Prezidentin qayğısı yüksək qiymətləndirilir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Prezidentin qayğısı yüksək qiymətləndirilir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, “Əmək pensiyaçılarının indeksləşdirilməsi haqqında” 2023 - cü il 10 fevral tarixli sərəncamı 1,1 milyon insana şamil ediləcək və yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat vəsait ayrılacaqdır.” Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, bu, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, rifahlarının təminatı üçün əhəmiyyətlidir.

“Yeni sərəncamla bütün növ pensiyaların indeksləşdirilərək 14,7 faiz artırılması dövlət tərəfindən həyata keçirilən sosial siyasətin və pensiyaçılara göstərilən qayğı və diqqətin ifadəsi kimi dəyərləndirilməlidir. Pensiyaların indeksləşdirilərək artırılması elektron sistem üzərindən avtomatik olaraq həyata keçiriləcəkdir ki, bu da insanların bir növ rahatlığına xidmət edir.

Hər il pensiyaların, müavinlərin, əmək haqlarının artırılması əlbəttə ki, ölkəmizin artan iqtisadi qüdrətindən və dövlətin öz vətəndaşlarına qayğısından xəbər verir. İnsanlar dövlət rəhbərimizin bu sərəncamını da yüksək qiymətləndirir və müsbət rəylərini ifadə edirlər”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə