“Son təxribatlar Ermənistan rəhbərliyinin üçtərəfli Bəyanatın şərtlərinə necə əməl etdiyinin əyani sübutudur. İrəvanın sözü ilə əməli bir deyil, daha çox üçüncü, yaxud dördüncü ölkələrin diktəsi ilə hərəkət edir. Ermənistanın baş naziri Paşinyan öz xalqının yox, başqa ölkələrin maraqlarının ifadəçisinə çevrilib. Sülh müqaviləsi müzakirə masasında olsa İrəvan gözləmə mövqeyindədir, Qarabağın ərazi yox, bir hüquq məsələsi olduğunu desə də, separatçıları aktivləşdirir, silahla təmin edir, beləliklə, regionu yenə qan gölünə çevirmək istəyir. Əslində isə bununla Ermənistan kənar qüvvələrin, Cənubi Qafqazda marağı olan qüvvələrin arzusunu reallaşdırır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, tarixi fürsətdən yararlanaraq Azərbaycan torpaqlarında yaradılmış qondarma Ermənistanın missiyası regionda sabitliyi pozmaqdır: “Ötən əsrin 18-20-ci illərinə nəzər salsaq ermənilərin məram və məqsədini tam olaraq anlamış olarıq. Çar Rusiyasının süqutu ilə paralel qondarma erməni dövləti yaradılır və bu “dövlət” Azərbaycana qarşı müharibəyə başlayır. Erməni irticası XXI əsrdə də mahiyyətini dəyişmədən davam edir. Bu gün Qarabağda, Ermənistan Azərbaycan sərhədində baş verənlər də həmin siyasətdən qaynaqlanır. Ermənistanın və ermənilərin təxribatçı əməllərinə son qoyulardı əgər dünya birliyi hadisələrə obyektiv qiymət versəydi, separatçılığı dəstəkləməsəydi, dövlətlərin suveren hüquqlarını tanısaydı. Çox təəssüf ki, dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar hadisələrə adekvat reaksiya vermək fürsətindən yararlanmaq istəmirlər”.
A.Hüseynov qeyd edib ki, ermənilərin Qarabağda törətdikləri təxribatlar kənar qüvvələrin yardımı, dəstəyi olmadan mümkün deyil: “Azərbaycan 44 günlük müharibədə həm də öz hüquqlarını bərpa etdi. Dünya birliyi tərəfindən tanınan ərazilərindəki terror yuvalarını dağıtdı, getdikcə artan separatçılığın kökünü kəsdi, torpaqlarımız hesabına ikinci erməni dövlətinin yaradılmasını əngəllədi. Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin yerləşməsi müharibə ehtimalını azaltmağa hesablansa da son hadisələrdən görünür ki, onlar vəzifələrinin öhdəsindən gələ bilmirlər, yaxud gəlmək istəmirlər. Ortada üçtərəfli bəyanat olsa da və həm Ermənistan, həm də Rusiya daim bu sənədə istinad edərək Azərbaycana irad tutmağa həvəsli görünürlər. Başqa sözlə desək, Qarabağa Ermənistandan qanunsuz yüklər, hərbçilər, minalar daşınanda bəyanat nədənsə kimsənin yadına düşmür. Amma Azərbaycan bu qanunsuzluqlara əngəl olanda təbliğat ruporları işə düşür, ittihamların ardı arası kəsilmir. Erməni separatçıların Xankəndi-Xəlfəli-Turşsu yolu ilə qanunsuz yüklər daşıdığı barədə rəsmi Bakı dəfələrlə xəbərdarlıqlar etmişdi. Amma nə Ermənistan, nə də Rusiya sülhməramlıları buna əhəmiyyət verməmişdilər. Nəhayət, Azərbaycan Ordusu çox sakit şəkildə, qansız-qadasız həmin yolu nəzarətə götürdü və bəzilərinə də mesajını göndərdi. Qarabağ Azərbaycanın suveren ərazisidir və hər şey nəzarətimiz altındadır. Bu, bizim prinsipial mövqeyimizdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB