Ermənistanda insan hüquqlarının pozulmasına qarşı SUSQUNLUQ – TƏHLİL
Ermənistanda insan hüquq və azadlıqlarının pozulması halları olduqca çoxdur və bunu təsdiq edən faktlar da yetərincədir. Görünən odur ki, özünü demokratik ölkə kimi sırımağa çalışan Ermənistanda demokratiyadan əsər-əlamət yoxdur. Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun hesabatı da bunu təsdiq edir.
Ermənistanda QONDARMA DEMOKRATİYA
Hesabatda 2020-2022-ci illər ərzində Ermənistanda insan hüquq və azadlıqlarının pozulması halları, mülki əhaliyə qarşı qəddar münasibət, nümayişlər zamanı saxlanılan şəxslər, jurnalistlərə qarşı cinayət işləri haqqında kifayət qədər məlumatlar öz əksini tapır. Bu məlumatlar təsdiq edir ki, işğalçı ölkədə demokratiya, insan azadlığı, söz azadlığı haqda deyilənlər həqiqətdən çox-çox uzaqdır və yalnız uydurmadır, mifdir. Məsələ burasındadır ki, son dövrlər baş verən hadisələr, insanların hüquqlarının köbud şəkildə pozulması bu mifi də darmadağın etdi. Sadəcə bunu görmək, eyni zamanda etiraf etmək gərəkir, amma etiraf etməyənlər birmənalı şəkildə ikiüzlülük, riyakarlıq edir, ermənipərstliklərini ortaya qoyurlar.
Azərbaycanda az qala məişət zəminində hansısa narazılığı, kiçik bir aksiyanı şişirdib hüquq pozuntusu, demokratiyaya əngəl kimi qələmə verməyə çalışan insan hüquqları üzrə beynəlxalq təşkilatlar ilk növbədə erməni xalqına qarşı Ermənistan hökumətinin son 2 il ərzində antidemokratik, qeyri-insani münasibətlərini görüb qınasınlar. Əgər görə-görə qınamaqdan boyun qaçırırlarsa, haqsız və əsassız olaraq Azərbaycanı hədəfə alırlarsa, deməli ikili standartlar tətbiq edirlər. Deməli, ikili yanaşmaya yol verirlər. Yaxud Ermənistanda hüquq pozuntularının, xüsusən də Brüsseldə prezidentlərin görüşündən sonra bu ölkədə olan insan haqlarının pozuntusu heç bir yerdə qeydə alınmayıbsa, deməli ədalətli yanaşma yoxdur.
İlk gündən Paşinyan hakimiyyəti özünü “demokratik hakimiyyət” kimi göstərməyə, belə bir fikir formalaşdırmağa çalışıb. Amma hadisələr bunun əksini söyləməyə əsas verir. Heç bir “demokratik hakimiyyət” tənqidə görə özünə siyasi rəqib saydıqlarına qarşı repressiyalara yol verməzdi ki, Paşinyan hakimiyyəti buna yol verib və hələ də yol verir. İnsanlar bu işğalçı ölkədə qorxularından səslərini də çıxara bilmirlərsə, hansı ki, hesabatda bu da öz yerini alır, deməli, bu ölkədə demokratiya yoxdur. Öz əməli fəaliyyətlərində demokratiyadan çox uzaq idarəçilik həyata keçirənlərin bundan, demokratiyadan danışmağa haqqları belə çatmır axı. İnsan hüquqları sahəsində fəaliyyət göstərən qurumların da belə bir haqqı yoxdur, çünki Ermənistanda baş verən qeyri-insani münasibətləri yaxşı görürlər, boyunlarına almasalar belə. Amma yaxşı olardı ki, onlar ikili yanaşmadan əl çəkib Ermənistanda baş verən bu qeyri-insani münasibətlərə nəzər yetirə, həmin münasibətlərdən nəticə çıxara, ən azından həssas yanaşaydılar.
İkili standartlarla yanaşanlar stabilliyi görmək istəməyənlərdir
Ölkəmizdə olan sabitliyi, stabilliyi təkzib etmək qeyri-mümkündür. Buna cəhd edənlər də özlərini rüsvay etmiş olurlar. Hər zaman Azərbaycana qarşı ikili standartlarla yanaşanlar isə, təbii ki, Azərbaycanda stabilliyi görmək istəməyənlərdir. Məsələ burasındadır ki, onların nəyi görmək, nəyi görməmək istəkləri heç nəyi dəyişmir və ölkəmizdə sabitlik də, stabillik də öz yerindədir, dəyişməzdir. Amma onların ikiüzlü mövqeyi özləri üçün imic itgisi, olmayan nüfuzun yox olması deməkdir. Buna baxmayaraq real vəziyyət barədə beynəlxalq təşkilatlar məlumatlı olmalı və buna görə də onlara məhz sözgedən hesabatın göndərilməsi məsələsi doğru addım olaraq qiymətləndirilməlidir. Deməli, Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatlar beynəlxalq təşkilatlara göndərilməlidir və Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda azadlıqların pozulması faktları ilə bağlı hesabatları göndərəcəyi barədə bildirdiyi də səbəbsiz deyil və Ermənistan üçün bu hal heç də normal sayılmamalıdır.
Çox da ki, ermənilər öz ölkələrini demokratik ölkə kimi Qərbə sırıyıb bunun əvəzinə dividentlər almağı planlayırlar, bunun mümkünsüzlüyü barədə hətta düşünmədən belə qənaətdədirlər. İstər Ermənistanı, istərsə də Gürcüstanı bizə nümunə göstərmək istəyənlər yaxşı bilirlər ki, bu iki ölkədə baş verənlər demokratiya, insan hüquqlarının müdafiəsi ilə təzad təşkil edir. Ermənistanda insan haqlarının kobudcasına pozulmasını, demokratiyanın izi-tozu olmadığını sadalanan faktlar tam şəkildə təsdiq edir. Məsələ burasındadır ki, heç Gürcüstanda da insan azadlıqlarından, hüquqların qorunmasından ağız dolusu danışmaq olmaz. Biz bu azadlıqların olmamasını həmin ölkədə demokratiyanın carçısı hesab edilən Mixail Saakaşvilinin vəziyyətindən də başa düşmüşdük. Təkcə biz yox, hamı açıq-aşkar görür ki, Saakaşviliyə Gürcüstanda necə divan tutulur və həbsxanada da aman verilmir. Buna demokratiya adı vermək olmaz, bizim ölkəmizdə analoji hal ümumiyyətlə müşahidə olunmayıb və deməli, müqaisəli təhlil təsdiq edir ki, demokratik dövlət elə Azərbaycan özüdür və bu sahədə Ermənistandan da, Gürcüstandan çox-çox irəlidədir.
İnsan hüquqları üzrə beynəlxalq təşkilatlar tərəfindən LAQEYİD YANAŞMA
Ermənistanda Nikol Paşinyanı tənqid edən 802 nəfərə cinayət işinin açılması özü bu işğalçı ölkədə anti-demokratik mənzərəni açıq-aydın şəkildə ortaya qoyur, hansı ki, buna da insan hüquqları üzrə beynəlxalq təşkilatlar tərəfindən laqeyid yanaşılır. Nə bir irad bildirilir, nə də barəsində söhbət açılır. Burada hansısa ədalətli yanaşmadan da söhbət gedə bilməz. Əks halda, yəni ədalətli yanaşma olsaydı, indi hansısa iradın da olsa bildirildiyinin şahidi olardıq.
Bilirik ki, 2020-ci ilin axırlarında Ermənistanda xalq baş nazir Nikol Paşinyana qarşı ayağa qalxmışdı və nəyə isə nail olmaq niyyəti güdülürdü. Ola bilsin ki, Paşinyanı, küçə nümayişləri və manipulyasiya yolu ilə ələ keçirdiyi kürsüdən qovmaq da planda var idi. Amma nəinki biz gördk, bütün dünya gördü ki, nəticədə jurnalistlərə işgəncələr verildi, səkkiz yüz nəfərdən çox insana cinayət işi açıldı. Bu faktlar demokratiyanın olmasından yox, olmamasından xəbər verir. Buna niyə axı hüquq müdafiəsi üzrə beynəlxalq təşkilatlar susurlar? Bu nə susqunluqdur? Niyə bu ölkəni demokratik ölkə adlandıranlar hələ də tapılır?
Xatırladığımız kimi, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın tərəfdarlarları həbs olundu. Hətta bir deputat qətlə də yetirildi. Bir sözlə, Paşinyana və onun hakimiyyət komandasına qarşı səsi çıxan kim olsa, onu zərərsizləşdirmək üçün repressiyalar belə Ermənistanda məqbul hesab olunur. Ümumiyyətlə, Ermənistanın mövcud hakimiyyəti heç bir tənqidi belə eşitmək istəmir və faktlar təsdiq edir ki, az miqdarda belə narazılığı olan şəxslər ya öldürülür, ya həbs olunur, ya da ən yüngül halda axtarış edilərək evi alt-üst olunur. Belə bir mühitdə demokratik cəmiyyətin olmasından danışmaq çox gülünc və absurd səslənər. Bu baxımdan da hansısa təşkilatın, yaxud qurumun, hansısa siyasətçinin belə bir mövqe sərgiləməsi yalançılıq, riyakarlıq kimi dəyərləndirilir.
Ermənistanda insan hüquqlarının yüksək səviyyədə olduğunu və qorunduğunu iddia edənlər son dərəcə həyasızlıq edirlər. Ona görə ki, işğalçı ölkədə insan hüquqları nəzərə belə alınmır. Azərbaycana irad bildirməyə çalışanlar nəzərə almalıdırlar ki, Ermənistanda müşahidə olunan insan hüquqları pozuntuları həddindən artıq dərəcədə çoxdur və onları görməməzliyə vurmasalar, bu barədə düşünsələr Azərbaycandakı vəziyyətlə bağlı düşünməyə belə vaxtları qalmaz və görərlər ki, Azərbaycanla Ermənistanı tərəzinin eyni gözünə qoymaq belə mümkün deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB