“Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək və dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir.”
Ulu Öndər Heydər Əliyev
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şüarlı həyatının bütün mərhələləri Azərbaycan xalqının müstəqil dövlətə sahib olmasına, onun dünya xalqları içərisində firəvan həyatının təmin edilməsinə yönəlmişdir. Ulu Öndər Heydər Əliyev hələ Dövlət Təhlükəsizlik Komitəsində işləyərkən bu orqanda fəaliyyət göstərəcək milli kadrların hazırlanmasında müstəsna xidmətlər göstərmişdir. Ulu Öndər Heydər Əliyev çox gözəl bilirdi ki, dövlət təhlükəsizlik orqanlarında işləyən qeyri-azərbaycanlılar tərəfindən xalqımıza qarşı olduqca qəddar münasibət bəslənilmiş, minlərlə soydaşımız müxtəlif bəhanələr gətirilərək uzunmüddətli həbslərə, ölüm cəzasına məhkum edilmişdir. Xalqımıza qarşı yönəlmiş bu represiya maşınının qarşısının alınmasının yeganə yolu Dövlət Təhlükəsizlik Komitəsi sistemində milli kadrların yerləşdirilməsi idi ki, Ulu Öndər bu yolda qarşısına çıxan maneələri qətiyyətlə dəf etməyi bacardı.
Ulu Öndər Heydər Əliyevin rəhbər vəzifədə fəaliyyətinin növbəti mərhələsi 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dönəmini əhatə edir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin birinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gəldiyi dönəmdə Azərbaycan keçmiş SSRİ respublikaları arasında sosial-iqtisadi göstəricilərinə görə ən axırıncı yerlərdən birində qərar tuturdu. Ulu Öndər heydər Əliyevin sahib olduğu şəxsi keyfiyyətləri, gərgin əməyi, malik olduğu böyük nüfuzu sayəsində qısa bir müddət keçdikdən sonra Azərbaycan keçmiş SSRİ məkanında ən öncül yerlərə yüksəldi, aqrar respublikadan, aqrar sənaye respublikasına çevrildi. Yüzlərlə emal və istehsal müəssisələri yaradıldı, neft-kimya kompleksləri tikilib istifadəyə verildi, o dövrün ən yüksək texnoloji nəaliyylərindən hesab edilən Bakı Kondensioner Zavodu tikilib istifadəyə verildi. O dövrdə bu sahədə dünyanın ikinci nəhəng zavodu sayılan Bakı Kondensioner Zavodunun məhz Bakıda tikilməsi Ulu Öndər Heydər Əliyevin keçmiş SSRİ məkanında malik olduğu nüfuzunun göstəricilərindən biridir. Ulu Öndər Heydər Əliyev təkcə Bakı Kondensioner Zavodunun Bakıda tikilməsi ilə kifayətlənmədi. O müasir elektronika sənayesinin Azərbaycanda inkişaf etdirilməsini təmin etdi. Eyni zamanda bu sahədə və digər mütərəqqi sahələrdə çalışacaq milli kadrların hazırlanması yolunda böyük uğurlara imza atdı. Minlərlə azərbaycanlı gənclər keçmiş SSRİ-nin və eyni zamanda Varşava Müqaviləsinə daxil olan dövlətlərin ən aparıcı ali məktəblərinə təhsil almaq üçün göndərildi. Bu yolla da ən önəmli məsələlərdən biri olan milli kadr hazırlığını ardıcıl və uzaqgörənliklə təmin etmiş oldu. Bu gün elm, təhsil, sənaye, idarəetmə və s. sahələrində peşəkarcasına çalışan milli kadrlarımız Ulu Öndər Heydər Əliyevin zamanında formalaşdırdığı təhsil bazasının əsasında ərsəyə gəlmişdir.
Ümummilli Lider Heydər Əliyevin zamanında C.Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasına nail olması, gələcək müstəqil Azərbaycan dövlətinin yaradılması yolunda atılmış ən uğurlu addımlardan biri sayıla bilər. Ulu Öndər Heydər Əliyevin gördüyü işlərə nəzər saldıqda görürük ki, xalqımıza dahi şəxsiyyəti həyatının hər anını Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinə həsr etmiş, müstəqil dövlətin var olması, kənardan edilən müdaxilələrə tab gətirməsi üçün etibarlı təməllər formalaşdırmış, müstəqil dövlət maşınının detallarını, düyümlərini, müxanizmlərini bir-bir zərgər dəqiqliyi ilə hazırlayaraq ərsəyə gətirmişdir. Bildiyimiz kimi müstəqil dövlətin var olmasını şərtləndirən ən önəmli amil milli hərbi kadrlarla təchiz edilmiş Ordunun yaradılmasıdır. Ulu Öndər Heydər Əliyev C.Naxçıvanski adına Hərbi Məktəbi yaratmaqla hərbi sahədə milli kadrların hazırlanmasının əsasını qoymuşdu.Ulu Öndər Heydər Əliyev bu sahədə milli kadrların hazırlanmasında təkcə C.Naxçıvanski adına Hərbi Məktəbi yaratmaqla kifayətlənmədi. Azərbaycanlı gənclərin digər sahələrlə yanaşı hərbi sahədə də keçmiş SSRİ-nin ali hərbi məktəblərində təhsil almasını, müddətli hərbi xidmətlərinin tikinti hərbi hissələrində deyil, hərbi əməliyyatları yerinə yetirən hərbi hissələrdə qulluq keçmələrini təmin etdi. Ulu Öndər Heydər Əliyev çox gözəl bilirdi ki, XX əsrin əvvəllərində ermənilərə məğlub olmağımızın ən başlıca səbəblərindən biri də çar Rusiyasının azərbaycanlıları müsəlman əhalisi olmasını bəhanə gətirərək orduya cəlb etməmələri olmuşdur.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinə gedən yolda Azərbaycan dilinə verdiyi önəm, Azərbaycan dilini dövlət dili səviyyəsinə yüksəltməsi olmuşdur. Nəzərə alsaq ki, keçmiş SSRİ respublikaları arasında Azərbaycan çox nadir respublikalardan bir idi ki, Azərbaycanda dövlət dilinin Azərbaycan dili olması Konstitusiyada təsbit olunmuşdur. Bu Ulu Öndər Heydər Əliyevin keçmiş SSRİ məkanında nüfuzunun bariz nümunəsi idi. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilini Azərbaycanda qanunvericilik səviyyəsində dövlət dili kimi rəsmləşdirməklə yanaşı, özünü nitqində heç bir kənar dillərə, o cümlədən keçmiş SSRİ-nin dövlət dili olan rus dilinə aid bir kəlmədən belə istifadə etməməklə dilimizin səlistliyinin qayğısına qalır və hər kəsə nümunə olurdu. Ulu Öndər Heydər Əliyev çox gözəl bilirdi ki, milli kimliyimizin qorunması, assimliyasiyaya uğramasının qarşısının alınmasında ən önəmli vasitə mənsub olduğumuz dilin qorumasıdır, zamanın tələblərinə uyğun inkişaf etdirilməsidir. Bu səbəbdən də dilimizə elmi yanaşmanı, tədrisin və dövlət idarəetmə sistemində Azərbaycan dilinə üstünlüyün verilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə göstərdiyi qayğının göstəricisidir.
1982-ci ildə Ulu Öndər Heydər Əliyev keçmiş SSRİ-ninən ali idarəetmə sisteminə, Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə aparıldıqdan sonra da daima Azərbaycanı diqqət mərkəzində saxladı, Mərkəzdən Azərbaycan üçün mümkün olan hər şeyi etdi.
Başına erməni daşnak tör-töküntülərini yığan M.Qorbaçov Heydər Əliyev şəxsiyyətindən qorxaraq çıxış yolunu Ulu Öndərin Siyasi Bürodan uzaqlaşdırılmasında görürdü və bunu da etdi. Ulu Öndər Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasında dərhal sonra Azərbaycanın ayrılmaz tərkib hissəsi olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi yolunda separatçılığa rəvac verildi. Proseslərin necə cərəyan etdiyi haqqında uzan-uzadı danışaraq vaxtınızı almaq istəmirəm. Süni şəkildə yaranmış bu problem müxtəlif mərhələlərdən keçdi və xalqımız bu ədalətsizliyə dözməyərək öz etiraz səsini ucaltdıqda 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə respubilkanın paytaxtına ordu yeridildi və xalqımızı qan gölündə boğmağa çalışdılar. Dövlət idarəetmə sistemindən uzaqlaşdırılaraq, xüsusi nəzarət altında yaşamasına rəğmən Ulu Öndər Heydər Əliyev özünün və doğmalarının həyatına risk edərək Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş vəhşilik haqqında həqiqətləri kütləvi informasiya vasitələri ilə dünyaya bəyan etdi və etiraz əlaməti olaraq kommunist partiyasında könüllü olaraq istefa etdiyini bəyan etdi. Ulu Öndər Heydər Əliyev kimi dünya miqyasında tanınan nüfuzlu bir şəxsiyyətin komunist partiyasının üzvlüyündən imtina etməsi SSRİ adlı nəhəng bir imperiyanın süqutunun əsasını qoydu desək, məncə yanlışlığa yol vermiş olmarıq.
Ulu Öndər Heydər Əliyevin xüsusi nəzarət altından çıxaraq Azərbaycana dönməsinin özü də bir fədakarlıq nümunəsidir.Azərbaycanın o dövrkü rəhbərliyi öz vəzifə kürsülərini itirməmələri üçün Ulu Öndər Heydər Əliyevin Bakıda qalmasına imkan vermədilər. Məcburiyyət qarşısında qalan Umummilli Liderimiz Heydər Əliyev Naxçıvana getməli oldu.Naxçıvan əhalisi xalqımızın xilaskar oğlunu olduqca böyük sevgi və sayqı ilə qarşıladı.Ulu Öndər Heydər Əliyevin Naxcıvana qayıdışı Naxçıvanı erməni və onların havadarlarının işğalından qorudu. Naxçıvanın blokada şəraitində olmasına baxmayaraq Ulu Öndər Heydər Əliyev Qarabağın müdafiəsinə də imkan daxilində dəstək göstərdi. Belə ki, 6 ədəd doludağıdan topların Qarabağa məhz Ulu Öndər Heydər Əliyev tərəfindən göndərildiyi mənim şahidi olduğum hadisələrdir.
Ötən əsrin 90-cı illərin əvvəllərində respublikada elə bir xaotik mühit yaranmışdır ki, Azərbaycan idarəolunmaz bir vəziyyətə düşmüşdü. Bir tərəfdə Moskvanın buyruqqulu rolunda çıxış edən o dövrkü siyasi “hakimiyyət”, digər tərəfdə isə nəyin bahasına olursa-olsun hakimiyyətə yiyələnməyə can atan “demokratik” qüvvələr. Şəxsi mülahizələrimə və müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, hər iki qüvvə Moskvanın sifarişini icra edən bir medalyonun iki üzləri idi. Milli və dövlətçilik məfkurəsindən uzaq, bir mərkəzdən idarə olunan “qüvvələr” bir-birlərini siyasi səhnədə əvəz etdikcə Azərbaycanın dövlət maraqları sarsıdılır, torpaqlarımız erməni silahlı dəstələri tərəfindən işğal olunur, işğala məruz qalmış ərazilərdə yaşayan soydaşlarımız min bir müsibətlərlə üzləşərək qaçqın, məcburi köçkün həyatı yaşamağa məhkum edilirdi. Bunlar az imiş kimi özlərini demokratik qüvvələr adlandıran qaraguruhun yarıtmaz fəaliyyəti nəticəsində Gəncədə qardaş qanı axıdıldı və respublikada vətəndaş müharibəsi şəraiti yarandı. Belə bir ağır durumda da Vətənin və millətin köməyinə Ulu Öndər Heydər Əliyev yetişdi. O Naxçıvandan bakıya gələrək qısa müddətdə vətəndaş müharibəsi və dövlət müstəqilliyinin itirilməsi təhlükəsini aradan qaldırdı, şimalda və cənubda baş qaldırmış separatçı qüvvələri zərərsizləşdirdi, başıpozuq silahlı dəstələr ləğv edilərək vahid komandanlığa tabe olan nizami Ordunun əsası qoyuldu, ictimai sabitlik bərqərar edildi, dövlət çevrilişinə cəhdlərin qarşısı qətiyyətlə alındı, döyüş meydanında Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurularaq geri otuzduruldu və Ermənistan atəşkəsə razlıq verməsinə məcbur edildi. Bunlarla paralel olaraq dünya dövlətləri ilə qarşılıq maraqlara xidmət edən, beynəlxalq hüquqa əsaslanan, bərabər hüquqlu beynəlxalq münasibətlər quruldu. Dövlətin iqtisadi əsaslarını təmin edəcək və bu günkü iqtisadi inkişafımızın əsasını təşkil edən əsrin müqaviləsi adlandırılan Böyük Neft Kontraktının imzalanmasına nail olundu. Azərbaycanın müstəqil dövlət olaraq ilk Konstitusiyası qəbul edildi. Bütün sahələrdə islahatlar həyata keçirildi. Beləliklə Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyi, əbədiliyi təmin edildi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında ən mühüm xidmətlərindən biri də özündən sonra millətin və dövlətin taleyini etibar edəcəyi siyasi varisin yetişdirilməsidir. Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin şəxsində elə bir qətiyyətli proqmatik, ən yüksək keyfiyyətlərə sahib, dünya siyasətini dərindən bilən, zamanı qabaqlamağı bacaran bir lideri özündən sonra varis qoydu. Ulu Öndərimiz burada da yanılmadı. Ulu Öndər Heydər Əliyevin yarımçıq qalmış ideyaları cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Cənab Prezident İlham Əliyev zamanın reallıqlarını nəzərə alaraq Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı yenidən tikərək xarici simasını dəyişdi, Azərbaycanı regionun lider dövlətinə və beynəlxalq məsələlərin müzakirə edildiyi və mühüm qərarların qəbul edildiyi məkana çevirdi. Ən əsası özünün qətiyyəti, yaratdığı Müzəffər Ordunun qüdrəti və xalqımızın birliyi ilə 30 il işğal altında qalan Vətən torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü təmin etdi. Xalqımızın zədələnmiş milli qüruru bərpa olundu. Xalqımız məğlub xalqdan, Qalib xalq səviyyəsinə ucaldıldı.
Nə qədər Azərbaycan var, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev də var olacaq!
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB