“Siyasi mühit Azərbaycanla ATƏT arasında yeni münasibətlər formalaşdıracaq” - ƏHMƏD ABBASBƏYLİ

“Siyasi mühit Azərbaycanla ATƏT arasında yeni münasibətlər formalaşdıracaq” - ƏHMƏD ABBASBƏYLİ

“Məlumdur ki, Azərbaycan Respublikası 1992-ci ildən ATƏT-lə əməkdaşlıq edir. ATƏT-in müxtəlif sahələrdə üç istiqaməti üzrə daha çox fəaliyyət göstərir ki, demokratik təsisatlar və insan haqları, media azadlığı və milli azlıqlar üzrə təsisatları var”. Bu sözləri SİA-ya açıqlamasında "Cəmiyyətin İnkişafı Mərkəzi " İctimai Birliyinin sədri Əhməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, həmçinin ATƏT-in Minsk qrupu Azərbaycan- Ermənistan münaqişəsinin həllində bir missiya həyata keçirirdi: “Minsk qrupu adlanan bu missiya uzun müddət münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində dırnaqarası fəaliyyət göstərirdi və 44 günlük Vətən müharibənin nəticəsi olaraq qazandığımız Zəfərdən sonra bizim artıq bu missiyanının xidmətinə ehtiyacımız qalmadı. Belə bir qurumu qəbul etmirik, bu fəaliyyəti başa çatmış hesab edirik. Təbii ki, Fransa başda olmaqla bəzi qüvvələr bunu reanimasiya etməyə çalışırlar, amma hesab edirəm ki, bu məsələ bir dəfəlik həll edilib. Azərbaycan üçün nə "Dağlıq Qarabağ münaqişəsi" adlı bir məsələ var, nə də onun həllinə yardımçıya, vasitəçiyə ehtiyac var. Bununla bağlı bizim rəsmi mövqeyimiz bəllidir”.

Əhməd Abbasbəyli sözlərinə belə davam edib: “Artıq regionda yeni bir siyasi mühit yaranır. Hesab edirəm ki, bu siyasi mühit Azərbaycanla ATƏT arasında yeni münasibətlər formalaşdıracaq. Bu gün Bakıda ATƏT-in nümayəndəliyi fəaliyyət göstərməsə də, amma əməkdaşlıq davam edir.

2021-ci ildə ATƏT-in o dövrkü sədri Azərbaycana səfəri zamanı keçirilən görüşlərdə Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, münaqişədən sonra bərpa və yenidənqurma, yeni inteqrasiya prosesində ATƏT-in rolu, ATƏT-lə Azərbaycan arasında olan əməkdaşlığın gücləndirilməsi üçün müzakirlər aparılmışdı. Daha sonra isə ATƏT-in Daimi Şurasının iclasında Azərbaycan Xarici İşlər nazirinin çıxışında da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bitməsindən sonra Azərbaycan Respublikasının bərpa, yenidənqurma və yenidən inteqrasiyaya dair baxışını diqqətə çatdırmışdır. Düşünürəm ki, ATƏT-lə əməkdaşlıq bu müstəvidə faydalı ola bilər. Regionda sülhün bərqərar olması üçün Avropanın nüfuzlu qurumlarından biri olan ATƏT elə öz təhlükəsizlik prinsiplərini də rəhbər tutaraq region ölkələri ilə əməkdaşlıq qurmalıdır. İnanmaq istəyirəm ki, ATƏT-in Azərbaycan və Ermənistanla əməkdaşlığı regionun təhlükəsizliyi və sülhün bərqərar olmasına müsbət təsir edəcək və prosesin irəliləməsinə təkan verəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə