Dünya nəyin astanasında? - ANALİTİK

Rusiya-Ukrayna (NATO) bataqlığı, Çinin ətrafında daralan çəmbər, tələdəki İran, Avropa-Türkiyə diplomatik qalmaqalı, Cənubi Qafqaz qeyri-müəyyənliyi və s...

Türkər demiş, dünyanın tansyonu qalxıb, nə etdiyimi bilmir, dövlətlərin yox, ayrı-ayrı siyasətçilərin əlində əsir-yesir qalıb. Baydenin, Putinin, Si Cinpinin və digər dünya liderlərinin iddaları dünyanı sonu görünməyən bir uçurumun kənarına sürükləyib. Əcəba, bunların əllərində olan imkanlar yalnız dağıtmağa, məhv etməyəmi köklənib? Məgər başqa yolla insanlığı xilas etmək olmazmı? Dünyanın yenilənməsi, yeni düzənə gətirilməsi, yeni münasibətlərin yaranması üçün seçilmiş yol budursa, burada ağıldan çox gerizəkalılığın işartılarını görə bilərik. Pandemiya dünyanı dezinfeksiya edə bilmədi, çirklənmiş atmosferin təmizlənməsindən də danışmağa dəyməz. Əlimizdən dünyada baş verənləri oxuculara çatdırmaq, bir az da analiz etmək gəlir. Qalanı dünya güclərinin boynuna...

Ukrayna-Rusiya savaşında F-16 sifarişi

Putin ABŞ və Avropa ölkələrinin Ukraynaya tank göndərməsinə nüvə müharibəsinə eyham vurmaqla cavab verib və bununla da Moskva növbəti hədəfini açıq şəkildə bildirib. Xarici mətbuat isə Putinin ürəkləri sıxacaq “B” planından yazıb. 344 gün əvvəl Ukraynaya hücum əmrini verən Rusiya lideri Vladimir Putin Qərb ölkələrinin cəbhə xəttinə “Leopard” və “Abrams” tanklarını göndərməsinə ilk dəfə münasibət bildirib. Putin Stalinqrad döyüşündəki qələbəsinin 80-ci ildönümü üçün Volqoqrada gedib, 85 metrlik nəhəng “Vətən çağırır” heykəli önünə gül dəstələri qoyduqdan sonra konsertdə çıxış edib. “Agence France-Presse” (AFP) xəbər verir ki, Putin burada İkinci Dünya Müharibəsi ilə Ukrayna münaqişəsi arasında paralellər aparıb və nüvə silahından istifadə edə biləcəyi barədə açıq mesajlar verib.

Ukrayna bataqlığında hələ də çapalayan Rusiyanın tarixi qələbədən istilaya dəstəyi artırmaq üçün istifadə etdiyini qeyd edən AFP Rusiya liderinin öz göstərişi ilə başlayan işğalı faşist Almaniyasına qarşı müharibəyə bənzətdiyini yazıb. “Ruslar bütün yolu getməyə hazırdır” deyən Vladimir Putin Ukraynaya silah yardımı gətirənlərə xitabən bunun nüvə təhlükəsi yaratdığına işarə vurub. "Biz onların sərhədlərinə tanklar göndərmirik, lakin cavab verəcəyimiz bir şey var, bu, təkcə zirehli texnikadan istifadə etmək deyil. Bunu hamı başa düşməlidir. Rusiya ilə müasir müharibə tamamilə fərqli olacaq. İnanılmaz, lakin həqiqətdir. Bir daha biz alman “Leopard” tankları ilə təhdid edilirik" – deyə Putin bildirib.

AFP xatırladır ki, 70 yaşlı Rusiya lideri 2022-ci il fevralın 24-dən bəri dəfələrlə Qərbi nüvə silahı ilə hədələyib. Digər tərəfdən, BBC bildirir ki, Putin heykəlin üzərinə əklil qoyarkən, əsgərlər və məxfi xidmət agentləri istisna olmaqla, ictimaiyyətdən bir nəfər də olsun orada olmayıb və Sankt-Peterburqdakı qəbiristanlıq ziyarəti ilə tam eynidir.

Qərb ölkələri Putinin təhdidlərinə baxmayaraq, Kremlin tündünü kəsəcək yeni addıma işarə edib. ABŞ, Avropa Birliyi və İngiltərə kimi ölkələrdən F-16 döyüş təyyarələrinin Ukraynaya göndərilməyəcəyinə dair siqnallar olsa da, mətbuat Vaşinqtonun “B” planının olduğunu da dünyaya açıqlayıb. Xəbərə görə, prezident Co Bayden F-16 təyyarələrinin Ukraynaya göndərilməyəcəyini bəyan etsə də, Pentaqonun alternativ planı təyyarələrin üçüncü ölkələrə göndərilməsinə icazə verə bilər. Vaşinqtonun hazırda Ukraynanın hücum silahları ilə təchiz edilməsinə diqqət yetirdiyini vurğulayan mənbə yazıb ki, digər tərəfdən ABŞ üçüncü ölkələrin F-16-ları Ukraynaya təhvil verməsini də diqqətdən kənarda qoymur. Polşa, Hollandiya və Fransa kimi ölkələr F-16-ların Rusiyaya qarşı istifadə olunmasını arzulayır. İngiltərənin son açıqlamaları əvvəlkilər qədər kəskin deyil. Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, ötən ilə nəzər saldıqda heç nəyə göz yuma bilməyəcəyimiz ortadadır. Baş nazir Rişi Sunak isə döyüş təyyarəsindən istifadənin aylarla təlim tələb edəcəyini və buna görə də ilk addımı tankları göndərərək atdıqlarını bildirib. İngiltərənin F-16 qırıcıları yoxdur, Tayfun (Typhoon) və F-35 döyüş təyyarələri var.

İşğal başlayandan bəri iki dəfə İsraillə böhran yaşayan Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı verdiyi açıqlama ilə bu dəfə Balkanları silkələyib. Rusiya mətbuatına açıqlama verən Lavrov Ukraynanın cənub qonşusu Moldovanın Kiyevdən sonra müharibə ocağına çevriləcəyini bildirib. Moldova lideri Sandunun Rusiyaya qarşı açıq düşmənçilik siyasəti yürütdüyünü deyən Lavrov Kişinyov administrasiyasının NATO-ya üzv olmaq istəyini “düşmənçilik” nümunəsi kimi təqdim edib. Sandunun Qərbin istədiyi hər şeyi etməyə hazır olduğunu da əsaslandıran Sergey Lavrovun sözlərinə görə, Rumıniya vətəndaşlığı olan qadın liderin arzusu Moldovanı Rumıniyaya birləşdirməkdir.

Kişinyovun da Rusiya xarici işlər nazirinə cavabı çox da gecikməyib, Moldova Xarici İşlər Nazirliyi Lavrovun sözlərini təhdid kimi qiymətləndirib və onu pisləyib. Sergey Lavrovun Moldovanı “növbəti Ukrayna” olaraq xarakterizə etdiyini deyən Kişinyov xalqın NATO-ya üzvlük kimi qərarları dəstəklədiyini qeyd edib. Qeyd edək ki, Moldovada Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqəli Rusiyanın hərbi simvolu, Müqəddəs Georgi lenti və Z işarəsi ictimai yerlərdə qadağandır. Moldova lideri Sandu Avropa İttifaqının güclü müdafiəçisidir, lakin onun sələfi İqor Dodon rusiyayönlü idi.

Hazırda Avropanın ən kasıb ölkələrindən biri olan Moldova 1991-ci ildə Sovet İttifaqının dağılması ilə müstəqilliyini elan edib. Ukrayna ilə 940 kilometr quru sərhədi olan Moldova xüsusilə Rusiyanın dəstəklədiyi separatçı Dnestryanı bölgə səbəbindən müharibənin öz ərazisinə sıçrayacağından narahatdır. 2022-ci ilin aprelində Dnestryanıda baş verən müəmmalı partlayışlar dünyanın gözlərini Dnestr çayı ilə Ukrayna sərhədi arasındakı separatçı bölgəyə çevirməsinə səbəb oldu. Bu hadisə Ukrayna partlayışları arxasında rusların olduğu "yalançı bayraq" əməliyyatı kimi qiymətləndirildi. Üstəlik, rus generalı Rüstəm Minnekayev müəmmalı partlayışlardan bir neçə gün əvvəl demişdi ki, Ukraynanın cənubuna nəzarəti ələ keçirmək Dnestryanıda məzlum rusdilli əhali üçün çıxış yoludur. Moskvanın dəstəklədiyi separatçı bölgə 1990-cı ildə Moldovadan ayrıldığını, müstəqilliyini elan etsə də, beynəlxalq səhnədə rəsmən tanınmayıb. Moldova ilə Dnestryanı arasında 700-ə yaxın insanın həlak olduğu qısamüddətli müharibədən sonra 1992-ci ildə atəşkəs imzalanıb. Rusiya qoşunları Ukraynanın əsas liman şəhəri Odessadan bir qədər qərbdə, Dnestryanı bölgəyə yerləşdirilib. Bu gün separatçı zonada 1500-ə yaxın rus əsgəri var.

Nə NATO, nə də Avropa Birliyinin üzvü olan Moldovanın ən yaxın müttəfiqi qərb qonşusu Rumıniyadır. Bir çox moldovalı Rumıniya pasportuna malikdir və Aİ ölkələrində işləyir. Ukraynadakı müharibənin Dnestryanıya qədər yayılması təhlükəli domino effekti yaratmaq potensialına malikdir. Rusiyanın Dnestryanıya və deməli, Moldovaya qarşı birbaşa hərəkəti böyük nəticələrə səbəb ola bilər. Rusiya Moldova ərazisində olan Dnestryanıya rəsmən hücum edərsə və ya bu bölgədən Ukraynanın cənubuna hücum edərsə, NATO üzvü Rumıniya da iştirak edə bilər. Odur ki, Rusiyanın NATO ölkəsi ilə qarşıdurma ehtimalının ortaya çıxması gündəmdən düşməyən “Üçüncü Dünya Müharibəsi”ni alovlandıra bilər.

Çin "mühasirəyə alınıb"

Cənubi Çin dənizində sular istiləşir. ABŞ-ın Filippinlə imzaladığı hərbi baza müqaviləsi sayəsində Çin ətrafında formalaşan təhlükəsizlik dairəsi tamamlanıb. ABŞ və Çin arasındakı güc savaşında ABŞ-ın xeyrinə mühüm bir inkişaf baş verib. ABŞ Filippinlə 4 yeni hərbi bazaya giriş üçün razılığa gəlib. İki ölkənin müdafiə nazirlərinin dünən verdiyi açıqlamalara görə, 2014-cü ildə imzalanan Genişləndirilmiş Müdafiə Əməkdaşlıq Sazişi (EDCA) çərçivəsində Vaşinqtona daha 4 bazaya giriş icazəsi veriləcək. Razılaşma 30 ildə ilk dəfə çoxlu sayda Amerika əsgərinin Filippinə qayıtmasını qeyd edəcək.

Prezident Co Baydenin “ABŞ-ın Filippinin müdafiəsini dəstəkləmək öhdəliyinin qaya kimi möhkəm olduğunu” vurğuladığını xatırladan Amerika Müdafiə Naziri Lloyd Ostin, “Bizim ittifaqımız həmçinin hər bir ölkənin demokratiyasına inam verir və azad bir Hind-Sakit okeanın qorunmasına töhfə verir" deyib. ABŞ-ın Filippinlə razılaşması regiona hökmranlıq mübarizəsi üçün çox mühüm bir inkişaf kimi qiymətləndirilir. Çünki Filippinin də iştirakı ilə ABŞ-ın Cənubi Çin dənizi ətrafında yaratmağa çalışdığı müdafiə qalxanı tamamlanıb. Cənubda Avstraliya, şərqdə Yaponiya və Cənubi Koreyanın ittifaqlarından ibarət olan bu təhlükəsizlik halqası Filippinin iştirakı ilə tamamlandı.

Çin ilk dəfə 1947-ci ildə dərc etdiyi xəritə ilə Cənubi Çin dənizinin 80 faizinə iddia etdiyi halda, yeraltı sərvətlərlə zəngin bölgədə Vyetnam, Bruney və Malayziya başda olmaqla qonşu ölkələrlə, xüsusilə Filippinlə suverenlik müzakirələri aparır. Peyk görüntüləri göstərir ki, Çin son illərdə bölgədəki adaları süni şəkildə genişləndirib, limanlar, hərbi qurğular və aerodromlar tikib.

NATO-nun baş katibi Yens Stoltenberq Şərqi Asiya səfəri çərçivəsində Tokioya səfər etdikdən sonra diqqətçəkən açıqlamalar verib. Stoltenberq regiondakı gərginliyə toxunaraq, "Çin Ukrayna münaqişəsinin nəticələrini diqqətlə izləyir və gələcək qərarlarına təsir edə biləcək dərslər götürüb" deyib. "Rusiya müharibədə qalib gələrsə, Moskva və Pekinin verəcəyi mesaj, kobud güclə istədiklərinə nail ola biləcəkləridir" deyən Stoltenberq bildirib ki, bu gün Avropada baş verənlər, sabah Şərqi Asiyada da baş verə bilər. “Çin bunu yaxından izləyir və gələcək qərarlarına təsir edə biləcək dərslər öyrənir” deyə baş katib şərh edib.

Və Çin hücuma keçir

Bu arada Çinin müşahidə balonu ABŞ-ın yeraltı bunkerlərdə həssas hava bazaları və nüvə raketlərinin yerləşdiyi şimal-qərb rayonları üzərindən uçub. Məlum olub ki, prezident Baydenin tələbi ilə Pentaqon hava şarının vurulmasını müzakirə edib, lakin dağıntılar yerdəki bir çox insana təhlükə törədə biləcəyi ehtimalı səbəbindən bundan imtina edib.

ABŞ Müdafiə Nazirliyi son bir neçə gün ərzində ölkə üzərində yüksəkdə uçan şübhəli “Çin müşahidə şarını” izlədiklərini və mühüm hərbi obyektlər ətrafında casusluq etdiklərini açıqlayıb. Yüksək rütbəli müdafiə rəsmisi jurnalistlərə bildirib ki, prezident Co Baydenin tələbi ilə müdafiə naziri Lloyd Ostin və yüksək rütbəli hərbi məmurlar şarın endirilməsini nəzərdən keçiriblər, lakin onun dağıntıları yerdəki çoxlu sayda insanı təhlükə altına atacağı səbəbindən imtina ediblər. Pentaqon rəsmisi qeyd edib ki, hava şarı ABŞ-ın şimal-qərbində uçur, burada yeraltı bunkerlərdə həssas hava bazaları və nüvə raketləri var. "Aydındır ki, hava şarı müşahidə məqsədləri üçün nəzərdə tutulub və hazırkı uçuş marşrutu onu bir sıra həssas ərazilərə aparır", - deyə anonimlik şərti ilə rəsmi bildirib.

Pentaqon hava şarının Çinə məxsus olduğuna əmin olduğunu bildirib. Lakin Pentaqon hava şarını əhəmiyyətli kəşfiyyat təhlükəsi hesab etmir: "Biz hesab edirik ki, bu qabarcıq kəşfiyyat məlumatlarının toplanması baxımından məhdud imkanlara sahibdir". Çin Xarici İşlər Nazirliyi isə verdiyi açıqlamada faktların təsdiq olunmasını istəyib və fərziyyələrin məsələnin həllinə kömək etməyəcəyini bildirib. Bəyanatda Pekin və Vaşinqtonun məsələ ilə sakit və ölçülüb-biçilmiş şəkildə müzakirələrin aparılacağına ümid edildiyi vurğulanıb.
Pentaqon rəsmisi hava şarının 'bir neçə gün əvvəl' ABŞ hava məkanına daxil olduğunu kəşfiyyatın bundan çox əvvəl şarı izlədiyini bildirib. Baydenin tədbir görülməsi əmrindən sonra çərşənbə günü Filippində olan nazir Ostin Pentaqonun yüksək səviyyəli rəsmiləri ilə görüşüb. Müzakirələrin getdiyi bir vaxtda Montana üzərində olan şar barəsində məlumatlar əldə etmək üçün döyüş təyyarələri havaya qaldırılıb. Pentaqonun sözçüsü Pat Rayder hava şarının hələ də ABŞ hava məkanında izləndiyini təsdiqləyib. Rayder açıqlamasında bildirib ki, şar hazırda sərnişin təyyarələrinin uçma həddindən xeyli yüksəklikdə hərəkət edir. O, yerdəki insanlar üçün heç bir hərbi və ya fiziki təhlükə yaratmır. Cümə axşamı Pentaqonda keçirilən brifinq zamanı rəsmilər hava şarının hazırkı yerini açıqlamaqdan imtina ediblər. Həmçinin ölçüləri də daxil olmaqla obyekt haqqında əlavə məlumat verilməyib.

MKİ-nin direktoru Uilyam Börns Vaşinqtondakı Corctaun Universitetində keçirilən tədbirdə Çini hazırda ABŞ-ın üzləşdiyi “ən böyük geosiyasi problem” kimi təqdim edib. Dünyanın ən böyük iki iqtisadiyyatı olan Çin və ABŞ arasındakı münasibətlər son vaxtlar Tayvan, Çinin insan haqları ilə bağlı vəziyyəti və Cənubi Çin dənizindəki hərbi fəaliyyətləri səbəbindən gərginləşib. ABŞ dövlət katibi Antoni Blinkenin bazar günü Çinə iki günlük rəsmi səfəri planlaşdırılır. Bu, Bayden administrasiyasından bir nazirin ölkəyə ilk səfəri olacaq.

6 ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı

İstanbuldakı konsulluqlarını bağlayan altısı da daxil olmaqla, 9 ölkənin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə mənbələrə istinadən TRT Haber telekanalı məlumat yayıb. Daha üç səfir haqqında məlumat verilmir. Böyük Britaniya, Fransa, Hollandiya, İsveçrə, Almaniya və İsveç terror təhdidləri səbəbindən Türkiyədəki konsulluqlarını bağlayıb. Telekanalın məlumatına görə, görüş zamanı Xarici İşlər Nazirliyinin sözügedən ölkələrin hərəkətlərinə Türkiyənin reaksiyasını açıqlayacağı gözlənilir.

Yanvarın 30-da ABŞ səfirliyi öz vətəndaşlarına İstanbulda terror aktları təhlükəsi barədə xəbərdarlıq edib. Diplomatik nümayəndəlik terrorçuların, o cümlədən kilsə və sinaqoqlara hücum edə biləcəyindən narahatlığını bildirib. Xüsusilə Beyoğlu, Qalata, Taksim və İstiqlal küçəsinin şəhər ərazilərindən danışdılar. Eyni zamanda, səfirlik Türkiyə rəsmilərinin bu problemlə məşğul olduğuna inandırıb. Bunun ardınca bir neçə ölkə təhlükəsizlik baxımından İstanbuldakı səfirliklərini bağladığını bildirib. Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu isə buna cavab olaraq bildirib ki, Qərb ölkələri terror təhlükəsi ilə bağlı sübutlar təqdim etmədən Türkiyəyə qarşı “psixoloji müharibə” başladıb.

Türkiyəni daxildən çaxnaşmaya sürükləyənlər də ortadadır. Erməni əsilli deputat Karo Paylan milli azlıqların liderlərinə qarşı terror hücumu təhlükəsi ilə bağlı Türkiyə Daxili İşlər Nazirliyinə sorğu göndərib. Türkiyə Parlamentinin kürd yönümlü Xalqların Demokratik Partiyasından olan deputatı K.Paylan milli azlıqların və dini strukturların liderlərinə qarşı terror aktları təhlükəsinin olması ilə bağlı ölkənin daxili işlər naziri Süleyman Soyluya sorğu göndərib. Beləliklə, Avropa ölkələrinin səfirləri ilə, Türkiyənin içində olan düşmənlərinin birgə hərəkətini başqa faktlarla sübut etməyə də lüzum yoxdur. Paylan “məlumatların reallığa uyğun olduğunu, mümkün terror hücumlarının qarşısının alınması üçün hansı tədbirlərin görüldüyünü və bu kontekstdə milli azlıqların nümayəndələrinin qorxularının necə dağıdılacağını” öyrənmək istəyib. Qeyd edək ki, ABŞ səfirliyi Avropada Quranın yandırılması hadisələrindən sonra İstanbulun mərkəzində terror aktları təhlükəsi barədə xəbərdarlıq edib.

İranı gözləyən təhlükə…

İran dünya güclərinin əzmək istədiyi bir rejimdir, amma molla rejimi də kamikadze rolunu oynamağa həvəsli görünür. Daxili çaxnaşmanın səbəbi bəllidir, sosial problemlər, rejimin yaratdığı üsul-idarədən xalqın usanması, milli məsələlər. Digər bir mühüm məsələ də İranın nüvə silahı əldə etmək istəyidir ki, buna da beynəlxalq güclər qarşılıq verirlər.

ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə telekanalına müsahibəsində deyib ki, hazırda Vaşinqtonun diqqəti İranla bağlı digər məsələlərə yönəlib. Beynəlxalq ictimaiyyətin İranın nüvə proqramı ilə bağlı narahatlığını aradan qaldırmağın ən təsirli yolu diplomatiyadır. Eyni zamanda o vurğulayıb ki, prezident Bayden ABŞ-ın İranın nüvə silahına sahib olmasının qarşısını almaqda qərarlı olduğunu və bunun baş verməməsi üçün bütün variantlar danışıqlar masasında qaldığını açıq şəkildə ifadə edib. Bunun hərbi variant olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala dövlət katibi belə cavab verib: “Hər şey masanın üstündədir”. Bu mövzu bu həftə cənab Blinken tərəfindən Qüdsdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə müzakirə edilib. İsraillilər həmişə “Birgə Hərəkət Planı”na qarşı çıxıblar və İrana təzyiqin artırılması üçün lobbiçilik etmək niyyətini gizlətməyiblər. Buna təkcə amerikalıları deyil, Avropalı müttəfiqlərini də inandırmağa çalışırlar. Netanyahu Parisdə Fransa prezidenti Emmanuel Makron ilə İran məsələsini şəxsən müzakirə edib.

Moskva İran ətrafında gərginlikdən də narahatdır və Qərbin “Birgə Hərəkət Planı”-ndan imtina kursunu səhv hesab edir. Bu fikri bu həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, həmçinin cənab Blinkenin “hərbi variant”la bağlı sözlərinə kəskin reaksiya verib. “Qərbin hərəkətləri yalnız bir şeyi ifadə edir: onlar BMT-nin ali orqanının qərarlarını yerinə yetirmək əvəzinə, Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd yanaşmağa və aqressiv hərəkətlərə, o cümlədən hərbi güc tətbiq etməyə üstünlük verirlər” deyib.

Beləliklə, dünya gücləri planetimizdə müharibə ab-havasını artırmaqla məşğuldurlar. Nəticənin nə olacağını demək bir o qədər də çətin deyil. III Dünya Müharibəsimi?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə