Laçın yolu: Sülhməramlı və BQXK oyunu - RAKURS

Laçın yolu: Sülhməramlı və BQXK oyunu - RAKURS

Hər gün demək olar ki, eyni məlumatı eşidirik, Laçın Xankəndi yolunun Şuşa yaxınlığından keçən hissəsində neçənci gündür ki, ekoaktivistlər etiraz aksiyası keçirir və tədbirin məramını da xüsusi olaraq qeyd edirik. İki aydır ki, tələb edirik, hayqırırıq, soyuğa, şaxtaya, havanın sərt keçməsinə baxmayaraq səsimizin duyulmasını istəyirik. Amma bir xəbər yoxdur. Haqq işimiz dəyərləndirilmir, yerüstü sərvətlərimizi son tikəsinə qədər talayan, milli-mədəni, dini abidələrimizin yerinə süpürgə çəkən, vətəndaşlarımızı doğma elindən-obasından, isti yuvasından perik salan ermənilərin yeraltı sərvətlərimizin talamasına son vermək istəyimiz eşidilmir. Ədalət axtarışımız bir nəticə vermir. Bir deyim var, “ədalət topaldır, asta-asta gəlir”. Bir az da dəqiqləşdirmə aparsaq, qətiyyətlə demək olar ki, dünyanın ədaləti nəinki topaldır, həm də kordur, kardır. Düşünürdük ki, dünya ölkələri torpaqlarımızın ermənilər tərəfindən işğalına biganə qalmaz və özümüzü düz 25 il ovundurmağı bacardıq, dünyanın qeyrətə gələcəyinə ümidləndik. Verdikləri sözü tutacaqlarına, atdıqları imzaya hörmətlə yanaşacaqlarına özümüzü ciddi cəhdlə inandırdıq. Amma olmadı, ümid yenə özümüzə, öz gücümüzə, öz Rəhbərimizə, öz Ordumuza qaldı…

Sülh məramlılar, yoxsa…

Bu günkü mənzərə belədir, Qarabağımızın bir hissəsində, ermənilər yaşayan tikəsində Rusiyanın sülhməramlıları patrul xidməti aparır. 1960 hərbçi guya azərbaycanlılarla ermənilərin birgəyaşayışını təmin etmək üçün səfərbər olublar, müasir dillə desək ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün çalışırlar. Azərbaycan-Rusiya-Ermənistan arasında üçtərəfli Bəyanatın imzalandığı tarixlə bizi düz 2 il 3 ay ayırır, yəni 27 ay. Bu müddət ərzində nə baş verib? Heç nə, nə ermənilər bizimlə təmas qurub, nə biz onlara yaxınlaşa bilmişik, bir sözlə inteqrasiyadan, birgəyaşayışdan söhbət gedə bilməz. Rusiyalı sülhməramlılar bizdən bir xortdan düzəldiblər, erməniləri də inandırıblar ki, Rusiya sülhməramlıları olmasa azərbaycanlılar gəlib sizi öldürəcəklər. Tiqranın övladları da onların yalanına uyub hər vəchlə bizdən qaçmağa çalışırlar.
Yəqin ki, yadınızdadır, ekoaktvistlərin aksiyasının birinci günü jurnalistlərimizlə “sülhməramlılar” arasında təxminən belə bir dialoq olmuşdu. Rus “ofiseri” jurnalistə: “Gedin Azərbaycan tərəfdə dayanın” əmrini vermişdi. Deməli, sülhməramlı kimi Qarabağımıza təşrif buyuran rus əsgəri bu torpaqların kimə məxsus olduğundan bixəbərdir. Onun düşüncəsinə, təxmininə görə, ermənilər yaşayan ərazilər elə ermənilərə məxsusdur. Sülhməramlıların hesabatında ən yaxşı halda “Dağlıq Qarabağ”, ən pis halda isə “Artsax” yazılırsa, deməli urus əsgərinin mahiyyəti budur. Onun baş verənləri anlamaq qabiliyyəti yoxdur, hüquqdan, elmdən, coğrafiyadan, tarixdən, ətrafda baş verənlərə elementar reaksiyadan söhbət gedə bilməz.

Ermənistan və ermənilər ciddi-cəhdlə dünya miqyasında sübut etməyə çalışırlar ki, Azərbaycan cəmiyyət institutlarının adından istifadə edərək Laçın yolunda “sadə ermənilər”in hərəkətinə mane olur, onları blokadada saxlayır, humanitar fəlakətlə baş-başa qoyur. Biz isə elə həmin dünya birliyinə var gücümüzlə bağırırıq ki, bizim niyyətimiz yolu bağlamaq deyil, istənilən maşın Laçın yolundan keçə bilər. Ədalətin ayağı topal ola bilər, amma dünyanın gözü kordursa, baş verənləri ancaq öz çərçivəsindən görə bilirsə, başqalarının təhriki ilə qərar verirsə, qətnamələrə imza atırsa, dağılsın belə dünyanı. Biz hansı dildə başa salmalıyıq, hansı yöntəmlərlə izah etməliyik ki, əsl blokada 30 ildən artıqdır ki, Azərbaycanın ayrılmaz hissəsi, suveren ərazisi olan Naxçıvana qarşı tətbiq edilib. Dəmiryolu və avtomobillərin uzun illər keçib getdiyi ərazilər Ermənistan tərəfindən məqsədli şəkildə nəinki bağlanıb, daha dəqiq ifadə etsək tamamilə sökülüb, ləğv edilib. Müharibədən ötən 27 ay ərzində Azərbaycan tərəfi müxtəlif platformalarda Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək dəhlizin açılmasına çalışır. Halbuki, üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan Bəyanatında bu barədə dəqiqliklə yazılıb. Azərbaycan öz öhdəliyini yerinə yetirib və Qarabağla Ermənistanı birləşdirən yolun nəzarətini 5 illiyinə Rusiya sülhməramlılarının ixtiyarına verib. Amma Ermənistan müxtəlif bəhanələrlə Naxçıvan Muxtar Respublikası ilə Şərqi Zəngəzuru birləşdirən nəqliyyat infrastrukturunun bərpasına imkan yaratmır. Bəs bunu dünya ölkələri, bizə qısqırdılan beynəlxalq təşkilatlar görmür? Bizdən tələb etməyə cəhd edirlər, amma öz imzalarına hörmətsiz yanaşan qərblilər nədənsə bütün bunları görməzdən gəlirlər.

Ən son xəbərdə oxuyuruq, “Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 65 təminat-təchizat və minik avtomobili maneəsiz keçib. Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər. Bundan əlavə, BQXK-yə məxsus 6 minik və 1 yük avtomobili səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə həmin nəqliyyat vasitələri geri dönüb”. Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır. Deməli, Azərbaycanı Qarabağda yaşayan ermənilərə “humanitar fəlakət” yaşatmaqda ittiham edən ölkələr, beynəlxalq təşkilatlar reallığı qəbul etmək istəmirlər. Onlara elə öz bildikləri, eşitmək istədikləri xəbərlərin tirajlanması sərf edir. Onlar əvvəlki peşələrinə qayıdıblar, ehtiyatlarının bitdiyini hiss etdikcə korrupsiyaya daha çox meyl etməyə başlayıblar. Erməni lobbisindən para qoparmağa, onların maliyyə qaynaqlarından müəyyən fəaliyyət müqabilində yararlanmağa, konkret desək rüşvət almağa başlayıblar. Niyə də olmasın, məgər avropalıların, pulun iyini ən həssas heyvandan belə yaxşı bilən amerikalıların yeməyə ağzı yoxdur.

Bu gün Rusiya hərbçiləri əllərinə düşən fürsətdən maksimum yararlanmağa, qalan ömürlərini səfalət içində keçirməmək üçün ermənilərdən sağmal inək kimi istifadə edirlər. Bu məqamda qərblilərlə rusların hədəf və məqsədləri oxşardır. Qarabağda dislokasiya olunmuş, amma məramından getdikcə uzaqlaşan sülhməramlılar bu ərazilərdəki yeraltı sərvətlərimizin talanmasına ən azında erməni şirkətlərinə yardımlar edirlər. Onların fəaliyyətinə şərait yaradır, belə həssas bölgədə onların təhlükəsizliyinə təminat verir, hətta onlarla şərik rolunda çıxış edirlər. Yataqlardan çıxarılan qiymətli metalların Ermənistana daşınmasında sülhməramlıların əlinin olduğu heç kimə sirr deyil. Etiraz aksiyalarının keçirildiyi 2 ay ərzində yeraltı sərvətlərimizin talanmasına fasilə verildiyini düşünə bilərik. Amma yox, nə qədər ki, bu fakt dəqiq yoxlanılmayıb, bu barədə qəti fikir söyləmək olmaz. Nədir şübhəli məqamlar? Əvvəla son vaxtlar Rusiya sülhməramlılarının yük maşınlarının Xankəndiyə və əks istiqamətə “səfərləri” intensivləşib. Gündə 60-70 yük maşını və əlavə olaraq Qırmızı Xaç Komitəsinin 10-15 nəqliyyat vasitəsinin Laçın yolundan sağa-sola şütüməsi də bunu isbat edir ki, əslində yolun bağlanması iddiası kökündən yanlışdır. Və bu prosesdə qazanclı çıxan da elə sülhməramlılar və Beynəlxalq Qırmızı Xaç Komitəsidir (BQXK).

Qırmızı Xaç Komitəsi, yoxsa sərnişindaşıma şirkəti?

Beynəlxalq Qırmızı Xaç Komitəsi dünya üzrə təxminən 97 milyon nəfər könüllünü, üzvü və işçi heyətini əhatə edən beynəlxalq humanitar hərəkat kimi tanınır. Bu təşkilat əslində insan həyat və sağlamlığını qorumaq, bütün insanlara hörməti təmin etmək, insanların əzab-əziyyətlərini yüngüləşdirmək və ondan qorumaq məqsədi ilə 170 ildən artıqdır ki, yaradılıb. Ermənilərə indiki “isti” münasibətini başa düşmək olardı, “əmma”sı olmasaydı. Əgər BQXK münaqişənin əvvəlindən fəaliyyətini dinindən, irqindən, milliyyətindən asılı olmadan bütün insanlara yardım üzərində qursaydı, bu gün bu təşkilatı tənqid atəşinə tutmazdıq. BQXK-nın Bakıdakı Nümayəndəliyi 1992-ci il 3 mart tarixdən fəaliyyətə başlayıb və iki həftə sonra Ağdam və Bərdə rayonlarında da ofisləri açılıb. Maraqlısı da budur ki, Azərbaycan hökuməti tərəfindən üzvlük haqqı olaraq hər il təxminən 40-60 min manat arası pul ödənilir. Amma Azərbaycanda fəaliyyətə başladığı gündən indiyədək bu beynəlxalq təşkilatın missiyası uğursuz olub.

Ermənistanın işğalı ilə baş-başa qalan azərbaycanlıların ən elementar hüquqları müdafiə edilməyib. Əsirlikdən qurtarılan soydaşlarımızı yalnız öz gücümüz və imkanlarımız hesabına ailələrinə qovuşdurmuşuq. BQXK Azərbaycanda ələ keçirilən erməni diversantlarla, Ermənistan silahlı birləşmələrinin öz ata-baba yurdunda, öz evində əsir, girov götürülən azərbaycanlıları tərəzinin eyni gözünə qoyub. Bəziləri deyə bilər ki, bu təşkilat insanları ayırmır, hamısına eyni gözlə baxır. Olsun, amma faktlar sübut edir ki, bu təşkilatın azərbaycanlılara və ermənilərə yanaşmasında fərqliliklər kifayət qədərdir. Ermənistanın işğalı dövründə, yəni 1989-1994-cü illər ərzində BQXK bu gün Qarabağ ermənilərinə etdiklərinin heç yüzdə birini də etməyib.

Bu gün BQXK-nin bütün avtomobilləri ermənilərin ixtiyarındadır. Daha doğrusu qırmızı xaçlılar fəaliyyət sferasını daha da “genişləndirərək” sərnişindaşıma ilə məşğul olmağa başlayıblar. Sanki marşrut avtobusudurlar, İrəvan-Xankəndi istiqamətində gündə 15-20 maşın erməniləri arzularına çatdırırlar. Əslində BQXK humanitar yardıma ehtiyacı olanlara yerində xidmət göstərə bilərlər. Amma Rusiya sülhməramlılarının görə bilmədikləri, yaxud Ermənistandan gətirə bilmədikləri erməniləri BQXK-nin missionerləri daşıyıb Qarabağa doldururlar. Adını da qoyurlar ki, biz siyasətə qarışmırıq. Bəs demoqrafik problem ermənilərin xeyrinə həll etmək kimi qeyri-qanuni hərəkətə nə ad verək?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə