"Verilən mesajlar real faktlara əsaslanır" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
“Qlobal Bakı Forumu, Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan dünyada sülhün, əminamanlığın, münaqişələrin aradan qaldırılmasının, təhlükəsizliyin təmin edilməsinin tərəfdarıdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, Forumun keçirilməsinə təşəbbüs göstərilməsi və onun yüksək səviyyədə təşkili də məhz bəşəri dəyərlərə xidmət edir.
“Bakının belə yüksək səviyyəli tədbirlərə təşkilatçılıq etməsi ali məqsədlərdən qaynaqlanmaqla bərabər, ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun bir göstəricisidir. Forumda yeni dünya nizamına təhdid yaradan amillərin-müharibələrin, qarşıdurmaların, yoxsulluğun, aclığın, bərabərsizliyin, iqlim böhranlarının aradan qaldırılmasına dəstək verilməsi və bu gün dünyanı narahat edən problemlərin gündəmə gətirilməsi, həlli üçün yollar aranması müsbət haldır.
Prezidentimizin Forumdakı çıxışında Azərbaycan-Ermənistan münasibətlərinə xüsusi önəm verməsi təsadüfü deyildir. Çünki 30 il davam edən işğalçılıq siyasəti nəticəsində ölkəmiz ciddi çətinliklərə məruz qalmış, nəhayət özünün hərbi gücünə arxalanaraq Ermənistan ordusunu məhv etmiş, tarixi qələbə qazanmışdır. Bütün bunlara baxmayaraq ölkə prezidenti daim sülh mesajları ilə çıxış etmiş, Ermənistanı sülhə səsləmişdir. O, Forumda bunu bir daha bəyan edərək bildirdi ki, “Biz sülh istəyirik. Biz hər hansı müharibəni istəmirik. Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan və Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur”.
Azərbaycan Prezidentinin Forumda verdiyi mesajlar real faktlara əsaslanır. Bütün dünya bunu görür və qiymətləndirir. Cənab İlham Əliyevin irəli sürdüyü fikirlər, verdiyi təkliflər münaqişələrin həllinə, sülhə, beynəlxalq əməkdaşlığa hesablanmışdır və ölkələrin, xalqların xoşbəxt gələcəyi üçün vacibdir. Sözsüz ki, X Qlobal Bakı Forumunda qarşıya qoyulan vəzifələr, irəli sürülən yeni ideyalar bəşəriyyətin firavanlığı yolunda yeni imkanlar yaradacaq və Forum mühüm bir platforma kimi bundan sonra öz təsir dairəsini daha da genişləndirəcəkdir”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB