Siyasətdə dialoq mühiti - demokratik dəyərlərə doğru atılan mühüm addımlar ŞƏRH

Siyasətdə dialoq mühiti - demokratik dəyərlərə doğru atılan mühüm addımlar ŞƏRH

Fakt budur ki, siyasətdə etibarla və davamlı münasibətlərə söykənən mühit vacib elementlərdəndir. Bu reallıq həm də tərəflər arasında münbit dialoqa əsaslanmaqdadır. Ölkəmizdə demokratik ənənələrin formalaşması prosesini şərtləndirən dialoqun inkişafı naminə Azərbaycan iqtidarı, Yeni Azərbaycan Partiyası son bir neçə il ərzində müxtəlif mühüm təşəbbüslərlə çıxış edir. Xüsusilə, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ardıcıl təşəbbüsləri ilə reallaşan islahatların prinsipial istiqamətlərindən biri də siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasından ibarətdir. Məhz bu mənada siyasi dialoqun şaxələnməsi və iştirakçı tərəflərin sayının artırılması gözlənilən reallıqlardandır. Onu da qeyd etmək lazımdır ki, ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir.

Mövzu ilə bağlı mühüm bir xatırlatma etmək yerinə düşərdi. Ölkə başçısı cənab İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə zamanı çıxışında qeyd etmişdi: “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır... Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.”

Bu fakt da sübut edir ki, son zamanlar iqtidarın yaratdığı dialoq təşəbbüsləri siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin, habelə ümummilli və ümumdövlətçilik maraqlarının bərqərar olunmasına xidmət edir. O da heç təsadüfi deyil ki, Azərbaycanda milli və siyasi həmrəyliyin inkişafı ilə bağlı fərqli təşəbbüslərin artım dinamikası müşahidə olunmaqdadır. Bu, hökumətin təşəbbüsü ilə cərəyan edən proseslərin bilavasitə demokratik ənənələrin formalaşmasının təzahürü kimi də qiymətləndirilə bilər. Beləliklə, siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müxalifət nümayəndələri ilə birgə müzakirə edilməsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir.

Bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri mütəmadi olaraq davam edir. Ölkənin ayrı-ayrı siyasi partiyalarının rəhbərləri ilə keçirilən görüşlərdə bir çox məsələlər müzakirə edilir. Keçirilən görüşlər zamanı Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə və Zəfər paradı, müharibə zamanı tətbiq olunan yeni hərbi strategiyanın xüsusiyyətləri, xalq-dövlət-ordu birliyi, yeni yaradılmış “YAŞAT” Fondunun əhəmiyyəti və bu müstəvidə qazilərə, habelə şəhid ailələrinə göstəriləcək yardımlar, işğaldan azad olunmuş ərazilərdə aparılacaq böyük quruculuq işləri, Azərbaycanın artan geosiyasi statusu, Türkiyənin dəstəyi və ölkələrimiz arasında olan qardaşlıq münasibətlərinin perspektivləri, milli həmrəylik mühitinin qorunmasında siyasi partiyaların rolu, COVID-19 pandemiyasına qarşı mübarizədə cəmiyyət arasında sosial məsuliyyət hissinin aşılanmasında maarifçilik işinin birgə təşkili kimi aktual mövzular müzakirə edilib.

Mütəmadi keçirilən görüşlər və gündəlik fəaliyyət dövründə iqtidarla siyasi partiyalar arasında gələcək fəaliyyətin səmərəliliyi naminə yaranmış qarşılıqlı əlaqələr daha da dərinləşir və daha bir fakt budur ki, tərəflər də münasibətlərin dərinləşməsində maraqlıdırlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var”.

Prezident İlham Əliyev bütün siyasi qüvvələri açıq və demokratik rəqabətə çağırıb. “Siyasi partiyalar haqqında” qəbul edilmiş yeni Qanun isə siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər.

Xüsusilə qeyd edilməlidir ki, “Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil, bu, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Ölkə rəhbərimizin təşəbbüsü ilə Azərbaycanda siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.

Almaz HƏŞİMOVA,

YAP Füzuli rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə