CƏNUB QAZ DƏHLİZİ: Dünyaya Açılan Enerji Qapısı TƏHLİL

Bu gün Azərbaycan regionda nəhəng enerji layihələrinin müəllifinə və fəal iştirakçısına çevrilib. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Hər dəfə olduğu kimi, yenə də Azərbaycan ev sahibliyi edir, bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Fevralın 3-də Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Qeyd edək ki, tədbirlərdə Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak edirlər.İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunur. Həmçinin, tədbir “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam edəcək. Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı zamanı Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açdığını, Rumıniya Prezidentinin bugünkü tədbirdə iştirakının enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirdiyini, iki ölkə arasında əlaqələr daha uğurlu olacağını deyərək bildirib ki, çünki Azərbaycan dünyada çox etibarlı nüfuz qazanan tərəfdaşdır. Hər dəfə olduğu kimi, Prezident İlham Əliyevin toplantıda iştirak etməsi tədbirin əhəmiyyətinə bir daha diqqət çəkir. Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib ki, dekabrda enerji təhlükəsizliyi baxımından iki mühüm hadisə oldu: “Azərbaycan və Rumıniya qaz təchizatı haqqında saziş imzaladı. Qaz təchizatı bu yaxınlarda başlayacaq. Beləliklə, Rumıniya Cənub Qaz Dəhlizi ölkələri qrupuna qoşulur”.

Ötən ilin dekabrında, həmçinin Buxarestdə «Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş»in imzalandığını xatırladan dövlətimizin başçısı qeyd edib: «Bu, bizim səylərimizin ümumu sinergiyasıdır. Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq. Bunlar mühüm hadisələr idi. Yanvar ayında isə biz Macarıstanla qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzaladıq. Beləliklə, biz komandamızın üzvlərinin sayını artırırıq”. Prezident İlham Əliyev çıxışı zamanı Rumıniya Prezidentinin bugünkü tədbirdə iştirakının enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirdiyini bir daha göstərir: «Bizim gələcək ümumi addımlarımız iki ölkə arasında əlaqələr nəticəsində atılacaq. Biz strateji tərəfdaşlarıq”, - deyə dövlətimizin başçısı vurğulayıb ki, enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir: «Biz bu gün artıq doqquzuncu dəfədir toplaşırıq. Nəzərdən keçirəcəyimiz məsələlər çoxdur - gördüyümüz işləri müzakirə edəcək və gələcək üçün addımlarımızı planlaşdıracağıq”. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclasından sonra xeyli dəyişikliklərin baş verdiyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Dünya dəyişib, enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir”.

AZƏRBAYCAN PREZİDENTİ: «Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq”

Dövlət başçısı çıxışı zamanı bir daha vurğulayıb ki, enerji təhlükəsizliyi, həmçinin milli təhlükəsizlik məsələsidir. Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. İndi görürük ki, bu, heç vaxt olmadığı qədər vacibdir: “Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında edirik və vaxt itirmədik. Cənub Qaz Dəhlizinin icrasında müəyyən yubanmalar oldu. Lakin bütövlükdə biz çalışdıq ki, onu mümkün qədər tez başa çatdıraq. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq”. Prezident İlham Əliyev enerji təchizatının davamlı şaxələndirilməsinə hazırlaşdıqlarını söyləyib: “Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl istifadəyə verildi. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq”. “Biz, həmçinin alternativ enerji mənbələrindən danışırıq. Bu, əslində bizim enerji təchizatımızın davamlı şaxələndirilməsinin göstəricisidir. Biz buna hazırıq», – deyə Azərbaycan Prezidenti vurğulayıb. “Ötən il vacib bir hadisə oldu və bu, bizim enerji təhlükəsizliyi sahəsində ümumi öhdəliyimizi nümayiş etdirir”,-deyən dövlət başçımız ötən il iyulun 18-də Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə birgə imzaladıqları «Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu»nun əhəmiyyətini xüsusi vurğulayan dövlətimizin başçısı bildirib: «Bu, əslində, bizim gələcək planlarımız üçün açıq yol xəritəsidir. Biz 2027-ci ilədək Avropaya öz qaz ixracımızı iki dəfə artırmağı planlaşdırmışıq. Bu, mümkündür, çünki bizim resurslarımız, qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız var”. Azərbaycan Prezidenti mühüm hadisələrdən olan Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılışı olduğunu deyərək vurğuladı ki, bu, təbii ki, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində yaradılıb və onun genişləndirilməsindən xəbər verir. İnterkonnektorun açılmasının Bolqarıstana təbii qazın tədarükünə başlamağa imkan verdiyini deyən dövlətimizin başçısı bildirib: “Bu, həmçinin interkonnektor vasitəsilə qonşu ölkələrə qaz təchizatının genişləndirilməsini nəzərdən keçirməyə şərait yaradır”.

Prezident İlham Əliyev, həmçinin Azərbaycan qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə Anlaşma Memorandumunun imzalanmasından sonra fəal şəkildə əlavə imkanların yaradılması haqqında düşündüklərini söylədi: “Hazırda biz bu il yeni yataqlardan məhz hasilatı gözləyirik və mövcud “Şahdəniz” yatağında hasilatın artırılması birmənalı olaraq gündəlikdədir. Biz, həmçinin daxildə enerji səmərəliliyi haqqında düşünürük. Biz itkilərin azaldılması proqramı üzərində çalışırıq”. Dövlət başçımız bildirdi ki, bizim təbii qaz ixracımız artır: «İxracımız 2021-ci ildə təxminən 19 milyard, ötən il 22,6 milyard kubmetr olub. Bu il isə 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu göstərir ki, Avropa Komissiyası ilə imzaladığımız Anlaşma Memorandumu uğurla həyata keçirilir»,- deyən dövlət başçımız onu da vurğuladı ki, biz nəinki hasilatı, o cümlədən ixracı artıracağıq və onun coğrafiyasını genişləndiririk: “Əminəm ki, bu gün layihəyə qoşulmuş ölkələr bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin biz digər interkonnektorlarla Avropada daha çox ölkəni layihəyə qoşa biləcəyik”.“Təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı yüz il kifayət edəcək»,-deyən Azərbaycan Prezidenti bildirdi ki, bu gün biz, əlbəttə ki, gələcəyə doğru baxırıq, yaşıl enerji ilə bağlı Məşvərət Şurası yaranıb: «Cəmi dörd ölkə var və heyət kifayət qədər kiçikdir. Lakin onun böyüməsi potensialı var. Nəinki hökumətlər, o cümlədən şirkətlər də belə mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər”.

Azərbaycan Prezidenti İlham Əliyev Məşvərət Şurasının iclasında ilk olaraq konseptual məsələlərin həll edilməsini deyərək bildirdi ki, əsasən, öz fəaliyyətimizi necə quracağıq, hər bir ölkənin öhdəlikləri necə olacaq, özəl şirkətlər buraya necə qoşula bilər kimi məsələlərdir. “Bu, konsorsium -şirkətlərin konsorsiumu olacaq və yaxud hər ölkə öz ərazisində üzərinə düşən işləri icra edəcək»,-deyən dövlət başçımız vurğuladı ki, bu məsələlər barədə razılığın əldə olunması vacibdir: «Burada Azərbaycanın quruda və dənizdə bərpaolunan enerji resurslarından enerjinin alınması, həmin enerjinin Gürcüstanla sərhədə nəql edilməsi, bundan əlavə, Qara dənizin dibi ilə kabelin çəkilməsi məsələsi də durur. Ona görə biz planlarımızı müvafiq qaydada strukturlaşdırmalıyıq və baxmalıyıq ki, kim potensial qaydada investor rolunu oynaya bilər. Əlbəttə, beynəlxalq maliyyə təsisatları ilə də əməkdaşlıq qurmalıyıq”. İclasda maliyyə təsisatlarının təmsil olunduqlarını vurğulayan dövlətimizin başçısı deyib: «Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər maliyyə qurumları bizimlədir. Ümid edirik ki, məhsuldar əməkdaşlığımızı bərpaolunan enerji sahəsində də davam etdirəcəyik”. Prezident İlham Əliyev, həmçinin SOCAR ilə BP arasında uğurlu əməkdaşlığa da toxunub: “Dövlət Neft Şirkəti və BP artıq 30 ildir ki, strateji münasibətlərə malikdirlər. Bu, sonrakı 30 il ərzində də belə olacaq”.

Azərbaycan Prezidenti qarşıdakı illərdə milyardlarla kubmetr təbii qaza qənaət ediləcəyini də söylədi: «Bu gün biz Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birgə iki investisiya layihəsini həyata keçiririk. Bu, günəş və külək enerjisinin istehsalına aiddir. Onların ümumi gücü 470 meqavatdır”.Dövlətimizin başçısı bu sahədə BP şirkəti ilə də layihənin icrasına başlanılacağını vurğulayaraq qeyd edib: “İşğaldan azad edilmiş Cəbrayıl rayonunda 240 meqavatlıq enerji stansiyası yaradacağıq. Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik”.

PREZİDENT İLHAM ƏLİYEV: “Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq”

“Bərpaolunan enerji bizim planlarımızın bir hissəsidir. Üç əsas enerji şirkəti ilə razılaşdıq və anlaşma memorandumu imzaladıq ki, biz 25 qiqavat həcmində bərpaolunan enerji resursları əsasında həm quruda, həm dənizdə külək və günəş enerjisi istehsal edək. Bu, çox böyük potensialdır”. Bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib. Qara dənizin dibi ilə kabelin çəkilməsi barədə işlərin planlaşdırılmasının da önəmini vurğulayan dövlətimizin başçısı bildirib: «Bu da Avropadakı tələbatla əlaqələndirilməlidir. Beləliklə, biz potensial əməkdaşlığımızı Avropa qitəsində görəcəyik. Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq”. Prezident İlham Əliyev iclasda Azərbaycanda yaşıl enerji potensialının çox böyük olduğunu deyərək bildirdi ki, bu, artıq təsdiq olunub. Təkcə Xəzər dənizində külək enerjisi potensialının 157 qiqavat olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. İki il əvvəl Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyimiz ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Biz Naxçıvan Muxtar Respublikasında da böyük potensial müəyyən etmişik. Hazırda biz 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq”.

RUMINİYA PREZİDENTİ KLAUS YOHANNİS: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir”

“2022-ci ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Cənub Qaz Dəhlizinin Avropa İttifaqının şaxələndirmə strategiyasının əsas komponenti kimi rolunun gücləndirilməsinə yol açır”. Bunu Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib. Klaus Yohannisin sözlərinə görə, Rumıniya Avropanın enerji tələbatlarının qarşılanmasında Azərbaycana və Cənub Qaz Dəhlizinə mühüm töhfəsini verdi və bunu etiraf etdi: “Rumıniya Mərkəzi və Cənub Şərqi Avropada yeni bazarlara doğru dəhlizin inkişafına və genişləndirilməsinə yönəlmiş səylərə qoşulmaqda öz davamlı öhdəliyini qeyd edir. Biz artan milli istehlakımızı əhatə etmək üçün Xəzər qazının əlavə həcmlərinin alınmasında çox maraqlıyıq”. Rumıniya Prezidenti çıxışı zamanı bildirdi ki, son illərdə Rumıniya qaz tranzit imkanlarının inkişafına və qonşu ölkələrlə bağlantının yaradılmasına xeyli sərmayələr yatırıb: “İlk olaraq biz tamamilə yeni nəqlolunma infrastrukturunu Rumıniya ərazisində yaratdıq. Həmçinin Bolqarıstan və Macarıstanla müvafiq qaydada interkonnektorların daha da təkmilləşdirilməsini tamamladıq”.

O qeyd edib ki, Rumıniyanın transqaz şirkəti Yunanıstan, Bolqarıstan və Macarıstanda olan qaz nəql sistemi operatorları ilə öz səylərini birləşdirərək şaquli dəhlizin inkişafına çalışdı. Beləliklə, 2022-ci ilin dekabrında dörd şirkətlə imzalanmış Anlaşma Memorandumu Cənubi və Mərkəzi Avropa arasında Rumıniya vasitəsilə qaz axınının iki istiqamətə getməsini təmin edəcəkdir. Rumıniya Prezidentinin sözlərinə görə, bu da öz növbəsində bütöv bir regionun enerji təhlükəsizliyinə töhfə verəcəkdir: «2022-ci ilin yanvar ayında Rumıniyanın nəql məsələsi ilə məşğul olan operator sərmayələri yatıraraq Transbalkan qaz boru kəmərini məhz əks axın istiqamətində istismara verdi. Bu da Azərbaycandan Türkiyə, Bolqarıstan və Rumıniya vasitəsilə qaz həcmlərinin alternativ təchizat marşrutudur və həmçinin digər bazarlara çıxışı da təmin edir”. Həmçinin Rumıniya üçün digər vacib bir layihəni qeyd edən K.Yohannis deyib: “Bu da bizim strateji tərəfdaşlarımıza aiddir, Moldovaya aiddir. Çünki Kişineu paytaxt şəhərinə məhz qazın təchizatına gəldikdə, bizim razılaşmamız 2020-ci ilin oktyabrında oldu. Bu, əslində, Moldovanın illik istehlakını təmin etməyə əlavə imkanlar yaradacaq. Bütün bu davamlı səylər və Rumıniyanın yatırdığı sərmayələr yekun olaraq Cənub Qaz Dəhlizinin yeni bazarlara Cənubi, Şərqi və Mərkəzi Avropada genişləndirilməsinə imkan yaradır. Bu, əslində hər iki tərəf üçün çox uduşlu vəziyyətdir. Azərbaycan öz təbii qazının ixracatını şaxələndirir və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir”. Rumıniya Prezidenti Klaus Yohannis onu da bildirib ki, Rumıniya Avropa İttifaqında fəal şəkildə təbii qazın və nüvə enerjisinin yaşıl enerji sahəsinə daxil olunmasını təşviq edir. Bununla da iqtisadiyyatlar karbondan azad oluna bilər. Bunun sayəsində uzun müddətdə təbii qazın istifadə edilməsi Avropa İttifaqında iqtisadiyyatı gücləndirəcək. Onun sözlərinə görə, hazırda Rumıniya karbohidrogenlərin, hidrogenlərin hasilatında və onların işlənilməsində öz rolunu oynayır. Qara dənizdə bununla bağlı yataqlar var və 2026-2027-ci illərdə əlavə həcmlər olacaqdır. Rumıniya birmənalı olaraq Avropada iqtisadiyyatların daha da güclənməsini təmin edəcəkdir.

Ötən il dekabrın 17-də Prezident Əliyevin Buxarestə səfəri zamanı yaşıl enerjinin nəqli ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Sazişin önəminə toxunan Klaus Yohannis deyib: “Bunun sayəsində Qara dəniz vasitəsilə çəkiləcək elektrik kabeli Avropanın enerji təhlükəsizliyinə daha güclü imkan yaradacaqdır. Bu, həmçinin sizin planlarınızın həyata keçirilməsində, iqtisadi rifahın təmin edilməsində, təhlükəsizlik və iqlim sahəsində müvafiq tədbirlərin görülməsində Avropa üçün və bizim tərəfdaşlığımız üçün yeni imkan açacaq. Bir tərəfdən Avropa İttifaqının üzv dövlətləri arasında enerji əməkdaşlığı, digər tərəfdən isə Azərbaycan, - bunun strateji prioriteti var. Bundan əlavə, əslində bazarın məntiqi fəaliyyəti də tələb olunur. Mən sizi əmin etmək istəyirəm ki, mənim ölkəm regional əməkdaşlığa güclü və davamlı dəstək verəcək. Biz qarşımızda olan ümumi çağırışlara dayanıqlı həll yollarının tapılmasında səylərimizi əsirgəməyəcəyik ki, enerji təhlükəsizliyi daha da güclənsin».

KLAUS YOHANNİS: “Xəzər qazı barədə Prezident Əliyevin verdiyi təminatlar Avropa bazarları üçün sabitliyi təmin edə bildi”

Tədbirdə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson çıxışı zamanı bildirib ki, Aİ, Azərbaycan və tərəfdaş ölkələr enerji təhlükəsizliyinin təmin edilməsində birgə çalışırlar: «Bu gün apardığımız müzakirə enerji bazarlarının qlobal səviyyədə dəyişməsi şəraitində baş tutur. Qlobal artım risk altındadır. Enerji təhlükəsizliyi isə bizi düşündürən birinci məsələdir. Bu səbəbdən bu gün Məşvərət şuralarının toplantıları mühüm fürsət hesab olunur. Bu, göstərir ki, Avropa İttifaqı, Azərbaycan və tərəfdaş ölkələr enerji təhlükəsizliyinin və bazarda sabitliyin təmin edilməsində birgə çalışırlar". Klaus Yohannis 2022-ci ildə görünməmiş enerji çağırışları ilə üzləşdiklərini, qazın çatışmaması və ya münasib əlçatan qaz təşkilatının olmaması, qiymətlərin dəyişkənliyi və bazarda qeyri-sabitliyin baş verdiyini vurğulayıb: "Avropa bazarına Xəzər qazının çatdırılması barədə Azərbaycan adından Prezident Əliyev tərəfindən şəxsən verilmiş təminatlar bazarlar üçün ən çətin anda çoxdan tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin edə bildi".Kadri Simson, həmçinin onu da deyib ki, Avropa İttifaqı və Azərbaycan çox yaxşı əməkdaşlıq edirlər: "Biz uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsaslarını qoyuruq. Bu tərəfdaşlıq bərpaolunan enerjiyə və enerji sistemlərimizin daha sıx bir-birinə bağlı olmasına söykənir"."Avropa İttifaqı və Azərbaycan artıq çox yaxşı əməkdaşlıq edirlər. Enerji sahəsində strateji tərəfdaşlığa dair bizim yeni anlaşma memorandumumuz Cənub Qaz Dəhlizinin rolunu həm Avropa İttifaqı, həm Azərbaycan üçün gücləndirdi və onun genişlənməsinin dəstəklənməsi məqsədilə ümumi qətiyyətimizi nümayiş etdirdi», - deyə Kadri Simson vurğulayıb. O qeyd edib ki, Cənub Qaz Dəhlizi boru kəməri ilə Avropa İttifaqına qaz təchizatı 2021-ci ildə 8,1 milyard kubmetrdən 2022-ci ildə 11,4 milyard kubmetrə çatıb. Bu artım Aİ-nin enerji təhlükəsizliyinə böyük töhfə verib. Kadri Simson, həmçinin Cənub Qaz Dəhlizinin Aİ-yə qaz təchizatının sabit və rəqabətcil mənbələrdən biri kimi qalacağını da deyib: "Transadiratik Boru Kəmərində aparılmış sonuncu mütləq sınağın nəticələri hazırki buraxma qabiliyyətinin iki dəfə artırılmasından xəbər verir. Qaz təchizatı sahəsində Azərbaycan ilə Avropa İttifaqı arasında artan əməkdaşlıq bizim diplomatik fəaliyyətimizin artımı ilə üst-üstə düşür. Həmin qarşılıqlı qətiyyət bu böhranı iqtisadi imkanlara çevirəcək". Aİ komissarı deyib ki, bu tərəfdaşlığın gələcəkdə bizi hansı səviyyədə aparacağını bilməliyik: “Sıxılmış maye qaz təchizatını artırdığımız halda Cənub Qaz Dəhlizi Avropa İttifaqına boru kəməri ilə təchiz edilən qazın az sayda sabit və rəqabətcil mənbələrdən biri kimi qalacaqdır. Bu, həmçinin Azərbaycanla birgə qüvvələrini birləşdirmək üçün Xəzər bölgəsində digər tərəflər üçün potensial qaydada iqtisadi fürsətdir”."Azərbaycan Avropa İttifaqına bərpaolunan enerji ixracatçısına çevrilmək potensialına malikdir»,-deyən Kadri Simson vurğulayıb ki, bərpaolunan enerjiyə marağımız o deməkdir ki, biz qazdan başqa digər enerji mənbələri üzərində etibarlı tərəfdaşlarımızla əməkdaşlığımızı genişləndirmək istəyirik. Yeni Yaşıl Enerji Məşvərət Sırasının fəaliyyətə başlaması həmin yeni istiqamət üzrə bu gün tərəfdaşlar arasında razılığın olmasını aydın şəkildə göstərir.«Azərbaycanda bərpaolunan enerjinin, xüsusən də dənizdə külək enerjisinin istifadə edilməmiş potensialı yaxşı məlum olan faktdır. Buna görə Azərbaycan Avropa İttifaqına bərpaolunan enerji və hidrogenin ixracatçısına çevrilmək potensialına malikdir. Bizim enerji naminə proqramımız bərpaolunan enerji güclərinin qurulmasını və şəbəkəyə qoşulmasını gücləndirmək üçün Azərbaycanı artıq dəstəkləyir. Avropa İttifaqı masa üzərinə öz nouhau texnologiyasını və özəl sərmayələri qoyur», - deyə Aİ komissarı əlavə edib. Bəli, Cənub Qaz Dəhlizi layihəsi – Avropanın yeni enerji damarıdır desək yanılmarıq. Bu real faktordur. Artıq Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə olacaq. Dövlət başçımızın dediyi kimi: «Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq».

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə