Prezident İlham Əliyevin uğurlu xarici siyasət konsepsiyası MƏQALƏ+AKTUAL

Prezident İlham Əliyevin uğurlu xarici siyasət konsepsiyası MƏQALƏ+AKTUAL

Bu siyasətin artan xətlə inkişaf etməsi ölkəmizin dünyadakı mövqeyinin nə qədər möhkəm əsaslara söykəndiyini kifayət qədər sübuta yetirməkdədir

Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Eyni zamanda, Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Məhz bu baxımdan, Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.

Qeyd edilənlərlə yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Xüsusilə, 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərdən sonra ölkəmiz yalnız Cənubi Qafqazda erməni işğalı nəticəsində yaranmış stereotipləri kənarlaşdırmadı, həm də yeni situasiyanın yaranmasında nəhəng addım atmış oldu.

Azərbaycan paralel olaraq müxtəlif siyasi-iqtisadi layihələrin ərsəyə gəlməsi yönündə mühüm aktor kimi tanınır, təşəbbüskar olaraq dəyərləndirilir

Təbii ki, bütün bu uğurların təməlində dayanan əsas reallıq Prezident İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət konsepsiyası dayanır. Bu gün dünyanın bütün qütblərində özünəməxsus yer tutan Azərbaycan paralel olaraq müxtəlif siyasi-iqtisadi layihələrin ərsəyə gəlməsi yönündə mühüm aktor kimi tanınır, təşəbbüskar olaraq diyərləndirilir. Belə bir məqamda biz dövlət başçısının son vaxtlar reallaşdırdığı xarici səfərləri kontekstinə də diqqət yetirməliyik.

Bellə mühüm səfərlərdən biri də dost Macarıstana olundu. Bildiyimiz kimi, Macarıstan həm də Türk dünyasının qədim çağlarının əsrarəngizliyini əks etdirən Avropa ölkəsidir. Tarixi eposlara söykənən bu ölkənin türkdilli dövlətlərlə əlaqələrinin də özünəməxsus yeri var. Həmin ölkələrdən biri də Azərbaycandır.

Macarıstanın Baş naziri Viktor Orban: “Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir”

Əbəs deyil ki, səfər çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevlə keçirdiyi mətbuat konfransında bir sıra mühüm məqamlara toxundu. O qeyd etdi ki, ölkələr arasında əsasən strateji məsələlər barədə fikir mübadilələri aparılıb. Eyni zamanda, enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu yüksək qiymətləndirilib: “Brüssel tərəfindən tətbiq edilmiş sanksiyalar Macarıstan üçün olduqca təhlükəli bir vəziyyət yaradıb, bizim enerji təhlükəsizliyimiz, Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyub. Burada yaranan bu şərait Azərbaycanın əhəmiyyətini dərhal artırdı. Bu əhəmiyyət bir növ sıçrayış etdi. Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir. Bunu bu gün Avropada hər kəs anlayır ki, bizim bu vəziyyətə olan cavabımız şaxələndirmədir. Müxtəlif mənbələrdən maksimal dərəcədə nəql edilə biləcək həcmdən söhbət gedir”.

Azərbaycanın yalnız Macarıstan üçün deyil, həm də Avropa üçün etibarlı tərəfdaş olması da bu məqamda özünü kifayət qədər təsdiq edir. Yalnız neft və qaz deyil, həm də elektrik enerjisinin nəqli məsələsi bu qitə üçün xüsusi önəm kəsb etməkdədir. Macarıstanlı Baş nazir bu mühüm məqamı da xüsusilə vurğulayıb: “Biz Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya gətirəcəyik. Xəritəyə baxsanız görərsiniz ki, həm təbii qaz, həm də elektrik enerjisi baxımından Azərbaycandan gələn bu enerji həcmləri Macarıstandan keçəcək. Ona görə də Macarıstan da bu məsələdə uduşlu vəziyyətdə olmaq arzusundadır. Həmçinin nəqliyyat marşrutu üzərində yerləşdiyimiz üçün Macarıstanın da rolu artacaqdır”.

Bəli, isti dostluq münasibətlərinin həm də strateji cəhətdən münbitləşməsi hər iki ölkə üçün olduqca mühüm amillərdəndir və Azərbaycanın istər Avropa məkanında, istərsə də Avrasiya regionunda artan rolu da bu gerçəkliyi kifayət qədər ehtiva etməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyev: “Təbii ki, enerji sahəsi indi dünya və Avropa gündəliyini zəbt etdiyi üçün əsas rol oynayır”

Prezident İlham Əliyev Macarıstana rəsmi səfəri zamanı həmin faktları dərindən şərh etdi, eyni zamanda, qarşıda dayanan plan və təşəbbüslər barədə də tezislər irəli sürdü: “Bizi dostluq əlaqələri bağlayır. Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır. Bu gün imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqləyir. Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar”.

Dövlətimizin başçısı onu da vurğulayıb ki, Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır və yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr ölkəmizi Avropa üçün daha da yaxın edəcək. Bu baxımdan, Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanla Macarıstanın əməkdaşlığının çoxşaxəli mahiyyəti göz önündədir. Bu o deməkdir ki, Macarıstan həm də Azərbaycanın enerji resurslarının digər ölkələrə ötürülməsi baxımından önəmli məkan hesab edilir. “Təbii ki, enerji sahəsi indi dünya və Avropa gündəliyini zəbt etdiyi üçün əsas rol oynayır”, deyə qeyd edən ölkə rəhbərimiz bu mənada xüsusilə vurğulayıb ki, iki ölkə arasındakı əməkdaşlığın başqa sahələri var və buna paralel olaraq əsas amil odur ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduqları beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.

Bütün bunlar həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, Prezident İlham Əliyevin xarici səfərləri və həmin səfərlər çərçivəsində ona göstərilən özəl diqqət ilk növbədə Azərbaycanın dünyadakı artan nüfuzunun bariz göstəricisidir.

Davos İqtisadi Forumunda Azərbaycana olan maraq öz tükənməzliyini sübut etdi

Ötən ilin yanvarında Davos İqtisadi forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra aparıcı Avropa ölkələrin başçıları, nüfuzlu şirkət və bank rəhbərləri, eləcə də dünya liderləri ilə ikitərəfli görüşlər keçirdi. Buna misal olaraq dövlət başçımızın Niderland Krallığının Baş naziri Mark Rutte ilə, Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçlə, Avropa İttifaqının (Aİ) büdcə və administrasiya üzrə komissarı Yohannes Hanla, Dünya İqtisadi Forumunun sədri Klaus Şvabla, Monteneqronun Baş naziri Dritan Abazoviçlə, “Adani Group” şirkətinin təsisçisi və sədri Qautam Adani ilə, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink ilə, Latviya Respublikasının Prezidenti Egils Levitslə, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə, Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə, “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə, “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə, “Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali ilə və s. şəxslərlə görüşlərini göstərə bilərik. Və ən əsası, bu görüşlərin hər biri qarşı tərəflərin təşəbbüsləri ilə baş tutub ki, bu da dövlət başçımızın dünyadakı ali nüfuzunun isbatı və göstəricisi kimi qiymətləndirilir.

O cümlədən, Prezident İlham Əliyevin Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində irəli sürdüyü fikirləri də özündə bir çox əhəmiyyətli məqamları əks etdirib.

Aparılan genişmiqyaslı islahatlar kursu beynəlxalq aləmdə olduqca yüksək qiymətləndirilir

Nəticə olaraq biz bu gün biz böyük fəxr hissi ilə onu da vurğulaya bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması, investisiyaların təşviqi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı islahatlar kursu beynəlxalq aləmdə də olduqca yüksək qiymətləndirilir. Məsələyə bu xüsusda yanaşdıqda ABŞ-ın kifayət qədər nüfuzlu “İrs” Fondunun təqdim etdiyi dünyanın 180 ölkəsi üzrə “İqtisadi azadlıq indeksi”ndə Azərbaycan mövqeyini 16 pillə yaxşılaşdıraraq 44-cü yerə sahib olmuşdu. Azərbaycan dünyada “iqtisadi azadlıq” indeksini ən çox təkmilləşdirən 11 ölkə sırasındadır. Ölkəmiz bu uğuru ilk növbədə biznes azadlığı, investisiya azadlığı və fiskal sağlamlıq göstəricilərinə görə əldə etdiyi nailiyyətlərə görə qazanmışdır. Onu da xüsusi olaraq qeyd edək ki, Azərbaycan “iqtisadi azadlıq” indeksinə görə hətta Avropanın Polşa, Portuqaliya, İspaniya, Fransa və Belçika kimi ölkələrini belə arxada qoyaraq, qitənin 45 ölkəsi arasında 24-cü yerdə qərarlaşıb və yüksəliş də davam edir.

Beləliklə, faktlar da göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət konsepsiyası öz uğurlu nəticələrini verir və bu siyasətin artan xətlə inkişaf etməsi ölkəmizin dünyadakı mövqeyinin nə qədər möhkəm əsaslara söykəndiyini kifayət qədər sübuta yetirməkdədir.

Muxtar NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə