Azərbaycan bütün imkanları ilə qardaş türk xalqına dəstək verir - ŞƏRH

Azərbaycan bütün imkanları ilə qardaş türk xalqına dəstək verir - ŞƏRH

Türkiyədə miqyasına və dağdıcı gücünə görə əsrin fəlakəti kimi qiymətləndirilən zəlzələ nəticəsində 10-dan çox şəhər və bir çox kənd yerlə-yeksan oldu. Bu fəlakətin nəticələrini aradan qaldırmaq dünyanın ən inkişaf etmiş ölkələri kimi qardaş ölkə üçün də çətin sınaqdır. Türkiyə dövlət başçısının göstərişi ilə ölkənin bütün xilasediciləri dağıntılar altında qalan insanları xilas etmək üçün səfərbər edilmiş və təbii fəlakət səviyyəsi dördüncü dərəcə ilə qiymətləndirilərək kömək üçün beynəlxalq aləmə müraciət edilmişdir.Qardaş Türkiyənin bütün çətin zamanlarında olduğu kimi Azərbaycan yenə də müraciət gözləmədən cənab Prezident İlham Əliyevin Sərəncamı ilə zəlzələnin ilk saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin xilasedici qüvvələri qardaş ölkənin köməyinə yetişmişdir.

Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun zəlzələ bölgəsinə humanitar yardım göndərməsi barədə tapşırıq vermişdir. Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərilmişdir.Azərbaycanın ən böyük şirkəti SOCAR da Türkiyə xalqı üçün yardımlarını əsirgəmir. Şirkət zəlzələ bölgəsində yaşayan Azərbaycan vətəndaşlarının təxliyəsi çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyinə dəstək göstərir. “SOCAR Türkiyə” şirkəti zəlzələ bölgəsindəki yanacaqdoldurma məntəqələrindən bütün təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizel yanacağı ilə təmin edir. Bundan başqa “SOCAR Türkiyə” AFAD-a 6,4 milyon lirə məbləğində əsas tələbat malları təhvil vermişdir, 3,5 milyon lirə isə bağışlamışdır.Bu faciəvi zəlzələ nəticəsində zərər görənlərə yardım məqsədilə Azərbaycandakı bütün qeyri hökümət təşkilatları Qardaş Köməyi adlı platforma təşkil etdilər. Bu Platforma vasitəsilə yardım etmək istəyən bütün vətəndaşlar Türkiyəyə müxtəlif ləvazimatlar göndərmək üçün səfərbər oldular. Dövlət başçımız Türkiyənin Bakıdakı səfirliyini ziyarət etmiş, matəm kitabına ürək sözlərini yazmış və Azərbaycan dövlətinin və xalqının bu çətin gündə qardaş Türkiyənin yanında olmasını dönə-dönə vurğulamışdır.Türkiyə dövlətinin zəlzələnin nəticələrinin aradan qaldırılması üçün həyata keçirdiyi çevik, ardıcıl addımlar insan amilinin Türkiyə hökuməti üçün çox önəmli olduğunu bir daha göstərdi.Biz inanırıq ki, həyata keçirilən və planlaşdırılan tədbirlər nəticəsində Türkiyə, dövlət və xalq olaraq bu çətinliyin öhdəsindən gələcək, qısa zamanda qardaş ölkədə həyat öz axarına düşəcəkdir.

Rövşən Əhmədov,

YAP Ağcabədi rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə