Aktauda Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Mərkəzi Aktau şəhərindəki Azərbaycanın Baş konsulluğunun təşkilatçılığı və dəstəyi ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Baş konsulluqdan məlumat verilib.

Bildirilib ki, Yesenov adına Dövlət Universitetində keçirilən tədbirdə konsulluğun əməkdaşları, universitetin professor–müəllim heyəti, azərbaycanlı və Qazax tələbələr, ictimai fəallar iştirak ediblər.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra çıxış edənlər erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımlarından ətraflı bəhs ediblər. Qeyd olunub ki, ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə siyasəti nəticəsində on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib, xalqımıza qarşı XX yüzilliyin ən dəhşətli soyqırımlarından biri törədilib.

Bildirilib ki, azərbaycanlilarin soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə