Yasamal rayonunda “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibəti ilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon “S.Əsgərova küç.85” (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatında “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, “S.Əsgərova küç.85” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Anar Əliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva və ərazi üzrə partiyanın üzvləri iştirak edib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin gənclərə qayğısından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, YAP Yasamal rayon “S.Əsgərova 85” (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Anar Əliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və gücləndirilməsi, ölkəmizin hərtərəfli inkişafı naminə misilsiz tarixi xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Xalqımız dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin işıqlı xatirəsini daim uca tutaraq minnətdarlıqla anır və Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan onun müdrik və uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda inamla irəliləyir, tarixi nailiyyətlərə, qələbələrə imza atır. Tədbirdə Ulu Öndərimizin daim gənclərə xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb, onun ölkəmizdə sosial inkişaf strategiyasının müəllifi olduğu diqqətə çatdırılıb. Sosial sahədə əldə olunan uğurlar, son beş ildə aparılan ardıcıl sosial islahatların nailiyyətləri qeyd edilib. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafı proseslərində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs olunub. Bildirilib ki, Nazirlik sistemi üzrə son 5 ildə daha 1000-dək əməkdaşın müraciətləri əsasında Yeni Azərbaycan Partiyasına üzv olub və Partiyanın üzvü olan Nazirlik əməkdaşlarının sayı artıq 4200-ə qədərdir. Nazirliyin struktur və regional bölmələri üzrə Yeni Azərbaycan Partiyasının ərazi partiya təşkilatlarının sayı isə 93-ə çatıb.

Tədbirin sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 nəfər gənc əməkdaşının müraciətləri əsasında Yeni Azərbaycan Partiyası (YAP) sıralarına qəbul olunaraq onlara üzvlük vəsiqələri təqdim edilib.

Partiyaya üzv olan gənclər Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası (YAP) sıralarında olmaqdan qürur hissi keçirdiklərini qeyd edib, YAP ideyalarını öz fəaliyyətlərində həmişə yüksək tutacaqlarını vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə