Güclü və ədalətli – BAXIŞ BUCAĞI

Güclü və ədalətli – BAXIŞ BUCAĞI

Yazıya başqa başlıq da qoymaq olardı. Məsələn, “Güclü Azərbaycan”, yaxud “Ədalətli Azərbaycan”. Çünki bu keyfiyyətlərin hər ikisi Azərbaycanda cəmləşib. Ölkəmiz həm güclüdür, həm də bu keyfiyyətindən harada, kimə qarşı və nə qədər istifadə edəcəyinin fərqindədir. Ədalət dağarcığının ağzını açana qədər qarşısındakının düşdüyü vəziyyəti də dəyərləndirir, fürsətdən istifadə etmir, əvəz çıxmaq istəmir. Tarixin bütün zamanlarında qaliblər məğlubları döyüş meydanındakı kimi masada da əziblər, onu rəzil günə qoyublar, istədikləri sənədə qol çəkdiriblər. Müasir dövrümüzdə də belədir, ABŞ İraqa özünün tərtib etdiyi koalisiya qüvvələri ilə hücum edərək bu qədim müsəlman ölkəsinin rəhbərini dar ağacına qədər gətirdi, var-yoxunu taladı, ordusunu tar-mar etdi, keçmişi ilə yanaşı gələcəyini də məhv etdi. Liviya da eyni taleni yaşadı, “kommunizm”dən ac-yalavac ölkəyə çevrildi.

Birinci Qarabağ müharibəsində Ermənistan ordusu xaricdən göndərilən maliyyənin və muzdluların hesabına hələ də ordusu formalaşmayan Azərbaycana hücum edəndə imzasını silahsız insanlara, mülki şəxslərə qarşı törədilən vəhşiliklərin, vandallığın altına atanda, qoca, qadın, uşaq, qız-gəlin, əlil-sağır demədən əsir və girovları “dəmir at”ın qabağına qatıb Ermənistana aparanda insanlıqdan uzaq düşdü, bəşər övladına xas olan bütün xususiyyətlərdən imtina edib türkün qanına susadı. Xocalıda baş verənlərin isə insanlığa qarşı, bəşəriyyətə qarşı törədildiyini deyə bilərik. Dünya bu soyqırımı üçün qurulacaq məhkəmədə çox cinayətlə tanış olacaq.

Ermənistan torpaqlarımızın 20 faizini bundan əvvəl bizdən zorla aldığı, ələ keçirdiyi ərazilərə qatmaq istədi. Bu qanunsuz, qeyri-insani əməllərinə hüquqi don geyindirmək üçün özünə arxa-dayaq da tapdı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının həmsədr ölkələrini də prosesə qoşdu. Düz 25 il ATƏT-in həmsədrlik institutu başımızın altına yastıq qoydu, bir sözlə ağsaqqallıq etməyi bacarmadı. Bütün bu proseslərdə həm Ermənistan, həm də onun arxasında duranlar ədaləti unutdular, bəşəri prinsipləri, beynəlxalq münasibətlər sistemində yazılanları rədd etdilər. Və unutdular ki, fələyin çərxi geri fırlana bilər, dövran dəyişə bilər.

Bu günlərdə bir yazı rastına çıxdı, cənublu qardaşımız və həmkarımız olan biri qeyd edir ki, I Qarabağ müharibəsindən sonra fars rejimi Cənubi Azərbaycandakı fəalları yolundan sapındırmaq, inqilab, azadlıq ruhunu sındırmaq üçün deyirdilər ki, Azərbaycan dövləti Qarabağda məğlub oldu və bir daha qələbə qazanması müşkül məsələdir. Azərbaycana arxalanıb bir iş görməyə, azadlıq istəməyə qalxmayın, onsuz da sizin arxanızca kimsə gəlməyəcək. Deyir, əlbəttə, bu sözlər bizi ruhən əyirdi, amma sındıra bilmirdi. Bunun belə qalmayacağına içimizdə bir ümid var idi. Bu gün Azərbaycan 44 günlük müharibənin qəhrəmanı, qalib ölkəsi kimi bizim arxamızda duran böyük gücdür. Fars rejimi daha əvvəlki kimi bizə “ağıl dərsi” keçə bilmir.
Əlbəttə, gücsüzü əzmək, məhv etmək istəyi insanlıqdan kənar ikiayaqlılara məxsus xarakterdir. Dövlətlər arasında da bu yanaşma var, kim zəifdirsə əziləcəyi istisna deyil. Təbii ki, bu yerdə bəzən ədalət prinsipi unudulur, ya da arxa plana keçir. Dünyada gələn-keçən nə qədər imperiyalar olub? Tiranların hakim olduğu dövlətlərlə yanaşı, ədaləti ilə dünya tarixində qalan imperialar da olub. Düzdür, bəzən imperiyalarla ədalətin bir yerə sığışmadığını deyirlər, amma bu tandemin yaşandığını da nümunə kimi çəkmək olar.

Bütün bu deyilənləri, tarixdə baş verənləri, ədalətli, yaxud ədalətsiz imperiaların mövcudluğunu yada salmaqla tarixi bilgilərimizi nümayiş etdirməkdən uzağıq. Bəzən Azərbaycanın qələbəsini onun əldə etdiyi güc hesabına qazanıldığını deyirlər. Qarabağ savaşına Azərbaycan haqsız yerə cəlb olunmuşdu. Bu, Ermənistanın və onun arxasında duran qüvvələrin Azərbaycana qarşı apardığı ədalətsiz və işğalçı müharibə idi. Ermənistan heç vaxt olmadığı əraziləri ələ keçirmək niyyətini gizlətmirdi. Dünya birliyi də bu işğala bilərəkdən loyal yanaşır, ermənilərin “öz müqəddaratını təyinetmə hüququnun” tanınması prinsiplərini əsas götürərək dünyada analoqu olmayan bir cinayətə şərik olduqlarını kifayət qədər dərk edə bilmirlər.

Azərbaycan ədalətin bərpası üçün düz 25 il gözləməli oldu. Dünya hegemonlarının ya Ermənistana gücləri çatmadı, ya da müsəlman ölkəsi olan Azərbaycanın suveren ərazilərinə qarşı törədilmiş işğalçılığı bilərəkdən görməzdən gəldilər. İkinci variant daha çox ağlabatandır. BMT TŞ Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini gördü və hətta qeydə də aldı. Bu haqda 1993-cü ildə hətta 4 qətnamə də qəbul etdi. Sonra... Sonra isə 25 il bizi beynəlxalq təşkilatların qapılarında qoydu, nəticədə münaqişənin həllini dalana dirədi, “ya problemi masada həll edin, ya da masada” prinsipi ilə məsələyə yanaşdı. Təxribatlar isə ard-arda gəlirdi. Ermənistan rəsmilərinin Azərbaycan ərazilərinə, işğal altındakı torpaqlarına səfərləri o qədər intensivləşmişdi ki, sanki bu ərazilər onların dədə-babasınındır. Son təxribatlar isə səbr kasasını daşdırdı, dinc sakinlərə qarşı ağır silahlardan atəş açılması, kənd və şəhərlərimizin dağıdılması Ordumuzun qəti hərəkətə keçməsinə stimul verdi, səbəb oldu.

Bu qədər dağıntıların, yırtıcıya xas əməllərin, xalqımıza qarşı törədilən vəhşiliklərin, işğal altındakı torpaqlarımızda milli, dini abidələrimizə qaşı törədilən vandallıqların qarşılığında Azərbaycan silahlı qüvvələri yenə humanist tərpəndi, müharibəni ədalətli apardı, mülki sakinlərin olduğu ərazilərdəki hərbi təyinatlı obyektlər belə, zərgər dəqiqliyi ilə vuruldu və məhz bu səbəbdən ermənilərin ölənləri arasında qeyri-hərbi hədəflər az oldu. Ermənistan 44 günlük müharibə zamanı bu və ya digər səbəbdən ermənilərin əlinə keçən hərbi əsirlərə qarşı vəhşiliklər törətdi, onlara qarşı işgəncələr tətbiq etdi, halbuki Vyana konvensiyasına görə, əsirlərə qarşı zorakılıq etmək, onlara qarşı şəxsiyyətini alçaldan hərəkətlər etmək qadağan edilir. Azərbaycanın isə hətta erməni diversantlara qarşı münasibəti ermənilərdən fərqli oldu.

Bu gün Azərbaycan qalib dövlətdir. Ermənistanın 30 illik işğalına son qoyub. Həm döyüş meydanında, həm də masada düşmənini məğlub edib. Qalibiyyəti də onun haqqıdır, ədalətsiz müharibədə haqlı olaraq qalib gəlib. Bütün bunlara rəğmən Ermənistana qarşı bütün konvensiyalara uyğun olaraq humanist davranır. Düşmən qonşuya sülh əlini uzadır. Sərhədlərin demarkasiyası və demilitasiyası prosesinə başlamağı erməni dövlətinə təklif edir. İki il yarım müddətində Azərbaycan sülh üçün çox iş görüb, deyə bilərik. Ermənistan isə sözdə sülh arzusunda olduğunu göstərsə də, əməldə bunun əksini edib. Azərbaycana qarşı ərazi iddiasından bir addım belə geri çəkilmədiyini göstərib. Rusiya sülhməramlılarının arxasında gizlənərək Azərbaycan ərazilərində ordu saxlamağa cəsarət edir.

Son hadisələrin baş verməsinin səbəbi də Ermənistanın məğlubiyyəti həzm edə bilməməsidir. Əlbəttə, bu “cəsarət” Ermənistanın özünün deyil. Adəti üzrə başqa ölkələrin dili ilə danışmağa, başqasının silahı ilə üstümüzə gəlməyə çalışır. İrandan PUA, Hindistandan top-tüfəng, Rusiyadan başqa silahlar almaqla Azərbaycanı geri addım atmağa məcbur edəcəyini düşünür. Amma yanılır, Azərbaycan 44 günlük müharibəni silahla yox, ürəklə alıb.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə