Hər zaman ikibaşlı oyunlar oynayan, bu vaxta qədər hansısa bir dəyişməz mövqe sərgiləməyən Ermənistan indi də Qərb və Rusiya arasında qalıb və hansı yolun seçiləcəyi hayların özlərinə də bəlli deyil. Ona görə bəlli deyil ki, bu ölkə daim hansısa hegemon dövlətin kölgəsinə sığınmaqla mövcudluğunu qoruyub və bu gün köməyin haradan gələcəyinə, hansı tərəfin kölgəsində kölgələnəcəyinə əmin də deyil. Bu işğalçı ölkə eyni ənənəyə sadiqlik nümayiş etdirməklə çətin durumdan xilas olmağa çalışır. Daha dəqiq desək, bu ölkə hakimiyyəti də, onun müxalifəti də, ümumiyyətlə, erməni cəmiyyəti çalışır ki, hansısa ölkə Ermənistana sahib çıxsın və çətin durumdan çıxarsın.
Bu vaxta qədər iyanələr hesabına var olan, mövcudluğu dövründə yardımlara göz dikən, köməyə ehtiyac duyan ölkə indi də eyni ehtiyac içindədir. Məsələ burasındadır ki, haylar bu yardımları, iyanələri belə işğalçılıq siyasətini davam etdirmək niyyəti ilə arzulayırlar, acınacaqlı vəziyyətlərini azacıq da olsa düzəltmək üçün yox. Hər an gözləyirlər ki, hansısa bir dövlət onların işğalçılıq siyasətini dəstəkləsin. Məsələ burasındadır ki, bir zamanlar gördükləri dəstəyi indi görə bilmirlərsə də, dəstəyin hansı tərəfdən gələ biləcəyini belə müəyyən edə bilmirlərsə də, əllərini üzmək də istəmirlər. Hələ də işğaldan azad edilən torpaqlarımızı yenidən işğal etmək arzusundadırlar və ərazilərimizə gizli yolla silah daşımaq, həmin ərazilərdə yenidən minalar basdırmaq üçün əllərindən gələni etmək niyyətindədirlər. Son hadisələr, Laçın yoluna alternativ yolda baş verənlər deyilənləri təsdiq edir. Ən çox diqqət çəkən məqam isə odur ki, bu çirkin niyyətlərinə Qərbin, yaxud da Rusiyanın kömək edəcəyi arzusunda olduqlarını da gizlətmirlər və buna kömək etməyəcəyinə əmin olduqları zaman həmin tərəfdən narazılıqlarını da gizlətmirlər, hansı ki, bu məsələdə həyasızlıqla hamını özlərinə borclu hesab edirlər. Halbuki, dünyanın istənilən ölkəsinin terrorçuluğa dəstək durmaq, kömək etmək kimi bir planı belə qəbuledilməzdir, amma haylar üçün bu belə hesab olunmurmuş, əks halda heç ummazdılar da.
Rusların regionda söz sahibi olmasına, eləcə də dəstəyinə şübhə edən, güvənməyən haylar Qərbdən nə isə əldə etmək üçün əldən-ayaqdan gedirlər. Qərb üçün xoşagələn olsun deyə Rusiyanı qıcıqlandırmaq üçün də hər zaman səylər göstərməkdədirlər. Ermənistan hakimiyyətinin Rusiyada deyil, Brüssel görüşlərinə guya həssas yanaşma nümayiş etdirməsi də hər zaman bu səbəbdən olub. Rusiya tərəfinin reaksiyaları da, məhz Lavrovun İrəvana mesajları da təsadüfi deyildi. Sülh danışıqları prosesində Rusiyanın rolunu ermənilərin şübhə altına almalarını nümayişkəranə şəkildə göstərmələri ABŞ-ın, Qərbin diqqətini cəlb etməyə hesablanıb. İndi ermənilər yenə də Rusiya əleyhinə istənilən addıma razıdırlar ki, əks qütbün xoşuna gəlsin. Bir sözlə, yaltaqlanmaqla özlərinə arxa qazanmaq fikrindədirlər. Bununla da özlərinə, öz işğalçılıq siyasətlərinə dəstək axtarmaları göz önündədir, amma bu böyük axmaqlıqdır, çünki Azərbaycanın yaratdığı yeni reallığı Rusiya ilə yanaşı, Qərb də görür.
Hər iki qütb çox yaxşı başa düşür və qəbul edir ki, görüşün keçirilməsi yerinə maraq nümayiş etdirmələri ermənilərin həmin görüşün nəticələrinə sadiqliyi barədə zəmanət demək deyil və bu sadiqliyi onlardan gözləməyə dəyməz. Qərb üçün də, Rusiya üçün də sirr deyil ki, haylar yalnız himayədar axtarışındadırlar, özü də işğalçılıq siyasətini davam etdirmək üçün. Ruslar artıq çoxdan əmindirlər ki, Ermənistan tərəfi Rusiyanı hər an Qərbin ayağına verməkdən çəkinməyəb və bundan sonra da çəkinməyəcək. Qərb də eyni qənaətdədir və onlar üçün də erməni xisləti bəllidir ki, Rusiyanın azacıq dəstəyini görsələr dərhal xəyanət edə bilərlər.
Azərbaycanın yaratdığı reallıqları görməməzliyə vurmaq mümkün deyil və haylar da bu reallıqları görürlər. Rəsmi İrəvan çox yaxşı başa düşür ki, hər bir halda Azərbaycan tərəfi haqlıdır və bununla bütövlükdə erməni cəmiyyəti barışmaq məcburiyyətindədir. İstər Rusiyanın, istərsə də Qərbin dəstəyini axtaran Ermənistan tərəfi artıq çıxılmaz vəziyyətə düşdüyünün fərqindədir. Fərqindədir, amma dərk etməkdə çətinlik çəkir ki, ikibaşlı siyasət aparmaqla nəyə isə nail ola bilməzlər. Azərbaycanın hərbi-siyasi iradəsini Ermənistan etiraf etməyə də bilməz. Eyni zamanda Azərbaycanın diqtə etdiyi şərtlərə razılaşmaqdan başqa Ermənistanın çıxış yolunun olmadığını Paşinyan hakimiyyətnin da anladığı təkzibolunmazdır. Əks halda, bu hakimiyyət ikibaşlı oyunlara əl atmaz, himayədar axtarmazdı.
Haylar yaxşı bilirlər ki, Rusiyadan heç bir maliyyə dəstəyi ala bilməzlər, çünki ruslar onlara hər zaman yalnız hərbi yardım göstərib, maliyyə yardımı yox. Özü sanksiyalarla qarşılaşan və durumu heç də qənaətbəxş sayılmayan ölkənin belə bir niyyəti də ola bilməz. Rusların özlərinin indi yardıma ehtiyacları var. İndi Rusiya Ermənistana heç hərbi yardım da göstərə bilmir, çünki bu ölkə özü də müharibə edir. Öz ölkəsinin müharibə etməsi fonunda hansısa ölkəyə hərbi yardımı təkcə Rusiya yox, heç bir ölkə etməz. Deməli, ermənilər hərbi yardıma belə ümid bəsləyə bilmirlər. Hay-hayı gedib, vay-vayı qalan haylar diqqəti Ukraynaya yönələn ABŞ-ın da yadına düşmür. Bir sözlə, ermənilərin hər tərəfdən əlləri üzülüb və onlar hələ də nəticə çıxarmasalar belə görürlər ki, Ermənistan seçim qarşısındadır, özü də taleyüklü seçim qarşısındadır.
İndi ermənilər nə qədər çabalasalar, bir o qədər dərinə batmış olacaqlar. Belə ikibaşlı, ikiüzlü oyunları ilə Qərbin də, Rusiyanın da nifrətini qazanmağa layiq olanlar reallıqla, ölkəmizin yaratdığı yeni reallıqla barışsalar daha doğru olar. Sülh sazişinə nə qədər tez başlasalar bir o qədər təhlükədən, sıxıntından tez yaxa qurtarmış olarlar. Bölgədə tamamilə marginallaşan Ermənistanın heç bir qlobal layihədə iştirakı belə yoxdur. İqtisadiyyatı yox dərəcəsində olan bu ölkənin səfalət içərisində inildədiyi də bu baxımdan səbəbsiz deyil. Dirçəlişə ümid verəcək bircə layihə belə ortada yoxdursa, sehirli çubuqla vəziyyətin dəyişəcəyini gözləyirlər, yoxsa, möcüzələrə ümid edirlər?
Qarabağ ərazisində məskunlaşan, yaşayan ermənilərin ölkəmizin vətəndaşlığını qəbul edəcəkləri təqdirdə bərabər hüquqlara malik olacağı çoxdan bəyan edilib. Ermənistan kimi səfalət içərisində olan bir ölkə deyil, Azərbaycan kimi çiçəklənən, inkişaf etməkdə olan bir ölkənin vətəndaşı olmaq barədə ermənilər arzu etməlidirlər, bundan imtina etməli yox. Görünən də odur ki, bəzi ermənilər buna can da atırlar, amma buna görə separatçılar onlara qarşı qəddarlıqla yanaşırlar. Azərbaycanla onların təmaslarına belə mane olmaq istiqamətində separatçılar hər əmələ əl atırlar. Qarabağdakı ermənilərə qarşı onlar tərəfindən təzyiqlər də olur, təhdidlər də, hətta ən azından təsirlər də. Belə təmasların baş tutmaması üçün bütün oyunlara əl atdıqları daim müşahidə olunur. Gah təxribatlar törədilir, gah da bunun əleyhinə ən azından təbliğat belə aparılır. Çünki onlar yaxşı bilirlər ki, onilliklər boyu Qarabağda oyunlarına qurban etdikləri haylar çiçəklənməkdə, inkişaf etməkdə olan Azərbaycan vətəndaşı olduqları zaman fərqi duya bilərlər. Müstəqil, özü də qüdrətli bir ölkə vətəndaşı olmaqla, işğalçılığı dövlət siyasəti edən ölkənin vətəndaşı olmaq arasındakı fərqi başa düşəcəklərindən qorxaraq buna mane olmağa çalışırlar. Bununla onlar öz erməni əsillilərinin həyatını da, gün-güzəranlarını da daha acınacaqlı vəziyyətə sürümüş olurlar. Bu doğru seçimdirmi? Deyil. Həm yanlış addımdır, həm də fəakətə sürükləmə. Çünki sonsuza qədər ölkə vətəndaşlarını dərinə, sıxıntıya salmaq elə düşmənçilikdir.
Nəhayət erməni xalqı, ələlxüsus Qarabağda məskunlaşan, yaşayan ermənilər başa düşməlidirlər ki, onilliklər boyu aldadılıblar. Bunu başa düşmək üçün də onların bu zamana qədər kifayət edəcək dərəcədə təcrübələri olub və 44 günlük müharibə zamanı itgiləri, özü də özlərinə aid olmayan torpaqlar uğrunda verdikləri itgilər yetər ki, həqiqəti, yəni öz içlərindən olan çirkin niyyətlilər tərəfindən aldadılaraq alət edildiklərini görsünlər. Görsünlər ki, yenə də eyni şəkildə, eyni ssenari ilə aldadılırlar və onların taleyi həmin o çirkin niyyətliləri qətiyyən maraqlandırmır. İndi erməni xalqı, eləcə də Azərbaycana məxsus olan Qarabağ ərazisində məşkunlaşan, yaşayan ermənilər öz taleləri barədə düşünməlidirlər və doğru seçim etməlidirlər, kimlərinsə çirkin oyunlarına alət olmamalıdırlar. Alət olmamalıdırlar ki, hər birinin taleyi üçün acınacaqlı nəticələr olmasın, sabitlik, təhlükəsizlik və sülh şəraitində yaşasınlar. Bu baxımdan da indi Ermənistanın, bütövlükdə erməni cəmiyyərinin, ələlxüsus Qarabağda yaşayan ermənilərin etməli olduqları seçim məhz taleyüklü seçim sayılır. Bir sözlə, ermənilər indi taleyüklü seçim qarşısındadırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB