"Azərbaycan-Rumıniya münasibətləri bütün istiqamətlər üzrə inkişaf edib" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan-Rumıniya münasibətləri bütün istiqamətlər üzrə inkişaf edib" - MÜNASİBƏT BİLDİRİLDİ

"Müstəqilliyimizin bərpasından sonra Azərbaycan-Rumıniya münasibətləri bütün istiqamətlər üzrə inkişaf edib. Bütün parametrlər üzrə təhlillər aparanda aydın görünür ki, Rumıniya ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir: “Rumıniya torpaqlarımız işğal altında olduğu dönəmdə Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib. Habelə, 44 günlük Vətən müharibəsi zamanı bu dövlətin ədalətli mövqedən çıxış etməsinin şahidi olmuşuq". Bu sözləri SİA-ya açıqlamasında “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru, “Yeni Müsavat” qəzetinin redaktoru, siyasi icmalçı Elşad Məmmədli deyib.

Onun sözlərinə görə, Rumıniyanın ölkəmizdəki keçmiş səfiri Dan Yanku hələ 2017-ci ildə bəyan etmişdi ki, Azərbaycan Rumıniyanın regionda yeganə strateji tərəfdaşıdır: "Bu, təsadüfi açıqlama deyildi. Azərbaycan Cənubi Qafqazda Rumıniyanın ticarət, enerji və nəqliyyat sahəsində ən iri tərəfdaşıdır. Bunu statistik rəqəmlərdən görürük.

2022-ci ildə ölkələr arasında ticarətin həcmi 518 milyon 39 6,12 min dollar təşkil edib. Bunun 446 milyon 866.00 min dolları Azərbaycanın, 71 milyon 530.12 min dolları Rumıniyanın ixracının payına düşür. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə ölkələr arasında alış-verişin həcmi 215 milyon 535,53 min dollar olmuşdu. Bu. o deməkdir ki, iki ölkə arasında ticarət dövriyyəsi iki dəfə artıb".

Elşad Məmmədli sözlərinə belə davam edib: "Onu da xatırladım ki, SOCAR Rumıniyada çox böyük uğurlara nail olub, bu ölkədən 70-dən çox YDM açıb. Rusiya-Ukrayna müharibəsindən sonra təkcə Rumıniyanın deyil, bütövlükdə Avropanın Azərbaycana ehtiyacı artıb.

Çünki Rusiyadan qaz və neft alışına embarqo qoyulduqdan sonra Azərbaycanın Avropanın enerji təminatında rolu kifayət qədər böyüyüb.

Rumıniya Prezidenti Rumıniya Prezidenti Klaus Yohannis fevralın 2-3-də Azərbaycana səfər edərkən qərara alınıb ki, ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atılsın. Cənab Prezident İlham Əliyev qeyd etmişdi ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər.

Prezident bəyan etmişdi ki, bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Belə ki, Buxarestdə təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanıb. Bu sazişlə Azərbaycan qazı Rumıniyaya, oradan da digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcək. Beləliklə, iki ölkə arasında strateji tərəfdaşlıq maksimuma doğru irəliləməkdədir.

Fevralın 27-də Azərbaycana səfər edən Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətini Prezident İlham Əliyev qəbul edərkən münasibətlərimizin mahiyyətinin keyfiyyətcə müsbətə doğru dəyişdiyini dedi. Dövlətimizin başçısı bunun yaxşı nümunəsi kimi enerji sahəsində əməkdaşlığın dərinləşdiyini, o cümlədən Azərbaycan qazının artıq Rumıniya bazarına çatdırıldığını vurğuladı və yaşıl enerji ilə bağlı layihənin həyata keçirilməsindən sonra bu istiqamətdə daha böyük işlərin görüləcəyinə ümidvar olduğunu bildirdi.

Nəzərə çatdırım ki, bir müddət öncə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında dördtərəfli Anlaşma Memorandumu imzalanıb. Bu sənəd üzrə Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsi reallaşacaq.
Fevralın 3-də habelə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində SOCAR-la “Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya ildə bir milyard kubmetrə qədər qaz nəqlinə dair saziş imzalanıb. Bu saziş 2022-ci il oktyabrın 19-da və dekabrın 16-da SOCAR və “Romgaz S.A.” arasında imzalanan sənədlərin davamıdır.

Beləliklə, biz şahidi oluruq ki, qarşıdakı 2-3 ildə Rumıniya ilə çox böyük layihələr reallaşacaq. Bu layihələr təkcə Rumıniyaya deyil, bütövlükdə Avropa üçün mühümdür. Faktiki olaraq Azərbaycanın bu coğrafiya üçün önəmi təsəvvür etdiyimizdən də daha çoxdur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə