Güclü iqtisadiyyatdan qüdrətli dövlətə ŞƏRH

Güclü iqtisadiyyatdan qüdrətli dövlətə ŞƏRH

Prezident İlham Əliyev: “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”

Bu gün ölkəmizin istər regionda, istərsə də beynəlxalq aləmdə çoxşaxəli və mütərəqqi siyasət yürütməsi Azərbaycanın dünya birliyindəki yerini və rolunu kifayət qədər artırıb. Xüsusilə, iqtisadi siyasətimizdə əldə edilən nailiyyətlər də belə qənaətə gəlməyə zəmin yaradır ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət yürüdən Azərbaycan öz təbii sərvətlərinin əsl sahibi olaraq öz əməkdaşlıq əlaqələrini milli maraqlar və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Bu gerçəklik həm də onu sübut edir ki, Azərbaycan istər regional, istərsə də beynəlxalq səviyyədə ölkələrarası əməkdaşlıq və təhlükəsizlik məsələlərinə mühüm töhfələr verir.

Əbəs deyil ki, “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”, fikrini səsləndirən Prezident İlham Əliyev davamlı olaraq dövlətimizin müstəqil iqtisadiyyatı sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. Dünyanın dövlətçilik tarixinə nəzər yetirdikdə fərqinə varırıq ki, iqtisadi gücü olan dövlətlər dünya dövlətləri arasında söz sahibi olur. İlham Əliyevin də öz siyasi proqramını bu istiqamətdə qurmasını söylədiyi ifadələrdə açıq şəkildə görürük. Buna görə də İlham Əliyevin hakimiyyəti dövrünü iqtisadi yüksəliş dövrü kimi qiymətləndirməliyik. Statistik rəqəmlər bu reallığı isbat edir. Belə ki, 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əmək haqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1958400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosialyardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfə məcburi köçkün mənzillə təmin olunub. Bu siyasət hazırda da uğurla davam etdirilir.

Prezident İlham Əliyev 2018-ildə növbəti dəfə Azərbaycan xalqının siyasi iradəsi ilə dövlət başçısı seçildikdən sonra - 18 aprel tarixində, Milli Məclisdə andiçmə mərasimində bu əhəmiyyətli fikirləri də önə sürmüşdür: “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, Öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi Liderdir. Cənab İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı seçilərkən qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və güclü, qüdrətli dövlət konsepsiyasını reallaşdırmağa nail olub.

“Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik” deyən dövlətimizin başçısı vurğulayıb: “Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Güclü iqtisadiyyat Azərbaycanın milli maraqlar üzərində qurulan prinsipial siyasətinin təməlində dayanan əsas amil qismində çıxış edir. Özünün iqtisadi və bu əsasda siyasi müstəqilliyini tam təmin etməsi Azərbaycanın tarixi nailiyyətidir. Ötən dövrdə ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin tam təmin olunmasını yüksək dəyərləndirən Prezident İlham Əliyev “Mən dəfələrlə demişəm və həyat bunu göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Əgər sən kimdənsə asılısansa, - ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan, - heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan. Ona görə biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq”, deyə vurğulayıb.

Dövlətimizin başçısının daha bir əhəmiyyətli fikri də sübut edir ki, Azərbaycan dövləti və xalqı bundan sonra da inamla qarşıya qoyulan bütün məqsəd və məramları uğurla icra edəcək. Daha dəqiq desək, Prezident İlham Əliyev birmənalı şəkildə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır. “Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır”, deyə Prezident İlham Əliyev öz fəaliyyətinin ana xəttini bir daha nəzərə çatdırıb.

Beləliklə, dövlət başçımızın Liderliyi ilə müəyyənləşdirilən bu siyasi xəttə uyğun olaraq ölkənin iqtisadi-maliyyə imkanlarının artmasına adekvat olaraq vətəndaşların sosial müdafiəsinin möhkəmləndirilməsinə yönələn tədbirlərin əhatə dairəsi də davamlı şəkildə genişləndirilir. Bütün bunlar isə əlbəttə ki, azad, müstəqil iqtisadi siyasətin məntiqi və bariz nəticəsidir.

Almaz HƏŞİMOVA,

YAP Füzuli rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə