"Xocalıdan Ağdama kimi oğlumun meyitini kürəyimdə daşımışam" - XOCALI ŞAHİDİ İLƏ MÜSAHİBƏ
Xocalının canlı şahidi, şəhid ailəsinin üzvü Nuridə Ələkbərovanın SİA-ya verdiyi müsahibəni təqdim edirik:
- Xocalı faciəsi baş verən günü necə xatırlayırsınız?
- 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ailəmlə mən də Xocalıda idim. Qeyd edim ki, yoldaşım Milli Ordunun döyüşçüsü olub. Kəndimizin bütün kişiləri posta dayanırdılar və biz də evdəydik. Bir də gördük ki, ermənilər Xocalını hər tərəfdən mühasirəyə alıb. Həmin gecə saat 11-dən 3 -ə qədər zirzəmidə olduq. Sonra ermənilər kəndə girəndə zirzəmidən çıxıb Qarqar çayını keçib meşəyə qaçdıq. Həmin günü qırılan qırıldı və əsirlər götürüldü. Hava da dəhşət soyuq və çovğun idi. İnsanlar addım ata bilmirdi. İki oğlum və bir qızım da yanımda idi. Yoldaşım Milli Ordunun döyüşçüsü olduğuna görə məni göndərib özü ermənilərlə döyüşürdü. Səhərə yaxın ermənilər bizi tapdılar. Gizlənməyə yer də yox idi. Camaat bir-birinə qarışdı. Hərdən uzanıb sürünürdük ki, güllə bizə dəyməsin.
Üç övladım var idi. Böyük oğlum 5-ci, qızım 2-ci, kiçik oğlum isə 4-cü sinifdə oxuyurdu. Onların ayaqqabıları çıxmışdı və donurdular.
- Soyqırım qurbanları arasında ailə üzvlərinizdən varmı?
- Sonra yoldaşımı axtardım və dedilər ki, onu öldürüblər. Mən yoldaşıma tərəf getməyə çalışdım amma qardaşım qoymadı və dedi ki, "Qayıtma! Qaç hamını qırırlar!". Qardaşım da yaralı idi və sürünürdü. Onu ayağından güllələmişdilər.
Birdən baxdım ki, böyük oğlum Səxavət yıxılıb yerə. Dedim ki, "Səxavət qalx ayağa qaçaq". O da dedi ki, "Yox, ana. Məni vurublar". Paltosunu açıb baxdım ki, sinəsindən dəyən güllə kürəyindən çıxıb. Sonra onu götürdüm. Hamı mənə yalvardı ki, "Uşaq ölüb. Onu burax, digərlərini götür qaç". Elə bildim ki, mən getsəm körpəm çığıracaq ki, "Ana məni qoyub getmə". Mən övladımı qucağıma alıb süründüm. Yarım saat sağ qaldı. Sonra da qucağımda can verdi. Səxavət 12 yaşlı 5-ci sinif şagirdi idi... Səxavəti orada buraxmadım. Yalvardım ki, "Onu yaylığımla belimə bağlayın". Bunu bütün Xocalı camaatı bilir ki, mən Xocalıdan Ağdama kimi oğlumun meyitini kürəyimdə daşımışam. Sonra Səxavəti məndən alıb dedilər ki, "Xəstəxanaya aparırıq". Amma o ölmüşdü. Dedim ki, "Bir gecə qalsın qucağımda balamı qızdırım". Meyidi aparıb Ağdamda dəfn etdik.
- Necə oldu Bakıya gəldiniz?
- Bütün qaçqınlar Naftalanda Şirvan sanatoriyasında məskunlaşmışdı. Mən də balalarımla orda yaşayırdım. Yaşlı anam-atam var idi. Anamın iki gözü kor, atam da infarkt keçirmişdi. Mən də onlara qulluq etmək üçün gəldim Bakıya və bir müddət sonra onlar rəhmətə getdi. Həmçinin, bacım da rəhmətə getdi və onun da bir uşağı var idi ki, mən saxlayırdım. Nəticədə Bakıda qaldım.
- Xocalı sakinlərindən kimlərlə əlaqə saxlayırsınız?
- Bəli, əlaqəm var. Elimdir, obamdır. Bir-birimizi gördükdə dərdimizi danışır-bölüşürük. Hamımız dərdli adamlarıq.
- Başqa əsir düşən və öldürülənlərdən kimləri görmüsünüz?
- Ermənilər qızları və gəlinləri əsir götürmüşdülər. Baldızım, onun qızı və qaynanası da girov götürülmüşdü. Baldızımın yoldaşı Milli Qəhrəmandır və xeyli erməni öldürüb. Sonra patronu bitib və sonuncu qranatı ermənilərin komasına atıb. Lakin qranat açılmayıb. Onu vəhşicəsinə öldürmüşdülər, meyitini tanımaq olmurdu.
- Doğulduğunuz yerdən didərgin düşmək nə qədər acı bir hissdir?
- Vətən həsrəti çəkirik. Neçə vaxtdır orada gözəl ev-eşik qurmuşduq. Çox pis acı çəkirik. Vətənimizə qovuşsaq, bəlkə də dərdimiz azalar.
- Faciədən qurtulduğunuza görə kimə borclusunuz?
- Qurtulmağımızı şəhidlərimiz, qeyrətli oğlanlarımız, Milli Ordumuz və gənclərimizə borcluyuq. Onlar bizi qorudular.
- Hazırda nə işlə məşğulsunuz?
- Heç bir işlə məşğul deyiləm, təqaüd alıram.
- Xocalıya qayıtmaq istəyərsiniz?
- Əlbəttə istəyərəm. Torpağıma-vətənimə qurban olum.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB