"Ölüm hökmünün ləğvi insanlığa verilən dəyərdir" – DEPUTAT DANIŞDI

"Ölüm hökmünün ləğvi insanlığa verilən dəyərdir" – DEPUTAT DANIŞDI

“Bir insanı yaşatmaq, cəmiyyətə özünü yenidən təqdim etməsi üçün ona növbəti fürsəti vermək xeyirxah əməldir. Eyni zamanda ölkədə “ölüm hökmü” deyilən ən ağır cəzanı ləğv etmək isə müdriklərə, Vətənini, millətini sevən şəxsiyyətlərə, rəhbərlərə xas olan əlamətlərdir. Məhz bu keyfiyyətləri, Azərbaycan vətəndaşına verdiyi dəyəri ilə Ulu Öndərimiz Heydər Əliyev xalqın rəğbətini qazanmışdı. Bütün bunlar insan hüquq və azadlıqlarına verilən dəyər idi. Ulu Öndərimiz bilirdi ki, bu kriteriyalara hörmət edilmədən demokratik sistem qurmaq mümkün deyil. Sovet hakimiyyəti illərində mövcud olmuş qanunlarda dəyişikliklərin edilməsinin də zamana ehtiyacı var idi. Heydər Əliyev hakimiyyətə ikinci dəfə gəlişində gənc və müstəqil ölkəmizdə sosial problemlərin, iqtisadi tənəzzülün, hərbi-siyasi vəziyyətin ağır olmasına baxmayaraq insan haqlarının qorunmasını da prioritet istiqamət kimi qəbul edirdi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycan dünyanın ən böyük və ən nüfuzlu təşkilatına üzv olanda BMT-nin bütün strukturları ilə qarşılıqlı əməkdaşlıq qurmağa başladı: “Ulu Öndər insan hüquq və azadlıqlarının qorunmasını həlli vacib məsələ hesab edirdi. Heydər Əliyev bilirdi ki, əgər xalq öz hüququnu qoruya bilirsə, o zaman böyük gücə sahib olur. Baxmayaraq ki, AXC-Müsavat hakimiyyəti dövründə insan haqlarının qorunması sahəsində ən pis yanaşmalar tətbiq olunurdu, insanlara məhkəmələrin çıxardığı sifarişli qərarlarla ölüm hökmü tətbiq edilirdi. Məhz cəbhəçilərin bir illik hakimiyyəti dövründə ölüm hökmü 13 nəfərə elan olunmuşdu, onlardan 7 nəfərə hökm icra edilmişdi. Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv olunmasını təsdiqlədi. Ölüm hökmünün ləğvi bir tərəfdən insan hüquq və azadlıqlarının qorunması idi, digər tərəfdən beynəlxalq təşkilatların, xüsusən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında qoyduğu əsas tələblərdən idi. Bu haqda Avropa Şurasının İnsan Hüquqlarına dair Konvensiyanın 6 nömrəli protokolunda qeyd olunub. Ulu Öndərin müəllifi olduğu müstəqil Konstitusiyamızda da bu təsbit olunub. Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması barədə təşəbbüslə çıxış etdi, 10 fevral 1998-ci ildə isə Azərbaycan Parlamenti bu təşəbbüsü dəstəkləyən qərar qəbul etdi. Beləliklə, Azərbaycan Şərqdə ölüm hökmü cəzasını ləğv edən ilk ölkə kimi tarixə düşdü”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə