"Rusiya verdiyi vədlərə əməl etməməsi ilə məşhurdur" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"Rusiya verdiyi vədlərə əməl etməməsi ilə məşhurdur" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"Təəssüflər olsun ki, Moskva bəyannaməsinə elə ilk andan Rusiyanın özü əməl etmədi. Azərbaycanla, özəlliklə də informasiya təhlükəsizliyi və ümumilikdə strateji tərəfdaşlıq məsələlərində Rusiya vədinə xilaf çıxdı". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, hətta həmin sənədin imzalanmasının ardından Rusiyanın dövlət nəzarətində olan media qurumlarında Azərbaycana qarşı açıq təbliğat aparılırdı, hətta aşağılayıcı bir tonda: "Təbiidir ki Azərbaycan dövləti bundan narahat idi və narazılığını da ifadə etmişdi".

Azər Həsrət sözlərinə belə davam edib: "Ötən dövrdə ümumilikdə Rusiya dövlətinin Ukraynada apardığı haqsız-ədalətsiz savaş fonunda Rusiya mediası ümumiyyətlə Rusiya siyasi çevrələri anti-Azərbaycan fəaliyyətlərindən nəinki imtina etmədilər, hətta bir çox hallarda bu fəaliyyətləri intensivləşdirdilər. Ona görə də Rusiya ilə bağlanmış sənəd məlum bir deyimlə desək, hər zamankı kimi su üzündə qaldı. Yəni Rusiya özünün verdiyi vədlərə əməl etməməsi ilə məşhurdur. Həmişə belə olub və bu dəfə də elə oldu. O baxımdan, mən bu sənədin bir fayda gətirdiyini, yaxud da ki ona əməl edildiyini əlbəttə deyə bilmirəm. Yəni vəziyyət bundan ibarətdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə