Diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə konsert keçirilib

Azərbaycan musiqiçiləri Qırğızıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi şərəfinə Milli Filarmoniyanın səhnəsində çıxış ediblər. SİA xəbər verir ki, Asanxan Cumaxmatov adına Qırğızıstan Dövlət Akademik Simfonik orkestrinə Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edib. Konsert Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürası ilə açılıb.

Konsertdə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, diplomatik korpusun nümayəndələri, siyasətçilər, iş adamları, Azərbaycan və Qırğızıstanın mədəniyyət xadimləri iştirak ediblər.

Səfir Lətif Qəndilov "Veçerni Bişkek" qəzetinin müxbirinə müsahibəsində deyib: "Biz hamımız hiss etdik ki, hətta melodiyalarımız da çox oxşardır. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından 30 il keçib. Lakin müxtəlif sahələrdə əməkdaşlığın miqyasına və açılan perspektivlərə görə düşünürəm ki, xüsusilə son iki ili onilliklərlə müqayisə etmək olar. Ortaq dil, mədəniyyət, adət-ənənələr daha da yaxşı yaşamağa layiq olan xalqlarımızı bir-birinə bağlayır. Buna görə də onların birliyi çox vacibdir, çünki güc birlikdədir. Biz xalqlarımızın rifahı daim yüksəlsin deyə qüvvələrimizi birləşdirəcəyik”.

Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev də Azərbaycanla Qırğızıstan arasındakı münasibətlərdən bəhs edib. O qeyd edib ki, qısa müddət ərzində münasibətlərimiz əsl dostluq, qardaşlıq xarakteri alıb: "2022-ci il Qırğızıstan-Azərbaycan münasibətlərində dönüş nöqtəsi olub. Prezidentimiz Sadır Japarovun ötən ilin aprelində Azərbaycana səfərinin yekunlarına görə biz həm də strateji tərəfdaş olduq. Altı aydan sonra isə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri reallaşdı. Bu səfərlərin nəticəsində ən yüksək səviyyədə bir sıra mühüm sazişlər imzalandı".

Konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Niyazi, Vasif Adıgözəlovun əsərləri və Muratbəy Beqaliyevin "Bayram uvertürası" səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə