji tərəfdaşlığa doğru uğurlu addımlar atılır – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bosniya və Herseqovinaya səfəri və səfər zamanı bir çox sənədlərin, xüsusilə, “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması dövlətimizin dünya ölkələrinə açıq olduğunu, əməkdaşlığa böyük önəm verdiyini bir daha göstərir. Azərbaycan xarici siyasətində Balkan ölkələri ilə münasibətlərin genişləndirilməsinə xüsusi diqqət göstərməsi səbəbsiz deyildir. Bu ölkələr Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində irimiqyaslı layihələri həyata keçirən Azərbaycanın enerji ixracı şəbəkələrinin əsas halqaları kimi dəyərləndirilə bilər. Məhz buna görə Azərbaycanın Balkan ölkələri ilə münasibətlərində Bosniya və Herseqovina ilə əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, bu ölkə ilə imzalanmış Bəyannamə və sənədlər, keçirilən görüşlər, aparılan müzakirələr heç şübhəsiz, ölkələr arasında münasibətlərin inkişafına dəstəkdir və ölkələri bir-birinə daha da yaxınlaşdıracaqdır.

“Siyasət, iqtisadiyyat və ticarət, müdafiə və təhlükəsizlik, təhsil və mədəniyyət üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər hər iki ölkənin milli maraqlarına xidmət edir və strateji tərəfdaşlığa öz töhfələrini verəcəkdir. Çünki bu sənədlər sağlam münasibətlərin təməli üzərində imzalanmışdır. Belə ki, Bosniya və Herseqovina son illərdə Azərbaycanla münasibətlərin yaxşılaşdırılması üçün təşəbbüslərini əsirgəməmiş və beynəlxalq tədbirlərdə dövlətimizin haqlı mövqeyini dəstəkləmişdir. 44 günlük müharibə günlərində bu daha aydın nümayiş etdirildi və bu ölkənin dövlət nümayəndələri, siyasətçiləri dövlətimizə dəstək ifadə edən bəyanatlar səsləndirməklə haqlı mübarizəmizə haqq qazandırdılar.

Çətin günlərdə Azərbaycanın yanında olduğunu və onun haqlı qələbəsini alqışlayan bir ölkə ilə əməkdaşlığı möhkəmləndirmək əlbəttə ki, həm bu günümüz, həm də gələcəyimiz üçün faydalıdır. Bunu mətbuata bəyanatında cənab Prezident İlham Əliyev bir daha ifadə edərək demişdir: “Bu gün isə bizim münasibətlərimizin yeni səhifəsi başlayır. Rəsmi səfər çərçivəsində aparılan danışıqlar, qeyd etdiyim kimi, yeni imkanlar açır. O cümlədən bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə gələcək inkişafımızın istiqamətlərini göstərir”. Bu səfər həqiqətən də bir daha, Azərbaycanın dünyada artan nüfuzunun və xarici siyasətdə uğurlarının, ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasətinin, sülhə, əmin-amanlığa, təhlükəsizliyə böyük önəm verməsinin nümunəsi kimi qiymətləndirilməlidir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə