"Biz bu tarixdən böyük ibrət dərsi almalıyıq" - DEPUTAT ŞƏRH ETDİ

"Biz bu tarixdən böyük ibrət dərsi almalıyıq" - DEPUTAT ŞƏRH ETDİ

“1918-ci il martın 31-də Bakı şəhərində və Bakı Quberniyasının müxtəlif yerlərində azərbaycanlılara qarşı törədilən soyqırım o vaxtadək həyata keçirilmiş qırğınların davamı və zirvəsi idi. Ona qədər erməni silahlıları ilə azərbaycanlılar arasında İrəvanda Bazar meydanında, 1905-1906-cı illərdə Cənubi Qafqazın müxtəlif yerlərində, Birinci Dünya Müharibəsi illərində Şərqi Anadoluda, Rus-Qafqaz cəbhəsi dağıldıqdan sonra Cənubi Azərbaycanda, İrəvan Quberniyasında, Tiflis Quberniyasının Borçalı mahalında və indiki Azərbaycan respublikasının müxtəlif ərazilərində törədildi. Bakı və Abşeronu türksüz, müsəlmansız bir əraziyə çevirmək, Azərbaycanın istiqlala gedən yolunu dayandırmaq, Bakı neftinə sahib olmaq, Avrasiyaya gedən yola yiyələnmək soyqırımın törədilməsində əsas məqsəd idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, Qafqazda müxtəlif dövlətlərin maraqları toqquşurdu: “1917-ci ilin noyabrında Bakıda qurulmuş, Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti anti-Azərbaycan siyasəti yürüdürdü. Törədilmiş qırğınlara bəhanə olaraq Hacı Zeynalabdın Tağıyevin oğlunun Lənkərandan nəşinin gətirilməsi və yaranan qarşıdurma göstərildi. Danışıqlar nəticə vermədiyindən ilk atəş açıldı, Bakı Sovetinin erməni daşnaq qüvvələrinin birgə iştirakı ilə azərbaycanlılara qarşı soyqırımı həyata keçirildi və bu proses ən amansız metodlarla törədildi. Bu soyqırımı nəticəsində ingilis mənbələrində yazıldığı kimi Bakıda müsəlman əhalinin dörddə biri öldürüldü. O zaman Bakı şəhərində bütövlükdə 280-300 min nəfər əhali yaşayırdı. Onların 80-100 min nəfəri azərbaycanlı, 80-100 min nəfərin dörddə biri isə 20-25 min nəfər edir. Soyqırımın törədilməsinə baxmayaraq, azərbaycanlıları qarşıya qoyduqları məqsəddən döndərə bilmədilər. Millətimiz bir neçə ay sonra, yəni 1918-ci ilin mayın 28-də müsəlman şərqində ilk dəfə olaraq Xalq Cümhuriyyəti qurdu, sentyabr ayında isə Bakı şəhərini azad etdi. Bakı Azərbaycanın paytaxtı oldu, Azərbaycan milləti öz təbii sərvətinə sahib oldu. Bu hadisəyə qiymət vermək üçün Azərbaycan Xalq Cümhuriyyəti nazirlər şurası iyulun 15-də fövqaladə tədqiqat komissiyası yaratdı. Bu komissiya soyqırıma məruz qalanların yaxınları ilə görüşdü və 36 cildlik materiallar topladı.

Sovet dövründə bu hadisə düşünülmüş şəkildə unutduruldu. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli sərəncamı 31 mart azərbaycanlıların soyqırımı günü kimi qəbul edildi. Biz bu tarixdən böyük ibrət dərsi almalıyıq. İlk dəfə olaraq son 200 ilə yaxın müddətdə ermənilərə ən ağır zərbəni cənab Prezident İlham Əliyev 44 günlük müharibədə qazanılan qələbə ilə vurdu. Soyqırımı qurbanlarının xatirəsini anırıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə