Niderlandda azərbaycanlı gənclərlə görüş keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə Haaqada azərbaycanlı gənclərlə Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirilib. SİA xəbər verir ki, Azərbaycanın Niderland Krallığındakı səfirliyinin binasında keçirilən görüşü səfir Rəhman Mustafayev açıb. Səfir bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin iz qoyub.

Ulu Öndərin 1997-ci il 2 fevral tarixli Fərmanına əsasən, fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilib. Hazırda ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhunda yetişmələri, xarici ölkələrdə təhsil almaları və sosial problemlərinin həlli istiqamətində addımlar atılması, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin bariz göstəricisidir.

R. Mustafayev bildirib ki, Azərbaycan-Niderland münasibətlərinin inkişafında, ölkəmizin tarixinin, mədəniyyətinin, uğurlarının Niderlanda təbliğində burada təhsil alan tələbə və gənclərin mühüm rolu var.

Görüşdə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və ASAP-ın icraçı direktoru Rafael Hacıbəylinin çıxışları dinlənilib və müzakirələr aparılıb.

Həmçinin görüşdə “Heydər Əliyev İli” çərçivəsində Niderland Krallığında keçiriləcək tədbirlər, təmsilçilik və yeni qurulacaq ASAP nümayəndəliyinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. İnteraktiv formada keçirilən görüşdə gənclərimizin təhsil zamanı qarşılaşdıqları çətinliklər barədə fikirləri dinlənilib və onların sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə