Tarix boyu bir-birinin yanında olan Azərbaycan və Türkiyə ən çətin məqamlarda dost, qardaş ölkə olduqlarını sübut ediblər. Dövlətlərarası münasibətlər həmişə səmimi qardaşlığa, mənəvi birliyə əsaslanıb. Əlbəttə ki, bu münasibətlər tarixin sınağından çıxıb və qardaş ölkələrin mənəvi-siyasi dəstəyi böyük rəğbət, sevgi ilə qarşılanıb. Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb.
Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri daha da möhkəmlənib, əməkdaşlıq genişləndirilib. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə yüksələn xəttlə inkişafdadır. Siyasi, iqtisadi, enerji, nəqliyyat - bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib. Müasir dövrümüzdə Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilir. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərkən haqlı mübarizəmizdə qardaş ölkə Türkiyə tərəfindən açıq siyasi və mənəvi dəstək göstərilməsi dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirdi.
Bu gün Azərbaycan da çətin zamanda Türkiyənin yanındadır. Belə ki, Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə dağıdıcı zəlzələ baş verən zamandan Azərbaycan da bir dost ölkə olaraq Türkiyənin yanında olaraq birlik nümayiş etdirir. Cari ilin fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri və İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü bu əlaqələrin davamlığına və qardaşlıq münasibətlərinə söykənir. Bildiyimiz kimi, qardaş Türkiyədə baş vermiş güclü zəlzələ minlərlə insanın həyatına son qoymaqla yanaşı, onun infrastrukturuna ciddi zərbə vurdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirmişdi.
AZƏRBAYCAN TÜRKİYƏLİ QARDAŞLARININ DƏRDİNƏ ŞƏRİKDİR
Dövlət başçımız Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb. Dövlətimizin başçısı bu faciədən çox kədərləndiyini və onun Azərbaycan xalqını dərindən sarsıtdığını bildirib. Azərbaycanın və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduqlarını bildirən Prezident İlham Əliyev ölkəmizin bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd edib. Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə dağıdıcı zəlzələ baş verən zamandan Azərbaycan da bir dost ölkə olaraq Türkiyənin yanında olaraq birlik nümayiş etdirir. Hər bir Azərbaycan vətəndaşı ilk gündən dağıntıların aradan qaldırılması, eləcə də zərər çəkənlərə maddi və mənəvi yardım etmək üçün ayaqda oldu. Bildiyimiz kimi, dövlətimizin başçısının tapşırığına əsasən, ilk günlərdə 420 nəfərdən ibarət xilasedici heyət qardaş ölkəyə göndərildi və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başladı. Qardaş Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salındı. Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərildi. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarətdir. Mobil səhra hospitalı ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. FHN-in peşəkar tibbi heyətinin xidmət göstərəcəyi hospital bütün lazımi dərman və preparatlarla təchiz edilib. İkinci təyyarə ilə isə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salındı. Qeyd edək ki, 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyət qardaş ölkəyə yola salındı.
FACİƏNİN İLK GÜNÜNDƏN QARDAŞ ÖLKƏYƏ GÖSTƏRİLƏN MADDİ VƏ MƏNƏVİ DƏSTƏK
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardımlar davamlı olaraq göndərildi. Bununla əlaqədar olaraq, ilk olaraq faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdırıldı. Növbəti humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlardan ibarət idi. Fevralın 15-də isə zəlzələ bölgəsinə uçan təyyarədə çadırlar və qızdırıcılar daxil olmaqla ümumilikdə 40 ton yardım yola salındı. Faciənin ilk günündən qardaş ölkəyə öz dəstəyini göstərən Heydər Əliyev Fondu tərəfindən daha bir 105 tonluq humanitar yardım aparan təyyarə ilə qardaş ölkəyə zəlzələdən zərər çəkmiş insanların soyuq qış aylarında ən çox ehtiyac duyduqları qızdırıcılar və çadırlar çatdırıldı. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə vətəndaşlardan toplanan isti geyim və avadanlıqlar da Türkiyəyə çatdırıldı.
"Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə söhbət edərkən bildirmişdi. Cənab Prezident bu zəlzələnin çox böyük bəla, böyük faciə olduğunu bildirərək hadisənin bizi çox sarsıtdığını qeyd etmişdi: "Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir".
Əlbəttə ki, bu və ya digər maddi və mənəvi dəstək Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına əsaslanır. Əsrlər boyu Azərbaycan və Türkiyə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişdir. Dövlətimizin başçısı Türkiyə Prezidenti ilə görüşündə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmizin humanitar yardımları bundan sonra da davam etdirəcəyini diqqətə çatdıraraq, qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə edib.
Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər etdiyinə, Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib. Prezident Rəcəb Tayyib Ərdoğan da qardaş Türkiyənin və Azərbaycanın həmişə bir-birinin yanında olduğunu vurğulayıb. Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirib. Rəcəb Tayyib Ərdoğan azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə və əzmlə davam etdirdiklərini, insanların xilası üçün fədakarlıqla çalışdıqlarını da diqqətə çəkib.
Söhbət əsnasında Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, ticarət, enerji, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub. Dövlət başçıları, həmçinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə də fikir mübadiləsi apardılar. Eyni zamanda, Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı qarşıdan gələn ad günü münasibətilə təbrik edib.
Göründüyü kimi, Azərbaycan və Türkiyə qardaş dövlətlər olaraq tarix boyu bir-birinin yanında olduğu kimi, bu gün də arxa, dayaq, qardaş və dost ölkə olduqlarını əməli fəaliyyətlərində təsdiqləyirlər. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərkən haqlı mübarizəmizdə qardaş ölkə Türkiyə tərəfindən açıq siyasi və mənəvi dəstək göstərilməsi dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə dağıdıcı zəlzələ baş verən zamandan Azərbaycan da bir dost ölkə olaraq Türkiyənin yanında olaraq birlik nümayiş etdirməsi də səmimi münasibətlərin təzahürüdür. Hər bir Azərbaycan vətəndaşı dağıntıların aradan qaldırılması, eləcə də zərər çəkənlərə maddi və mənəvi yardım etmək məqsədi ilə ayaqdadır. Dövlət səviyyəsində, o cümlədən fərdi şəkildə Türkiyəyə göstərilən yardımlar böyük qardaşlığı özündə ehtiva edir.
Əlbəttə ki, hər zaman güclü dövlət olan Türkiyə bütün çətinliklərdən məğrur çıxdığı kimi, bunun da öhdəsindən gələcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB