Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya strateji tərəfdaşlığının parlaq nümunəsi olmaqla iki ölkə arasında münasibətlərdə yeni səhifə açır
Azərbaycan-Almaniya iqtisadi əlaqələri bu iki ölkə arasında diplomatik münasibətlərin mövcud olduğu 30 il ərzində davamlı inkişaf edib. Ötən müddətdə tərəflərin fəal əməkdaşlığı müxtəlif sahələrdə müsbət nəticələrlə diqqət çəkib. Məhz bu baxımdan, Prezident İlham Əliyevin Almaniyaya martın 13-də işgüzar səfəri də, şübhəsiz ki, iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsini şərtləndirib. Eyni zamanda, Almaniya ilə Azərbaycan arasında tarixi bağlantıların da olması reallıqdır.
Danılmaz faktlardan biri də budur ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, respublikamızın regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.
Dövlətimizin başçısının Almaniyaya işgüzar səfəri Azərbaycan–Almaniya etibarlı, səmimi tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisi olaraq bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək iqtisadi inkişaf üçün böyük perspektivlər açacaq.
Almaniya 3,85 trilyon dollar ÜDM ilə dünyada 4-cü, “qoca qitə”nin ən böyük iqtisadi gücdür
Onu da qeyd edək ki, Avropa İttifaqının (Aİ) aparıcı ölkələrindən olan Almaniya 3,85 trilyon dollar ÜDM ilə dünyada 4-cü, “qoca qitə”nin ən böyük iqtisadi gücdür. Son illərdə Azərbaycanın belə bir potensiala malik dövlətlə iqtisadi əlaqələrində artım dinamikası nəzərə çarpır. Bunu belə bir fakt da təsdiq edir: 2020-ci ildə ölkələrimiz arasında xarici ticarət dövriyyəsi 817 milyon 622 min dollar idisə, ötən il bu göstərici 1 milyard 257 milyon dollaradək yüksəlib. Bu rəqəmlərin perspektiv etibarı ilə dayanmadan yüksələcəyi də mühüm perspektivlərdəndir.
Digər statistik göstəricilər də kifayət qədər münbit əsaslara söykənir. Belə ki, son iki ildə ticarət həcmini 54 faizə yaxın artıran tərəflər arasında bu sektorda dövriyyə genişlənib, qarşılıqlı ixrac artıb. 2022-ci ildə Azərbaycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri 591,3 milyon ABŞ dolları təşkil edib. Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 8-ci yeri tutub.
Azərbaycan neftinin Avropa ölkəsinə ixracı reallığı
Azərbaycan neftinin Bu Avropa ölkəsinə tədarükü ümumi ticarət həcmində əsas dayaq nöqtələrindən biridir. Belə ki, ötən il Almaniyaya neft ixracının həcmi 881,4 milyon ton, dəyəri isə 563,7 milyon dollar təşkil edib. Eyni zamanda, ötən il ərzində Almaniya Azərbaycan neftinin 10 əsas idxalçıları siyahısına daxil olub.
Daha bir məqamı da göstərə bilərik ki, Azərbaycanda hazırda qeydiyyatdan keçən 239 alman şirkəti var. Energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, tikinti, bank işi, sığorta, ticarət və servis kimi sahələrdə fəaliyyət göstərən həmin qurumların təqribən 170-i Azərbaycan–Almaniya Ticarət Palatasının üzvüdür. O cümlədən, Almaniya şirkətləri işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərir və bununla bağlı müraciətlər olunur.
Ölkələrimiz arasında arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. SOCAR ilə Almaniyanın “Uniper” şirkəti 2013-cü ildə birgə uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıb. 2020-ci il dekabrın 31-dən isə Cənub Qaz Dəhlizi Azərbaycan təbii qazını İtaliyadakı qəbul nöqtəsi vasitəsilə Aİ bazarına çatdırır. “Uniper” Avropa bazarında təbii qazın əsas alıcılarından biridir. Bu, şirkətin ən uzunmüddətli (2020-2045) qaz alışı layihəsidir.
İndiyədək “Azərbaycan Qaz Təchizatı” şirkəti tərəfindən “Uniper”ə 3,1 milyard kubmetr qaz ötürülüb. Bundan əlavə, ötən il SOCAR tərəfindən Almaniya istiqamətində 1 milyon 764,5 min ton xam neft ixrac edilib.
SOCAR və “Uniper” şirkətləri tərəfindən 2016-cı ildə Azərbaycanda enerji səmərəliliyi layihələrini inkişaf etdirmək üçün birgə müəssisə – (SOCAR (51 faiz), “Uniper” (49 faiz)) yaradılıb. Birinci layihə Sumqayıtda “Azərkimya”nın uyğun müəssisəsində buxar və enerji istehsalı kompleksinin təkmilləşdirilməsi və istismarı olub. Layihənin 2023-cü ilin yayında başa çatdırılması nəzərdə tutulub. Zavodda istehsal olunacaq elektrik enerjisinin isə SOCAR-ın müəssisələrinə veriləcəyi və daha sonra respublikamızın milli elektrik şəbəkəsinə çatdırılacağı planlaşdırılıb.
Azərbaycanda bir sıra nüfuzlu Almaniya şirkətləri fəaliyyət göstərir
Ölkəmizdəki Almaniya şirkətləri tərəfindən bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərilir. Bu ölkənin “Berlin Wind” şirkəti tərəfindən Xızı rayonunun Yeni Yaşma və Şorabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkında yenidənqurma işlərinin aparılması və 2018-ci il oktyabrın 11-də parkın istismara verilməsi də məhz bunun əyani nümunəsidir.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilən torpaqlarının bərpası prosesinə gəlincə, Almaniyanın aparıcı şirkətlərinin bərpaolunan enerji mənbələri ilə uzlaşan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası da maraq doğuran sahələrdən biridir. Artıq bu sahədə alman mütəxəssisləri fəaliyyət göstərməkdədirlər.
Turizm sahəsində də kifayət qədər əhəmiyyətli göstəricilər yer alıb. Belə ki, iki ölkə arasında turist axını da son illər ərzində əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2022-ci ildə Azərbaycana səfər edən almanların sayı təqribən üç dəfə artaraq 14 min 426 nəfər olub. Eyni zamanda, ötən il Almaniyaya səfər edən azərbaycanlıların sayı 21 min 791 nəfər olub ki, bu da 2021-ci illə müqayisədə 4 dəfə çoxdur.
Bu kimi siyasətin təməlli inkişafı isə söz yox ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətinin bariz nəticəsidir
Beləliklə, fakt budur ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya strateji tərəfdaşlığının parlaq nümunəsi olmaqla iki ölkə arasında münasibətlərdə yeni səhifə açır. Bu səfər Azərbaycanın iqtisadi və geostrateji üstünlüklərindən səmərəli şəkildə yararlanaraq Cənubi Qafqazda əməkdaşlıq üçün getdikcə daha çox tərəfdaş cəlb edən aparıcı ölkəyə çevrildiyini təsdiq edir. Bu kimi münbit əməkdaşlığın əsasında dayanan ən mühüm məsələlərdən biri isə söz yox ki, Azərbaycanın Avropa miqyasındakı önəmli yer tutmasıdır. Bu kimi siyasətin təməlli inkişafı isə söz yox ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətinin bariz nəticəsidir.
Vidadi NƏZƏROV,
YAP Masallı rayon təşkilatının Dövlət Regional Kollec ərazi ilk partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB