Azərbaycan-Almaniya əlaqələri ən yüksək səviyyədə inkişaf edir ŞƏRH
Prezident İlham Əliyevin bu ölkəyə səfəri, eləcə də səmimi dostluq və qarşılıqlı maraqlara əsaslanan münasibətlər ölkələr arasında əməkdaşlığın növbəti inkişaf mərhələsinə qədəm qoymasına zəmin yaradıb
Azərbaycanla Almaniya arasında ilbəil dərinləşərək daha sıx dinamika alan siyasi-iqtisadi münasibətlər yeni inkişaf erasının tələblərinə uyğun keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşməkdədir. Hər iki ölkə ötən əsrin sonlarından başlayaraq bir sıra mühüm sazişlər imzalamaqla əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə zəmin yaradıblar. Ümummilli Lider Heydər Əliyevin Almaniyaya səfərləri ölkələr arasında qarşılıqlı siyasi-iqtisadi əlaqələrə təkan vermiş olub. Ulu öndərin təşəbbüsü ilə yaradılan hökumətlərarası komissiyaların fəaliyyətə başlaması bütün sahələr üzrə sıx münasibətlərin daha da dərinləşməsinə impuls verib.
Prezident İlham Əliyevin Avropa İttifaqı ölkələri ilə, xüsusilə də Avropanın ən inkişaf etmiş ölkəsi olan Almaniya ilə səmimi dostluq münasibətlərinə əsaslanan qarşılıqlı əməkdaşlığı intensivləşdirməsi respublikamızın etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə səbəb olub. Növbəti inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Almaniya münasibətləri son illərdə siyasi-iqtisadi mahiyyət kəsb etməklə yanaşı, humantiar, sosial, elm, təhsil, səhiyyə, idman, turizm, infrastruktur sahələrini əhatə edərək əməkdaşlığın dinamizmini daha da sürətləndirib. Tərəflər arasında sıx təmasların geniş xarakter alması ikitərəfli əlaqələrlə bərabər, Avropa strukturları çərçivəsində əməkdaşlığın miqyasına da öz müsbət təsirini göstərib.
Qarşılıqlı ticarət dövriyyəsinin getdikcə artması onu deməyə əsas verir ki, artıq Azərbaycan Almaniyanın etibarlı ticarət tərəfdaşlarından birinə çevrilib
Prezident İlham Əliyevin Almaniyaya səfəri də özündə bir sıra mühüm faktorları ehtiva etməkdədir. Eyni zamanda, daha bir fakt da budur ki, Azərbaycandakı münbit biznes mühiti alman şirkətlərinin ölkəmizdə fəaliyyətlərini daha da genişləndirməsinə imkan verir. Qarşılıqlı ticarət dövriyyəsinin getdikcə artması onu deməyə əsas verir ki, artıq Azərbaycan Almaniyanın etibarlı ticarət tərəfdaşlarından birinə çevrilib.
Prezident cənab İlham Əliyevin fəal diplomatiya sayəsində Azərbaycanın bütün dünya üçün nümunə sayılan müsbət reallıqlarını beynəlxalq birliyin diqqətinə çatdırır. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın əldə etdiyi mühüm geosiyasi uğurlardan biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Həyata keçirdiyi tam müstəqil siyasətlə Azərbaycanı yeni inkişaf mərhələsinə çıxaran Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qlobal təşəbbüsləri, enerji layihələri həm də ölkəmizin beynəlxalq miqyasda nüfuzunu, siyasi çəkisini da da artırıb. Hazırda dünyanın geosiyasi və geoiqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın əsas rol oynaması bunu təsdiq edən daha bir reallıqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət sayəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyat quruculuğuna nail olan ölkəyə çevrilib. Son onilliklərdə bütün dünya miqyasında öz iqtisadiyyatlarını Azərbaycan kimi ardıcıl şəkildə genişləndirən ölkələrin sayı çox azdır. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib.
Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzur bölgələri ilə bağlı Almaniyada səsləndirdiyi önəmli bəyanatları da diqqətçəkəndir
Bu gün Azərbaycan Avropanın enerji təminatında açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunur. Bu, ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Xüsusilə son illər dünyanın enerji təminatında Azərbaycanın mövqeyinin möhkəmlənməsi Almaniya hökumətini respublikamızla daha dərin təməllərə əsaslanan əməkdaşlığa vadar edir. O cümlədən, Almaniya özünün enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın təşəbbüskarı olduğu enerji marşrutlarının əhəmiyyətini xüsusi dəyərləndirir və ölkəmizin yanacaq resurslarından faydalanmaq niyyətini daim bəyan edir. Bütün bu kimi məsələləri İlham Əliyev martın 13-də Almaniyaya işgüzar səfəri çərçivəsində Berlində bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə də qürurla səsləndirib.
Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzur bölgələri ilə bağlı Almaniyada səsləndirdiyi önəmli bəyanatları da diqqətçəkəndir. Onun sözlərinə görə, artıq bu ərazilər "yaşıl enerji" zonası elan edilib, həmçinin, həmin ərazilərimizdə yalnız bərpaolunan enerji mənbələrindən istifadə olunacaq. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək.Azərbaycanın bərpaolunan enerji potensialı hələ bununla yekunlaşmır.
Prezident cənab İlham Əliyev həmçinin bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə yanaşı, Naxçıvanı da "yaşıl enerji" zonasına çevirmək planları mövcuddur. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur. Bu yaxınlarda orada ekspertizanın da aparıldığını bildirən Prezident deyib ki, yaxın vaxtlarda 500 meqavatlıq günəş-elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlar atıla bilər.
Dövlət başçısının bu səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açacaq
Uğurlu inkişaf Azərbaycanı özünün əsas hədəfinə çatmasına - iqtisadi müstəqilliyə nail olmasına imkan verib. İqtisadi müstəqillik isə öz növbəsində ölkənin siyasi müstəqilliyini şərtləndirir. Xarici investorların Azərbaycanla tərəfdaşlıq etmələri ölkəmizə böyük iqtisadi dividend vəd edir. Çünki bərpaolunan enerjiyə nə qədər çox sərmayə qoyularsa, bir o qədər qaza qənaət ediləcək və bu da Azərbaycandan qaz ixracının artırılması ilə nəticələnəcək. Bu uğurların əldə edilməsində Almaniyanın da iştirakının öndə tutulması ölkələrimiz arasındakı münasibətləri daha da möhkəmləndirir. Xüsusi ilə, qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçən görüşlər bir daha onu göstərir ki, Almaniya Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır və dövlət başçısının bu səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açacaq və paralel olaraq bu səhifələr yeni perspektiv imkanları da müəyyənləşdirəcək.
Zərifə QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB