“İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət formaları” - FOTOLAR

YAP Yasamal rayon təşkilatı, “H.Cavid pr.129” (AMEA Mərkəzi Elmi Kitabxana) ünvanı üzrə ərazi partiya təşkilatı və “H.Cavid pr.115” (AMEA Fəlsəfə və Sosiologiya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" Sərəncamından irəli gələn tədbirlər planı çərçivəsində 2 Fevral - Gənclər Gününə həsr olunmuş “İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət istiqamətləri” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, konfransda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, H.Cavid pr.129” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Mərkəzi Elmi Kitabxanasının baş direktoru Məmməd Əliyev, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru İlham Məmmədzadə, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru Eynulla Mədətli, YAP Yasamal rayon təşkilatının məsul əməkdaşları, H.Cavid pr.115” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sənan Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ceyran Hüseynli, AMEA-nın professor-müəllim heyəti və ərazilər üzrə partiyanın üzvləri iştirak edib. Konfransda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

H.Cavid pr.115” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, s.e.ü. fəlsəfə doktoru, dosent Sənan Həsənov və İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ceyran Hüseynlinin moderatorluğu ilə keçirilən konfransı giriş sözü ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru f.e.d., professor İlham Məmmədzadə açaraq gəncləri “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibəti ilə təbrik etdi. Prezident İlham Əliyevin böyük qayıdış siyasətindən, bu siyasətin mərkəzində gənclərin rolundan və gənc alimlərin fəaliyyətindən söz açaraq bildirib ki, tariximizdə bənzəri olmayan bu qürurverici hadisə - parlaq Qələbə nəticəsində yeni çağırışlar və reallıqlar meydana çıxmış, hərb müstəvisində qazanılmış Zəfərin diplomatik arenada və quruculuq meydanında möhkəmləndirilməsi üçün yeni hədəflər müəyyən olunmuşdur. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə məqsədyönlü bərpa-quruculuq işlərinin aparılması və müasir konsepsiyalar əsasında nəhəng infrastrukturun yaradılması xalqımızın daha bir arzusunun yerinə yetirilməsinə – Böyük Qayıdışın yüksək səviyyədə təmin olunmasına geniş imkanlar yaradır.

Bu gün böyük hissəsini gənclər təşkil edən qürurlu və müzəffər xalqın nümayəndələri, qalib və qüdrətli Azərbaycan dövlətinin məğrur vətəndaşları kimi işıqlı gələcəyə aparan yolda birgə addımlayır, işğaldan azad edilmiş ərazilərdə qurub yaratmaqla tarixi Qələbə ovqatında Zəfər yürüşünü davam etdiririk. Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d. Eynulla Mədətli çıxış edərək Heydər Əliyevin həyat yolundan, daima gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını, Azərbaycanda gənclərlə bağlı siyasətin Heydər Əliyevlə bağlı olduğunu və bu uğurlu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inkişaf etdirildiyini, gənclərin hərtərəfli inkişafı üçün mühüm addımlar atıldığını bildirib. Qeyd olunub ki, Dövlət Gənclər Siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq, təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında qeyd edib ki, bu gün dövlət gənclər siyasəti ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident ilham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətləri ilə yeni-yeni uğurlara imza atır. Belə ki, qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilmişdir. Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı və bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Ordumuzun böyük qismini təşkil edən Azərbaycan gəncləri xalqımızın 30 ilə yaxın həsrətində olduğu ən böyük arzunsunu reallaşdırdı. Gənclər ön və arxa cəbhədə fədakarlıqlar göstrərək tarixi və əzəli torpaqlarımızın azad olunmasında öz sözünü dedi.

Çıxış edən H.Cavid pr.129” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Mərkəzi Elmi Kitabxanasının baş direktoru Məmməd Əliyev qeyd edib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra gənclər daim dövlətin diqqət mərkəzində olmuşlar. Gənclər siyasətini tənzimləyən normativ hüquqi baza və onun həyata keçirilməsi üçün cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanı - Gənclər və İdman Nazirliyi yaradılmışdır. Gənclərin problemlərinin həlli üçün müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanmışdır. Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu diqqətin bariz nümunəsi olaraq 2 Fevral Azərbaycan Gəncləri Günü elan edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin ictimai əhəmiyyət daşıyan təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis olunmuşdur. Ən əsas nəticə isə odur ki, bu gün ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti tam olaraq formalaşdırılıb və uğurla həyata keçirilir.

Sonra f.e.d. Füzuli Qurbanov, f.e.d., professor Rəna Mirzəzadə çıxış edərək bildiriblər ki, bu gün Azərbaycan gəncliyi Vətənə sədaqət hissləri ilə tərbiyə edilir, tarix boyu üzləşdiyimiz reallıqlar, 44 günlük Vətən müharibəsində gənc Azərbaycan oğullarının qəhrəmanlıqlarının kökündə vətənə, yurda sədaqət hissləri dayanır. Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Gənc Alimlər Şurasını sədr müavini Humay İsayeva“Vətənpərvərlik ideyası böyükqayıdışa aparan yolun mühüm motivasiyası kimi”, f.ü.f.d., dosent Anar Qafarov“İctimai həmrəylik və milli-mənəvi dəyərlər mövcudluğumuzun qarantı kimi: Ulu öndərin dövlət siyasəti müstəvisində analitik təhlil”, Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, NDU-nun dissertantı Səkinə Əliyeva “Prezident İlham Əliyevin gənclər siyasətində milli-mənəvi dəyərlər”, f.ü.f.d .Zaur Rəşidov “Dünyanın yeni geosiyasi reallıqları fonunda Azərbaycan və Azərbaycan gəncliyi”, f.e.d.Hüseyn İbrahimov “Xankəndi-Laçın yolunda ekoloji aksiyanın mahiyyəti və gənclərin rolu”, Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov “Böyük qayıdış konsepsiyası: gənclərimizin əsas vəzifələri”, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli, Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqro-Kimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Fərid Mustafayev, Akademik M.Nağıyev adına Kataliz və Qeyri- Üzvü Kimya İnstutunun əməkdaşı Vilayət Məmmədov və digər natiqlər çıxış edərək mövzu ilə bağlı öz fikir və düşüncələrini konfrans iştirakçıları ilə bölüşüblər.

Konfransın sonunda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə