Öz gözündə tiri görməyən İKİÜZLÜ AVROPA PARLAMENTİ - TƏHLİL

Öz gözündə tiri görməyən İKİÜZLÜ AVROPA PARLAMENTİ - TƏHLİL

Avropa Parlamenti yenə də Azərbaycana qarşı daha bir böhtan xarakterli qətnamə qəbul etmək arzusunu ortaya qoydu və bununda təsdiq etdi ki, yenə də ikiüzlülük edərək, ikili standartlar siyasəti yürdür, erməni dəyirmanına su tökür. Maraqlıdır, bir neçə aydır ki, milyonlarla dollar dəyərində korrupsiya qalmaqalında adı hallanan bu Avropa Parlamenti hansı üzlə Azərbaycan barəsində böhtan xarakterli qətmanə qəbul etmək arzusuna düşə bilər? Ermənistanın maraqlarına açıq-aşkar şəkildə xidmət edən bu qurum beynəlxalq hüququn norma və prinsplərinə nəinki məhəl qoymur, həmin prinspləri ayaqlar altına atmaqda zərrə qədər tərəddüd etmir.

Separatçı ermənilərin Azərbaycan ərazilərini işğalda saxladıqları müddət ərzində xalqımıza məxsus tarixi abidələri vandallıqla məhv etməsi fonunda Avropa Parlamenti təxminən bir il bundan əvvəl həyasızlıqla, lap elə ikiüzlü şəkildə, guya erməni mədəni irsinin Azərbaycan tərəfindən məhv edilməsi ilə bağlı əsassız, məntiqsiz qətnamə də qəbul etmişdi. Bütün bəşəriyyətə əyandır ki, mədəni irsin, tarixi abidələrin məhv edilməsi erməni xislətinə məxsusdur və azərbaycanlılara məxsus qəbir daşlarına qədər dağıtdıqları da fakt olaraq göz önündədir. Müsəlman məscidlərində donuz saxlayan və xalqımıza məxsus ibadət yerlərini viran qoyan ermənilərin mənafeyini müdafiə etmək, hətta bunun əksini söyləmək, erməni mədəni irsinin Azərbaycan tərəfindən məhv edilməsini bəyan etmək üçün hədsiz dərəcədə həyasızlıq, ikiüzlülük tələb olunurdu ki, bütün dünya bunun, bu ikiüzlülüyün ötən il, 10 mart tarixində şahidi oldu. Az qala əsrin üçdə birinə yaxın müddət ərzində torpaqlarımızı işğalda saxlayan ermənilərin həmin ərazilərdəki mədəni irsini Azərbaycan necə məhv edə bilərdi və bu hansı məntiqə sığışır? Əksinə, torpaqlarımızın işğalı dövründə məhz ermənilərin belə bir əmələ əl atdıqları faktlarla sübuta yetirilib və belə olan halda ötən ilki qətnamənin qəbul edilməsi ikiüzlülük, ikili standartlar deyilmi? İndi həmin o ikiüzlü Avropa Parlamentindən nəinki Azərbaycan, dünya nə gözləməli idi? Belə görünür ki, yenə də dünya bu ikiüzlülüyün şahidi olacağına alışıbmış, hansıki bu, həmin qurumun nüfuzu, imici üçün heç də arzuolunan deyil.

Nəyə nail olmaq fikrindədir Avropa Parlamenti? Niyyəti nədir bu qurumun? Azərbaycanın regionda sülhə, sabitliyə nail olmasına mane olmaqmı fikrindədir Avropa Parlamenti? Axı bu qurum erməni maraqlarına xidmət etməklə, ermənipərəst yönümlü qətnamələr qəbul etməklə, təkcə Azərbaycana qarşı düşmənçilik etmir, regionda sülhə və sabitliyə zərbə vurmuş, mane olmuş olur. Belə sərsəm, məntiqsiz qətmanələrlə separatçıları ruhlandırmaq, onları yeni təxribatlara sövq etmək, yeni müharibəyə rəvac vermək Avropa Parlamentinin nəyinə lazımdır? İşin nə yerdə olduğu bəllidir və sirr deyil ki, yenə də Avropa Parlamenti erməni lobbisinin təsiri altındadır və ikiüzlülüyü qəbul edərək ikili standartlar siyasətini yürtməyi məqbul hesab edir. Bu yekəlikdə qurumun belə bir mövqeyi qəbul etməsi sözün əsl mənasında çox utancvericidir və heç şübhəsiz ki, imicinə növbəti bir ciddi zərbədir.

Yenə də Avropa Parlamenti ikiüzlülük nümayiş etdirir. Məlum olduğu kimi, bu dəfə də Avropa Parlamenti guya “Azərbaycanın Ermənistana hərbi təcavüzü”, “Laçın dəhlizinin blokadası” ilə bağlı bütövlükdə əsassız ittihamlarla çıxış edir. Maraqlıdır, hansı təcavüzdən danışılır? Azərbaycan öz torpaqlarında kimə təcavüz edir və burada məntiqə yaxın nə isə varmı? İşğal altında olan torpaqlarını işğaldan azad etmək, BMT qətnamələrini icra etmək, öz torpaqlarında təxribatların, terrorun, insidentlərin qarşısını almaq nə vaxtdan təcavüz hesab olunub? Əgər bu təcavüz idisə, niyə BMT ermənilər tərəfindən işğal altında saxlanılan ərazilərimizin qeyd şərtsiz boşaldılması barədə qətnamə qəbul edirdi? Çox böyük təzadlar yaradan iddiaları Avropa Parlamenti özünə rəva bilirsə, bu, təkcə ikili standartlar deyil, həm də ikiüzlülükdür. Yaxud qondarma “Laçın dəhlizinin blokadası” ittihamları çox cılız, yanlış yanaşmadır ki, bu da həmin qurumun kimlərin dəyirmanına su tökdüyünü aydın şəkildə sübut edir. Çünki Azərbaycan Ordusu, yaxud ölkənin hansısa güc strukturu, polis deyil, ekoaktivistlər həmin o yolda dinc aksiya keçirirlər və tələbləri də qeyri-adi deyil, monitorinq tələbidir. Görəsən, Avropa Parlamentini ekologiya heçmi maraqlandırmır? Bəlkə, ermənilərin maraqları, özü də təxribatlara, terrora sərf ediləcək maddi maraqları bu məsələdən də daha önəmlidir bu qurum üçün? Heçmi öz imici haqqında düşünmür Avropa Parlamenti və bunun nə demək olduğunun, daha dəqiq desək, ikiüzlülük olduğunun fərqində deyilmi?

Çox “mötəbər” bir beynəlxalq struktur Azərbaycan ərazilərinin az qala əsrin üçdə birinə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanıldığına elə həmin müddət ərzində də göz yumdu, amma indi nədənsə gözlərini bərəldib ölkəmizin öz qanuni tələblərini “təcavüz”, ekoaktivistlərin üç ay müddətində keçirdiyi dinc aksiyasını “blokada” kimi görməli olub. Bax, ən böyük ikiüzlülük elə budur. Öz yurd-yuvalarından Ermənistanın işğalçılıq siyasəti sayəsində didərgin düşmüş bir milyondan çox azərbaycanlının məcburi köçkün halına düşməsinə, ermənilərin etnik təmizləmə siyasəti yürütməsinə göz yuman Avropa Parlamentinin ekoaktivistlərin dinc aksiyasına narahat olması, cəmi otuz min erməninin guya halına yanması çox eybəcər və ikiüzlü görünmürmü? Bəlkə, Avropa Parlamenti xalqımıza məxsus olan ərazilərdə olan şəhərlərin, kəndlərin ermənilər tərəfindən dağıdılmasını, meşələrin yandırılmasını, təbiətə belə qənim kəsilmələrini bilmir? İşğaldan azad edilmiş ərazilərimizin Ermənistan tərəfindən işğalda saxlanıldığı müddət ərzində necə xarabazarlığa çevrildiyini foto və videomateriallarda görməyibmi Avropa parlamenti? Heç görməsə belə, bu şəkildə ikiüzlülüyə haqqı çatmır, çünki görüb, bilib qərar verməsi gərəkir, görmədən, həqiqəti bilmədən ikili standartlarla davamlı olaraq erməni dəyirmanına su tökməsi yox.

Görəsən, nəyə görə Avropa Parlamenti hələ də Ermənistanın mina terroruna reaksiya vermir? İşğal altında saxladıqları torpaqları Azərbaycanın qələbəsi sayəsində tərk etmək məcburiyyətində qalanların həmin əraziləri minalamasına görə bir dəfə də olsun həmin struktur tərəfindən Ermənistan tərəfi qınanılıbmı? Qınanılmayıb, çünki Avropa İttifaqının qanunverici orqanı özü beynəlxalq qanunları ikiüzlü şəkildə pozaraq ermənipərəstliyi üstün tutur. Ermənistan tərəfindən basdırılan minaların 300-ə yaxın azərbaycanlının ölümünə səbəb olmasına bu qurumun məhəl qoymamasını bəs necə başa düşək? Minaya düşərək həlak olan insanların taleyi həmin o qanunverici orqanı heçmi maraqlandırmır? Maraqlandırsaydı ən azından bircə dəfə də olsa mina xəritələrinin verilməsi barədə Ermənistana qarşı tələblə çıxış edərdi. Bunu etməməsi fonunda hələ üstəlik, Ermənistanın Qarabağdakı hazırkı hərbi təxribatlarını, yeni minaların əraziyə gizlin yolla gətirilməsini, basdırılmasını sakitcə izləyir, erməni quldur dəstələrinin qalıqlarının bölgədən çıxarılması barədə bir dənə fikir, mövqe belə bildirmir, özü də ikiüzlü şəkildə.

“Öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarır”, zərb məsəli belə yerdə yerinə düşür və qeyd etmək lazım gəlir ki, indi Avropa Parlamenti ilk öncə öz ikiüzlü mövqeyinə, ikili standartlarına, bu səbəbdən də imicinin, nüfuzunun heçə enməsinə görə narahat olmalıdır. Həm də ona görə narahat olmalıdır ki, Azərbaycan da öz növbəsində Ermənistanın destruktiv siyasətinə haqq qazandıran qətnamələri qəbul etdiyinə görə Avropa Parlamentindən izahat tələb etmək hüququna sahibdir. Bir vaxtlar “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasına qarşı çıxan Avropa Parlamentinin məntiqsiz yanaşması, Avropanın özünün enerji təhlükəsizliyi üçün həmin layihənin əhəmiyyətli olduğu aydınlaşan zaman da öz təsdiqini tapmışdı. Təsadüfi deyil ki, Azərbaycanı Cənubi Qafqazda əsas strateji tərəfdaş hesab edən Avropa İttifaqının mövqeyi ilə Azərbaycana münasibətdə qərəzliliyi ilə seçilən Avropa Parlamentinin mövqeyi qətiyyən üst-üstə düşmür. Ötən ilin, 2022-ci ilin iyulunda bağlanmış Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji əməkdaşlığa dair Anlaşma Memorandumu ölkəmizin Avropa üçün əhəmiyyətini təsdiq edən məqamdır. Deməli, Avropa Parlamenti öz mövqeyinə bir daha nəzər salmalı, ikili standartlardan, ümumiyyətlə, ikiüzlülükdən çəkinməlidir. Əks halda, Avropa Parlamentinin rəsmi Bakıya münasibətinin son dərəcə kinli, qərəzli olması Avropa İttifaqının mövqeyinin əksinə olması kimi təəssürat bağışlayacaq və bu da həmin qurumun, Aİ-nin qanunverici orqanının mahiyyətini, ikiüzlülüyünü ortaya qoyacaq, hansı ki, bu, onun imicinə, nüfuzuna zərbədir. Onsuz da erməni lobbisi xaricdə nə qədər güclü və nüfuzlu olsa da belə, Ermənistan heç bir şəkildə Avropa İttifaqının mövqeyinə təsir göstərə bilmir və Azərbaycana münasibətinə xələl gətirmək imkanına malik deyil. Bir sözlə, ikiüzlülük Avropa Parlamentinin özünə qalmış olur və bununla nəyə isə nail olunacağı istəyi, Azərbaycanı öz haqq işindən, ədalətli, qanuni mövqeyindən çəkindirəcəyi arzusu belə puç hesab olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə