ATƏT-in bölgədə nüfuzunu bərpa etmək şansı varmı? - POLİTOLOQ ŞƏRH ETDİ
"ATƏT-in sədri bölgəyə səfər edir, Azərbaycana gəlir. İndiki gərgin münasibətlər fonunda Cənubi Qafqazda proseslərin tənzimlənməsi və Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin formalaşdırılması üçün mühüm addımlardan birinə çevrilə bilər. Xüsusilə də bölgədə kifayət qədər kövrək atəşkəs, kövrək sülh mövcuddur. Hər an aqressiv, hər an revanşist düşüncəli Ermənistan tərəfindən kövrək sülhün pozulması təhlükəsi var. Belə bir şəraitdə beynəlxalq təşkilatların nümayəndələrinin bölgəyə səfər etməsi, münasibətlərin tənzimlənməsi üçün şanslar formalaşdırır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev bildirib.
Onun sözlərinə görə, səfər formal xarakter daşımamalıdır. Bizim istəyimiz səfər xətrinə səfər olmamasıdır: "ATƏT-in Minsk qrupunun otuz illik səmərəsiz fəaliyyəti fonunda ATƏT-in bölgədə öz reputasiyasını, nüfuzunu yenidən bərpa etmək şansı mövcuddur. Hesab edirəm ki, səfər birbaşa ATƏT sədrinin bölgədə sülhü təhdid edən tərəfə təzyiqləri ilə bağlı olmalıdır. Bu mexanizmlər ATƏT sədrinin əlində kifayət qədərdir.
ATƏT bölgəmizə münasibətdə Ermənistanın birbaşa işğalçılıq siyasətinin nəticəsi olaraq, yaranmış gərgin vəziyyətin günahkarı kimi açıq şəkildə heç bir zaman Ermənistanı ittiham etməyib. Uzun illər ərzində Azərbaycanı bu işğal faktı ilə barışmağa çağrışlar edib. Buna görə də bu səfərdən də böyük nəticələr gözləmək o qədər də inandırıcı görünmür. Amma Azərbaycan hər zaman müxtəlif səviyyəli platformalarda dövlətimizin haqq səsinin bir daha dünyaya çatdırılmasına hazır olub. Düşünürəm ki, ATƏT sədrinin bölgəyə səfəri zamanı da keçirilən görüşlərdə əsas vurğu məhz dövlətimiz, xalqımızın və bölgənin maraqlarının təmin olunmasının üzərinə düşəcək. Bu Azərbaycanın haqq səsinin beynəlxalq səviyyədə dünyaya çatdırılmasında növbəti addımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB