“Zirvə görüşü kifayət qədər faydalı oldu” - MÜNASİBƏT BİLDİRİLDİ

“Zirvə görüşü kifayət qədər faydalı oldu” - MÜNASİBƏT BİLDİRİLDİ

“Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü tarixi bir toplantıdır”. Bu sözləri SİA-ya açıqlamasında “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru, “Yeni Müsavat” qəzetinin redaktoru, siyasi icmalçı Elşad Məmmədli deyib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev tədbiri açarkən də qeyd etdi ki, bu sammit səviyyəli görüşdür: “Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə qurum qlobal səviyyədə ciddi, mühüm aktorlardan biri olub. Dövlətimizin başçısı bunu xüsusi vurğu və qürurla qeyd etdi. Çünki bu, Azərbaycanın dünyada böyük nüfuza, proseslərə təsir edən dövlətlərdən birinə çevrildiyinin göstəricisidir”.

E.Məmmədli qeyd etdi ki, Zirvə görüşü həm də artıq 3 ildir dünyanı sarsıdan COVİD pandemiyasının bitməsinin anonsunun məhz Bakıdan elan edilməsi ilə də yadda qaldı. Yeri gəlmişkən, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi, pandemiya dövründə böyük fədakarlıqlar göstərdi. Heç kim etiraf edə bilmirdi ki, pandemiyanın ən kritik vaxtlarında peyvənd ayrı-seçkiliyi edilir. Azərbaycan Prezidenti bunu dəfələrlə qaldırdı və beynəlxalq ictimaiyyətin diqqətini buna yönəltdi, bəzi dövlətlərin ədalətsiz yanaşmasını qınadı.

Prezident toplantıda bəyan etdi ki, bunun nəticəsində Qoşulmama Hərəkatı bütün ölkələrin vaksinlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu.

Habelə, Azərbaycanın pandemiya dövründə göstərdiyi humanitar yardımlar haqqında da Bakıdakı toplantıda kifayət qədər danışıldı. Azərbaycanın bu hərəkata sədrliyi dövründə məhz dövlətimizin təşəbbüsü ilə bir sıra yeni strukturlar yaradılıb ki, bu da qurumun gələcək fəaliyyətində böyük önəm kəsb edəcək. Prezident bu kontekstdə danışarkən xüsusi olaraq vurğuladı ki, bu təşəbbüskarlıqda, fədakarlıqda məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır...”

Zirvə görüşündə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına sədrlik edən dövlətin BMT Təhlükəsizlik Şurasında daimi üzvlüyünə dair təklifi də bir daha dünyaya duyuruldu.

Prezident təbii ki, Ermənistanın işğal dövründə Azərbaycana vurduğu ekoloji, maddi, mənəvi ziyanlar, mina təhlükəsi, habelə Qarabağın bərpası prosesi barədə də bu yüksək tribunadan dünyaya növbəti dəfə çağırış etdi. Bütün bunlar zirvə görüşünün kifayət qədər faydalı olduğunu söyləməyə əsas verir”.

O bildirdi ki, BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösinin, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanın, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun Azərbaycanın hərəkatın sədri olduğu dönəmdə gördüyü işləri xüsusi vurğu ilə diqqətə çatdırmasının da şahidi olduq. Bunları zirvə görüşü günlərində diqqəti Bakıya yönələn bütün dünya eşitdi və Azərbaycanın önəminin, bütün sağlam, humanitar, təhlükəsizliklə, inkişafla bağlı prinsiplərə sadiqliyinin şahidi oldular.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “bütün bu nailiyyətlər mənim hörmətli həmkarım İlham Heydər oğlu Əliyevin böyük səyləri və təşəbbüsləri, üzv dövlətlərin maraqları naminə onun praktiki fəaliyyəti sayəsində mümkün olub” deməsini də şübhəsiz ki, dünyada eşitdilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə