"Azərbaycan Qoşulmama Hərəkatında böyük idarəetmə ənənələri yaratdı" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Qoşulmama Hərəkatında böyük idarəetmə ənənələri yaratdı" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikası müstəqillik dövründə beynəlxalq aləmdə öz layiqli yerini tutmaq istiqamətində inamlı addımlar atır. 2020-ci ildə 44 günlük Dəmir Yumruq əməliyyatı da birbaşa Azərbaycanın beynəlxalq nüfuzuna aid olan məsələdir. Çünki xalqımız, dövlətimiz və ordumuz ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə milli, bəşəri və mütərəqqi siyasət aparmaqla çox böyük nailiyyətlər əldə etdi". Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, bu nailiyyətlərdən biri əlbəttə ki BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına 4 il rəhbərlik etməyimizdir: "Bu illər ərzində Azərbaycan Qoşulmama Hərəkatına çox uğurla rəhbərlik etdi və eyni zamanda beynəlxalq təşkilatda idarəetmə rəhbərlik, sədrlik ənənələri yaratdı, ehtiyac olduğu halda pandemiya şəraitində 10 milyon ABŞ dolları yardım etdi, digər ehtiyacı olan ölkələrdən yüksək səviyyədə əməkdaşlıq quruldu. Bir sözlə, Azərbaycan Respublikası gənc dövlət olmasına baxmayaraq Qoşulmama Hərəkatında çox böyük bir idarəetmə ənənələri yaratdı. Ona görə də Azərbaycanın müddətdən artıq bir il də sədrlik etməsilə əlaqədar olaraq vaxt uzadıldı".

Rauf Zeyni sözlərinə belə davam edib: "Yəni, görünür Qoşulmama Hərəkatına üzv olan 120 dövlət də Azərbaycanın sədrliyindən zövq alırdı. Bu həm də imkan verdi ki, Azərbaycan Respublikası özünü Qoşulmama Hərəkatının simasında bir daha beynəlxalq ictimaiyyətə təqdim etsin, öz məfkurəsini, öz düşüncəsini bəşəriyyət və region haqqında nə düşündüyünü, bütövlükdə əməkdaşlıq və tərəfdaşlıq haqqında düşüncələrini dünya ictimaiyyətinin diqqətinə çatdırsın. Bu əslində çox vacib və çox əhəmiyyətli bir platforma oldu ki, Azərbaycan öz niyyətini Qoşulmama Hərəkatının üzvü olan ölkələrin rəhbərlərinə çatdıra bildi. Bu çox böyük bir tarixi şans idi".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə